2 yaşlı uşaq və erməni əsgəri

Bir müddət öncə Nabranda 2 yaşlı Imran Cəfərzadənin faciəli şəkildə ayaqlarını itirməsi mətbuatın gündəmini zəbt etmişdi. Sonradan məlum oldu ki, Imran Cəfərzadənin müalicəsi Ilham Əliyevin birbaşa nəzarətindədir. Ancaq hakimiyyət mətbuatında və telekanlallarda bu hadisə faciə kimi deyil, Ilham Əliyevin təbliğatı kimi təqdim olunmağa başladı. Hər gün xəbərlərdə eşidirik ki, Ilham Əliyevin sayəsində Almaniyada Imran Cəfərzadənin uğurlu əməliyyatı keçirilib, səhhətində normallaşma var və s. Üstəlik, uşağın valideyinlərinin prezidentə təşəkkür etməsi də telekanallarda görüntülənir. 

Bir insanın faciəli taleyindən, siyasi təbliğat kimi istifadə etmək, hər dəfə bu müalicənin səbəbkarlarını ön plana çəkmək, etiraf edək ki, ikrah hissi doğurur.

Axı hansı uğurdan danışılır?

Imran Cəfərzadə 2 ayağını itirib, ömrünün ilk çağlarından əlillik həyatı yaşamağa məhkum olub. 

Bu hakimiyyətin uğuru yox, uğursuzluğudur. 

Əvvəla ona görə ki, bu ölkədə səhiyyə sıfıra bərabərdir və xalq Azərbaycan səhiyyəsinə etibar etmir. Başı, dişi ağrıyan Irana, Almaniyaya qaçır. 

Ikincisi, istirahət mərkəzlərində təhlükəsizlik qaydalarına əməl olunmaması da sistemin səriştəsiz, məsuliyyətsiz idarəetməsinin nəticəsidir.

Niyə bu müalicəni bizə minnət kimi sırayırsınız? Dövlətin borcu vətəndaşına sahib çıxmaq deyilmi?

Başqa bir nümunəyə nəzər salaq.

3 gündür ölkə telekanalları erməni əsgərinin vətənimizə pənah gətirməsindən xəbər verir. Erməni əsgərini ekran qarşısına keçirib, Ermənistan hakimiyyətinin əleyhinə danışdırırlar. Guya Ermənistan hərbisində rüşvətin olması, əsgərlərin incidilməsi, əhalinin yoxsul vəziyyətdə yaşaması bizim üçün şok xəbərdi.

Guya, Azərbaycan ordusunda analoji hadisələr baş vermir. 

Axı, bu əsgəri danışdırmaqla bizə nəyi sübut etmək istəyirsiniz?

Erməni əsgərin Azərbaycana keçməsi, torpaqların qayıtmasına, ölən əsgərlərimizin dirilməsinə xidmət edəcəkmi?

Niyə erməni əsgərinin ölkəsindən qaçmasını, Azərbaycan hakimiyyətinin uğuru hesab edirsiniz?

Hakimiyyət bütün geridə qalımış ölkələrlə Azərbaycanı müqayisə etməklə, xalqa təsəlli vermək istəyir.

Azərbaycanın neftsiz büdcəsi Ermənistan büdcəsindən bir az çoxdur, Gürcüstanın büdcəsindən isə 15 faiz azdır.

Bizə, gecə-gündüz yazıq, acından ölən kimi göstərdiyiniz erməni əsgərləri, hər gün sərhədboyu ərazilərimizi gülləbaran edir, sərhəd bölgəsində yaşayan insanlarımızı ölümlə hədələyir, əsgərimizi qətlə yetirir. Acından ölən ölkənin ordusu bizi müharibə ilə hədləyir.

Bizim ordumuza isə, “Lazım” hələ də təşrif buyurmur.

Bir erməni əsgərinin Azərbaycana keçməsini, Azərbaycandakı xoşbəxt həyatla izah etmək ayıbdır.

Mən hakimiyyət başbilənlərinə sual edirəm. Niyə Azərbaycanda əksər gənclər ordudan yayınmaq istəyir, valideyinlər pul ödəyərək övladlarını nisbətən normal bölgəyə salmaq istəyirlər, niyə əsgərlik artıq kişilik məktəbi sayılmır?

Sizin məntiqinizlə Azərbaycanda atəşkəs dövründə həlak olmuş minlərlə əsgəri, hələ də geri qaytarılmayan Qarabağı Sarkisyanın uğurlu siyasəti hesab etmək olar.

Ermənistan hakimiyyəti ən azı 20 faiz torpağımızı işğal etməklə erməni xalqının qarşısında xidmətin göstərib. 

Deməli, 1 faiz torpağı işğaldan azad edə bilməyən hakimiyyətimiz səsini çıxarmamalı, eyibinə kor olmalıdır.

Mən Imran Cəfərzadə və erməni əsgəri faktlarını misal gətirməklə onu demək istəyirəm ki, hakimiyyət özünüifşa edən dəlillərlə, bizim qarşımızda təbliğatın aparır.

Bizi o qədər düşüncəsiz, qanmaz hesab edirlər ki, qarşımıza qoyduqları bütün “yemək”ləri yeyəcəyimizdən əmindilər.

Gəlin bu hakimiyyəti yanıldaq və hakimiyyətin layiq olduğu təbliğatı aparaq.