Ekspertlər AXCP sədrinin həyatına sui-qəsd planının hazırlana biləcəyini deyirlər
Rəsmi qurumlar AXCP sədri Əli Kərimliyə qarşı hazırlanan yeni təxribat barədə susur. Xatırladaq ki, Əli Kərimlinin “Azadlıq”a bildirdiyinə görə, avqustun 9-da naməlum şəxslər onu mənzilinə daxil olub: “Bir neçə gün bundan əvvəl də ailəliklə evdə olmadığımız vaxt qapılarımızın kənar şəxs tərəfindən açılmasının əlamətlərini gördük.
Hadisə qısa müddətdə iki dəfə təkrarlandığından qərara gəldim ki, bu barədə ictimaiyyəti məlumatlandırım. Çağırılmamış qonaqların evdə olmadığımız zaman mənzilimdə nə etdiklərini bilmirəm. Amma əminəm ki, bu adamlar xüsusi xidmət orqanları ilə bağlı olub və baş verənlər mənim siyasi fəaliyyətimlə bağlıdır”.
AXCP sədrinin bu açıqlamasına rəsmi qurumlar tərəfindən hələki heç bir reaksiya verilməyib. Nədənsə susmağa üstünlük verilir. Əslində bu sükutun səbəbi ayrıdır. Əli Kərimli ilə düşmənçilik aparan Azərbaycan hakimiyyəti növbəti dəfə ifşa olunub. Bu baxımdan da susmağa üstünlük verilib. Çünki deyilənləri təkzib etmək hakimiyyəti daha pis vəziyyətə sala bilər.
Bəs çağırılmamış qonaqlar hansı səbəbdən Əli Kərimlinin mənzilinə daxil olublar? Ilk ağla gələn odur ki, məqsəd AXCP sədrini nəzarətdə saxlamaq üçün mənzilə xüsusi qurğular yerləşdirmək olub. Lakin başqa versiyalar da var. Təhlükəsizlik ekspertləri hesab edir ki, yalnız mənzilə xüsusi qurğular yerləşdirilməsinə fokuslaşmaq doğru deyil. Mümkündür ki, hakimiyyət Əli Kərimliyə sui-qəsd planı hazırlayıb. “Mənzilə insan həyatı üçün təhlükəli olan xüsusi zəhərli maddələr qoyula bilər. Daha doğrusu, həmin maddələri mənzildəki əşyalara sürtə bilərlər. Bu cür maddələr var və praktikada insanların bu üsulla aradan götürülməsinə çox rast gəlinib”, – deyə ekspertlər bildirir.
Yeri gəlmişkən, Əli Kərimliyə sui-qəsd planı əvvəllər də olub. Bir neçə il əvvəl AXCP sədrini zəhərləmək üçün onun qida rasionunu araşdırmışdılar. Bu araşdırma ailəsinin daimi ərzaq aldığı mağazada aparılmışdı. Əli Kərimli məsələdən xəbər tutub baş verənləri ictimailəşdirdiyinə görə, plan təxirə salınmışdı.