«Freedom House» Azərbaycandakı həbsləri pislədi

“Həbslər və ifadə azadlığına qarşı təzyiqlər hakimiyyətin zəifliyindən xəbər verir”

 

«Freedom House» beynəlxalq insan haqları təşkilatı Azərbaycanda gənc fəalların həbsini pisləyən bəyanat verib.
Təşkilatın martın 9-da yaydığı bəyanatda Azərbaycan hökumətinə müraciət olunur ki, 11 martda keçirilməsi üçün elan edilən etirazlara tolerant yanaşsın, toplaşmaq və birləşmək azadlığıma əməl etsin.

 

Təşkilat «Facebook» sosial şəbəkəsində aktiv olan gənclərin həbsindən narahat olduğunu bildirib. Bəyantda qeyd olunur ki, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevi həbs etməklə ona hədə-qorxu gəlinir. Bundan başqa, məlumatlar gənc fəallar Səxavət Soltanlı və Rəşadət Axundovun da həbsində «11 mart» motivinin olduğunu göstərir. Bir neçə həftə əvvəl isə hakimiyyətyönlü televiziyalar Azərbaycan vətəndaşlarına məsləhət veriblər ki, sosial şəbəkələrdən istifadə arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

«Freedom House»un icraçı direktoru David Kramer baş verənlərlə bağlı deyib ki, fəalların təqibi təkcə beynəlxalq tənqidlərlə qarşılamayacaq, həm də ölkədə narazılığı artıracaq. O, həbslərin narahatedici olduğunu söyləyib. «Daha çox həbslər olması və ya ifadə azadlığına qarşı təzyiqlər Azərbaycan hakimiyyətinin güclülüyündən yox, zəifliyindən xəbər verəcək»,- deyə David Kramer bildirib.

«Freedom House» bəyanatında «Bakcell» mobil operatorundan «Facebook» şəbəkəsinə çıxışının məhdudlaşdırılmasını da pisləyib.
Azərbaycan «Freedom House»un 2010-cu il hesabatında siyasi və mülki azadlıqlara görə «Azad olmayan ölkələr» sırasında yer tutub.