Naxçıvan müxbirimiz hədələnir

«Bu dövləti bəyənmirsənsə, çıx get xain Elmar Şahtaxtinskinin yanına, sizin kimilərə Azərbaycanda yer yoxdu»

 

Naxçıvan üzrə bölgə müxbirimiz Yafəz Həsənovun Elmar Şahtaxtinskinin müdafiəsinə qalxması, Şahtaxtı ziyalıları adından müraciət hazırlaması hakimiyyətin ciddi narazılığına səbəb olub. Müxbirimizə hədə dolu zənglər gəlir, onun elektron poçtuna təhqiramiz məktublar yazılır. Baş verənlərə aydınlıq gətirməsi üçün Y.Həsənovun özünə müraciət etdik. Müxbirimiz bütün bunların arxasında Naxçıvan rəhbərlərinin dayandığını deyir:
“Elmar Şahtaxtinskinin müdafiəsiylə bağlı mənim təşkilatçılığımla Şahtaxtı ziyalılarının ”Yeni Müsavat” qəzetində çıxan müraciətindən sonra elektron poçtuma hədə və təhqir dolu yazılar daxil olur. Həmin yazılarda məni və Elmarı Naxçıvana xəyanətdə ittiham edib nalayiq söyüşlərlə təhqir edirlər. Bunlardan bir neçəsini sadalayım:
“Bütün Naxçıvanlılar Vasif Talıbovun ətrafında sıx birləşməli olduğu halda sən və Elmar separatçılıq edib, Amerika agentləri ilə əlbir olub, Azərbaycanda qarışıqlıq salmaq istəyirsiz. Satqınlar, xainlər buna nail ola bilməyəcəksiniz”.
“Bu dövləti bəyənmirsənsə, çıx get xain Elmar Şahtaxtinskinin yanına, sizin kimilərə Azərbaycanda yer yoxdu”.
“Vasif Talıbovun ətrafında birləşməkdənsə, separatçılıq etməyin. Elmar Şahtaxtinski elə bilir ki, Naxçıvanı pisləməklə nəyəsə nail olacaq. Hörmətli sədrimizin siyasəti nəticəsində Naxçıvan gözəlləşir və inkişaf edir. Yadınızda saxlayın ki, Amerika istədiyi yerdə inqilab edə bilər. Vasif Talıbov imkan verməz ki, Naxçıvanda xainlərin əliylə inqilab olsun. 11 marta qarşı 9 mart”.
“Elə bilirsiz, əl-ələ verib, Naxçıvanda inqilab edəcəksiz? Sizə göstərəcəyik. Tezliklə cəzanızı alacaqsız. Şərəfsizlər, Naxçıvanda sabitliyi heç kim poza bilməz”.
Məncə, bu hədələr Naxçıvan hakimiyyətinin azad sözdən, azad özünüifadədən qorxduğunun nəticəsidir. Hesab edirəm ki, bu hədələrin arxasında Naxçıvan hakimiyyəti durur. Şahtaxtı ziyalılarının hakimiyyətin saxtakarlığını ifşa etməsi onları o dərəcədə əsəbiləşdirib ki, artıq hədə və təhqirlərə əl atmağa məcbur olublar.
Bildirmək istəyirəm ki, Naxçıvanda internet fəaliyyətim izlənilir. Hansı tarixdə, hansı internet kafedə, hansı saatda və dəqiqədə kiminlə nə haqda yazışmağım haqda bilgili olduqları haqda da poçtuma məktublar gəlir. Belə yazışmalara son qoymaq haqda mənə xəbərdarlıqlar olunur. Əks təqdirdə cəzalandırılacağımı bildirirlər”.

 

Ramin DEKO