“Abbas ağlar arsız-arsız…”

Azərbaycan aşıq şeirinin görkəmli nümayəndələri arasında Aşıq Abbas Tufarqanlı xüsusi yer tutur. Şeirlərində “Qul”, “Şikəstə”, “Bikəs” təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları-XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır. 

Abbas Tufarqanlının adıyla bağlı olan “Abbas-Gülgəz” dastanı da Azərbaycan folklorunun qiymətli nümunələrindəndir. 

Abbas Həsən oğlu XVII əsrin başlanğıcında (təxminən 1600-1605-ci illərdə) Təbriz yaxınlığında Tufarqan kəndində doğulmuşdur. Təbriz yaxınlığında yaşayan Abbas mükəmməl təhsil almışdır. Şeirlərindən də aydın görünür ki, Abbas ana dili ilə yanaşı, fars və ərəb dillərini də öyrənmiş, bu dillər vasitəsilə həm zəngin bilik əldə etmiş, həm də müxtəlif təriqətlərə bələd olmuşdur.

Həmin dövrdə Təbrizdə və onun ətrafındakı kəndlərdə aşıq sənəti geniş yayılmışdı və zəngin saz-söz məclislərində yetişən Abbas özü də aşıqlıq sənətinin sirlərini öyrənmişdir. Tufarqanlı Abbasın əsərləri və bioqrafiyası öz dövründə yazıya alınmasa da, bir sıra cünglərdə və əlyazmalarda mühafizə olunmuş lirik şeirlərindən, haqqında yazılmış çoxvariantlı dastanlardan onun həyatı barədə müəyyən məlumat almaq mümkündür.

Aşıq Abbas bir sənətkar kimi öz dövründə geniş şöhrət qazanmışdır. Onun poeziyası olduqca zəngindir. O, öz şeirlərində dövrünün hadisələrini məharətlə canlandırır. Abbas Tufarqanlı məşhur “Bəyənməz” şeirində, ümumiyyətlə, cəmiyyətdəki parçalanmanı fəlsəfi baxımdan mənalandırmağa çalışmışdır.

 

Ay həzarət, bir zamana gəlibdir,

Ala qarğa şux tərlanı bəyənməz.

Oğullar atanı, qızlar ananı,

Gəlinlər də qaynananı bəyənməz.

 

Abbas Tufarqanlının bizə gəlib çatan şeirlərinin əksəriyyətinin əsas qəhrəmanı onun sevgilisi Gülgəz Pəridir. Aşıq yaratdığı portretdə Pərinin qamətini, libasını, hətta yaxasına düzülən düymələri belə dəqiqliklə və çox məharətlə təsvir etmişdir:

 

Dal gərdəndə tökülübdür hörmələr,

Mina kəmər incə beli bürmələr,

Atlas qofta üstə qızıl düymələr,

Düzülübdür yaxasına Pərimin.

 

Abbas Tufarqanlının gəraylıları da xalq hikmətləri ilə zəngin olmaqla yanaşı, öz axıcılığı ilə də diqqəti cəlb edir. 

 

Abbas ağlar arsız-arsız,

Dünya olub etibarsız,

Deyirdin dözərəm yarsız,

Döz, bağrı daş olan könlüm.

“Abbas və Gülgəz” dastanı  

Tənqidçi, ədəbiyyatşünas Qara Namazov “Ozan aşıq sənətinin tarixi” kitabında yazır: “Abbasın şeirləri XIX əsr erməni qaynaqlarında (1850) saxlanmış, ”Abbas və Gülgəz” dastanını isə M.Mahmudbəyov “Kaspi”(1893, N19) qəzetində nəşr etdirmişdir. Abbasın 80-ə qədər şeirini cəfakeş folklorçu H.Əlizadə toplayıb ikicildlik “Aşıqlar” kitabının ikinci cildinə daxil etmişdir. Nəhayət, XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tədqiqatçısı professor A.Dadaşzadə “Abbas Tufarqanlı” adlı kitabında el şairinin 72 şeirini vermiş və kitaba aşığın həyat və yaradıcılığından bəhs edən yığcam və məzmunlu “Ön söz” yazmışdır”.

Aşıq Abbas Tufarqanlının adı ilə bağlı olan “Abbas və Gülgəz” dastanı çoxvariantlı dastanlarımızdan biri olub,  yeddi variantda yazıya alınmışdır. 

Qara Namazovun adıçəkilən kitabında “Abbas və Gülgəz”  dastanı barədə oxuyuruq: “Xatırladaq ki, XVII əsrdə yaranan dastanlarımızın bəzilərində elin gözəl qızlarının saraylara aparılması və buna qarşı el şairlərinin müxtəlif səpkili lirik və epik şeirlər söyləməsi xalq ədəbiyyatında başlıca motivə çevrilmişdir. Bu silsilə ədəbi abidələr içərisində ”Abbas-Gülgəz” dastanı xüsusi yer tutur. Belə ki, Təbriz yaxınlığında Tufarqan kəndindən olan Aşıq Abbasa qonşu obadan Gülgəz Pərini şahi-mərdan buta verir. Abbas butasının ardınca Təbrizə gəlir, məlum olur ki, Şah Abbasın naibləri Pərini saraya aparıblar. Abbas Gülgəz Pərinin arxasınca Isfahana yola düşür… Yolda və Şah Abbasın sarayında aşığın başına gələn hadisələr və bu münasibətlə söylədiyi şeirlər dastanın əsas məzmununu təşkil edir”.

Dastanda Təbriz şəhərinin zəngin mənzərələri, tarixi yerləri, bir sözlə, bütün gözəllikləri ustalıqla  təsvir olunmuşdur: 

 

Şikəstə könlümün təbibi usta,

Bu Təbrizin sonaları necədi?

Tikilibdi çarşıları yanaşı,

Sarayları, binaları necədi?

 

Batmanqılınc Məmmədin Aşıq Abbasa razılıq verməsi, Abbasın Pəri ilə Təbriz bağlarında keçirdiyi xoş günlər uzun sürmür. Sarı Xoca, Dəli Becan və Allahverdi xan Gülgəz Pərini Isfahana aparırlar. El şairi eli-obanı haraya çağırır:

 

Başına döndüyüm, qurban olduğum,

Qoyma Dəli Becan yarım apardı.

Alışıb oduna büryan olduğum,

Qoyma, Dəli Becan yarım apardı.

 

Şah Abbasın “böyük sürgün” siyasəti, qızların saraya aparılması məsələsi də “Abbas-Gülgəz” dastanının əsas motivinə çevrilmişdir. 

“Gəl könlümü al, ölürəm…”

Əksər dastan qəhrəmanları kimi Abbasın da başına bir çox müsibətlər gəlir. Aşıq Pərinin arxasınca gedərkən yolda Aşıq Abbasın buyruq qulları (Sarı Xoca, Dəli Becan, Allahverdixan) tərəfindən daş-qalaq edilib su quyusuna salınır. Aşığı iki dəfə quyudan ona buta verən “şahi-mərdan”, Düldülün sahibi Qəmbər ağası” çıxarıb quyunun kənarına qoyur. 

 

Mən Abbasam, yara qurban yar üçün,

Doğra bağrım, kəs ciyərim, yar üçün,

Yar odur ki, bu dünyada yar üçün,

Yaxa yırta, zülf dağıda, yara üz.

 

Dastandan da göründüyü kimi Abbas Tufarqanlı dövrünün açıqgözlü insanlarından olub və üç dildə – ərəbcə, farsca, türkcə söz demək qüdrətinə malik olmuşdur. 

Zəhərli quyuya salınsa da, bütün bəlalardan sağ-salamat çıxan Abbası yeni bəlalar gözləyir. Onu dar ağacından asmağa aparırlar. Abbas ayrılıq vədəsinin çatdığını güman edir.

 

Abbas deyər: gül fəslidi,

Bundan artıq dərd hansıdı?

Ayrılığın vədəsidir,

Gəl könlümü al, ölürəm.   

“Abbas və Gülgəz” dastanının sonu xoşbəxtliklə bitir. Abbasın başına bir çox müsibətlər gəlsə də, sonda Şah Abbas aşıq Abbasın haqq aşığı olduğuna əmin olub sevgililərə xeyir-dua verir. Abbas da şaha “mərhəmətin artıq olsun, Pərini mənə buta verən həmişə köməyimizdədir” – deyir.

Aşıq Abbas Tufarqanlının sənətkarlıq qüdrəti, şairlik məharəti, üslub xüsusiyyəti, obraz yaratmaq qabiliyyəti, təbinin rəvanlığı, dilinin səlisliyi və gözəlliyi qarşısında insanlar bu gün də heyranlıqlarını gizlədə bilmir. 

 

Ay ağalar, gedənə bax, gedənə,

Məni gözü yaşlı qoyub yar gedər,

Yüklənibdi qəflə-qatır, barxana,

Sanasan ki, küllü-aləm var gedər.

 

Aşıq Abbasın “Bəyənməz”, “Əyilməz”, “Olmaz” rədifli qoşmaları əsrlərdir aşıqların dilinin əzbəri olmuşdur. Aşıq Abbas Tufarqanlı həm də dərd, kədər, nisgil şairidir.

Ölkəmizdə nə aşnayam, nə yadam,

Dost yanında nə qəmginəm, nə şadam,

Ay camaat, nə bəlalı səyyadam,

Tor qururam tərlan üçün, sar gəlir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir