“Azadlıq”a kiber hücumlar davam edir

“Azadlıq” qəzetinin saytına total kiber hücumlar davam edir. Avqustun 13-dən qeydə alınan DDOS tipli aramsız hücum avqustun 14-də də gün boyu fasilələrlə davam edib. Saytın yerləşdiyi serverin təhlükəsizlik xidmətindən verilən bilgilərə görə, 50 min İP-dən sayta aramsız hücumlar təşkil olunur.

Təhlükəsizlik mütəxəssisləri hücumu dəf etmək və saytın fəaliyyətinin dayanmasına imkan verməmək üçün səylərini davam etdirirlər.

Hücumla əlaqədar sayt bəzən açılmır. Belə halla qarşılaşdıqda brauzerin axtaış pəncərəsində saytın ünvanını yenidən və tam, yəni www.azadliq.info yazın.

***

13.08.2013

“Azadlıq” qəzetinin saytına – www.azadliq.info; www.azadliq.az yenə kiber hücum olub. Avqustun 13-ü günorta saatlarına təsadüf edən hücum DDOS tiplidir. Hücumu saytın yerləşdiyi serverin təhlükəsizlik xidməti qeydə alıb və bu barədə saytın administratorlarına xəbər verib. 

Verilən məlumata görə, hücum hazırda davam etməkdədir. Saniyədə 500MBS sürətlə yüzlərlə İP-dən sayta hücumlar təşkil olunur. Hücum müddətində sayta hətta saniyədə 6000 qoşulma da qeydə alınıb.

Serverin təhlükəsizlik xidmətindən bildiriblər ki, hücum ciddi peşəkarlıqla təşkil olunub. Hücumların intensivliyi nəticəsində serverin trafiki maksimuma çatıb. Hücumlar o qədər sürətli olub ki, onların gəldiyi İP-ləri müəyyənləşdirmək də mümkün olmayıb.

Hücumların qarşısını tam almaq mümkün olmasa da, serverin təhlükəsizlik mütəxəssisləri saytın fəaliyyətini qoruya bilib.

Hücumla bağlı daha ətraflı məlumat veriləcək.