İranda girov saxlanılan Azərbaycan vətəndaşından xəbər var

Xəstənin valideynləri hələ də pasportlarını ala, xəstəxana xərclərini ödəyə bilmir

Iranın “Şəhid Mədəni” klinikasında 5 aylıq Azərbaycan vətəndaşının girov saxlanıldığı haqda məlumat vermişdik. Belə ki, xəstəxananın müalicə-profilaktika şöbəsində ürəyindən əməliyyat olunan azərbaycanlı körpə Məlikov Emil Firdovsi oğlu girov kimi saxlanılaraq valideynlərinə verilmir.
Səbəb isə xəstənin valideynlərinin xəstəxana xərclərini tam ödəyə bilməməsi idi. Məlumatda bildirilir ki, xəstəxananın əməliyyatla bağlı danışılmış Pərviz adlı həkimi valideynlərlə telefon əlaqəsi zamanı bütün xərclər üçün 4000 dollar lazım olacağını deyib. Valideynlər də bu pulu düzəldərək körpələrini Təbrizə, xəstəxanaya aparıblar. Lakin əməliyyat zamanı Pərviz həkim valideynlərə bildirib ki, 4000 dollardan əlavə 3000 dollar da həkimlərə verməlidirlər. Valideynlər əlacsız qalıb 3000 dollar da toplayaraq Pərviz həkimə veriblər. Bundan sonra körpələrini xəstəxanadan çıxarmaq barədə düşünən valideynlər dəhşətli “sürprizlə” qarşılaşıblar.
Avqustun 5-də uşağı xəstəxanadan çıxarmaq istəyən valideynlərə deyilib ki, 5500 dollar da ödəməlidirlər. Valdeynlər məcburiyyət qarşısında qalaraq, Azərbaycanın Təbrizdəki baş konsulluğuna müraciət ediblər. Lakin konsulluq da valideynlərə kömək etməyib.
Bütün bu baş verənləri “Azadlıq” ictimailəşdirdi, XIN-ə məlumat verdi. Bir neçə gün ərzində “Azadlıq” bu məsələni gündəmdə saxladı. Xəstənin yaxınları ilə mütəmadi əlaqə saxlayıb, təfərrüatları dərc etdi.
Xəstənin atası Firdovsi Məlikov “Azadlıq”a açıqlamasında bildirmişdi: “Xəstəxana rəhbərliyi pasportumu da, son 600 dollarımı da əlimdən alıb. Oğlumu hələ də mənə vermirlər”.
Ötən gün xəbər yayıldı ki, xəstənin valideynləri Iranın “Səhər” telekanalına açıqlama verərək bildiriblər ki, yazılanlar həqiqti əks etdirmir, hər şey qaydasındadır.
Məsələyə aydınlıq gətirmək üçün xəstənin Azərbaycandakı yaxınları ilə əlaqə saxladıq.
Məlumat verdilər ki, xəstənin valideyinləri “Səhər” kanalına 2 saatdan çox açıqlama versələr də, bu açıqlamanın yalnız 4 dəqiqəsi efirə gedib. Valideynləri bildiriblər ki, əməliyyat uğurla keçib, xəstəxananın işçilərindən narazılıqları yoxdur. Ancaq xəstəxana rəhbərliyindən narazılıqları, pasportlarının əllərindən alınması, əlavə tələb olunan pulla bağlı fikirlər efirə verilməyib.
Xəstənin yaxınları “Azadlıq”a məlumat veriblər ki, hələ də xəstənin valideynləri xəstəxananın pulunu ödəyə bilməyiblər və pasportları hələ də geri qaytarılmayıb.
Yaxınları onu da əlavə edib ki, “Səhər” kanalının müxbiri, xəstənin valideynlərinə “Azadlıq”a məlumat verməməyi, məsələni ictimailəşdirməməyi tapşırıb. Eyni zamanda müxbir, xəstəxana xərclərini bir neçə min dollar aşağı salacağını da bildirib.
Məlumata görə, hazırda Irana ezam olunmuş müstəqil jurnalist “Şəhid Mədəni” xəstəxanasındadır və bu hadisə ilə bağlı araşdırma aparır.

İlham Hüseyn