Bu ilin əvvəlində Ismayıllıda baş verənləri xatırlayırsınız, xalq orada, Ilham Əliyevin təbirincə desək, qudurğan məmurların və onların övladlarının harınlığına etiraz olaraq ayağa qalxmışdı, çox keçmədən bu, sistemə qarşı illərdir yığılan nifrətlə, qəzəblə birləşərək az qala üsyana çevrilmişdi. Dünən oxuduq ki, indi bax, həmin bu Ismayıllıda neft tapılıb!
Siyavuş Novruzov deyəndə ki, neft tükənməyən sərvətdir, hamınız ona gülürdünüz, savadsız-zad deyirdiniz. Amma buyurun, adam haqlıdır. Biz oturub gözləyirik ki, Xəzərdə neft tükənsin, bəlkə ondan sonra demokratiyanın ayaqları bizim müqəddəs vətən torpaqlarına dəydi, biz də haqq-ədalətin, hüququn, qanunçuluğun, özgürcə yaşamağın dadını bilək, ancaq gəl gör ki, artıq dağ rayonlarımızda da neft tapılır, bir növ neftin tükənməyən sərvət olduğu təsdiqlənir.
***
Bəli, neft! Odur bizim 20 illik bəlalarımızın baiskarı! O olmasaydı, guya biz çoxdan azad, demokratik cəmiyyətdə yaşayırdıq, həyatımız firavan idi.
Bu, azərbaycanlıların sevimli “günahkar”, “suç keçisi” gəzməsinin məntiqi sonluğudur. Neft 20 ildir bu ölkədə hamının əvəzinə günahkardır, bir-birinə nifrəti, düşmənçiliyi bu anti-milli, çağdışı rejimə nifrətindən çox olan müxalifət liderlərinin də yerinə günahkardır o. Öz ölkəsinin ləyaqətli, aydın gələcəyini fəxri adlara, titullara, çeşid-çeşid imtiyazlara satan ziyalıların da yerinə suçlu odur, qutuya saxta bülleten atan müəllimin yerinə də neft məsuliyyət daşıyır.
Yekə-yekə siyasi-ictimai məsələləri, taleyüklü işləri bir tərəfə qoyaq. Bəyəm bizə hansısa filmdəki kiçik bir səhnəyə görə, “erotik” bəhanəsilə bir rejissoru, bir aktrisanı topun ağzına qoyaraq atmağa da neftmi məcbur edir? XXI əsrdə belə təfəkkürlə, dünyagörüşlə yaşamağımızın günahkarı da neftdir bəyəm? Neftmi sizə deyir ki, özünüzü gəlişdirməyin, dünyaya fərqli gözlə baxmağı öyrənməyin, öz milli-mental bataqlığınızın içində eşələnib durun, kitabdan, incəsənətdən gen gəzin, sənətdən, sənətçidən özünüzə düşmənlər uydurmağa davam edin? Lap tutaq ki, neft siyasi sistemi dəyişdirməyə mane olur, bəs sizin özünüzü dəyişdirməyədəmi neft mane olur? Hansı çağda yaşayırıq, bir rejissoru, bir aktrisanı çəkdiyi filmə, çəkildiyi rola görə “mentalitet düşməni” elan edib linç etməyə qalxmaq nə deməkdir? Nə biabırçılıqdır bu?
Yaxşı, bir filmdə ən xırda açıq-saçıqlığa dözməyib namus damarı dombalanlar başqalarının yatağına girib onların intim videolarını pik saatlarda öz telekanallarından yayan hakim zehniyyət qarşısında niyə susur? Onların da ağzını yuman neftdirmi? Bəlkə də hə. Axı bizim çoxlu neft pulumuz var.
Amma neftin suçudurmu ki, onu satıb pulu ilə insanların əqidəsini, düşüncəsini, vicdanını alırlar. Bir ölkənin insanı özünü, öz iradəsini, öz fikrini, öz ruhunu neftdən ucuz tutursa, buna neft neyləsin?
Neft var deyə, siz haqsızlığın buyruqqulu, neft dili ilə desək, BURUQqulumu olmalısınız?
***
Bəhanələrə baxın: “neft olmasaydı”, “neft qurtarsın, ondan sonra”…
Niyə susursan? “Neft qurtarmasa, onsuz da danışmağın xeyri yoxdur”.
Niyə sistemi dəyişmirsən, dəyişə bilmirsən? “Neft olmasa, rejim çoxdan çökmüşdü”.
Həkim xəstənin cibinə neft yatağı kimi baxır. Müəllim şagirdin valideyninə ARDNŞ-in prezidenti kimi baxır. Xalq şairi qələmini neft buruğuna oxşadır.
Artıq hamı üçün öz vətəndaş mövqesizliyinin, ölkəni başına alıb gedən pisliklər, çirkinliklər qarşısında susmasının, Azərbaycanı çağın gerisinə atan, onu sümürən bir sistemin vintciyinə, təkərciyinə çevrilməsinin bircə günahkarı, bircə səbəbkarı var: neft. “Neft olmasa, bunlar başımıza gəlməzdi. Bunlar başımıza gəlməsə, biz də yaltaq, qorxaq, ələbaxan, başıaşağı, üzüyola olmazdıq” – budur bu gün bu topluma, böyük çoxluğa hakim olan düşüncə. Guya, bu düşüncə ilə vicdanlarını rahatladırlar, gələcək qarşısında bəraət qazanırlar.
Halbuki, bunlar elə əməllərdir ki, heç vaxt, heç bir zaman bəraəti yoxdur. Ola da bilməz.
Lap Platonovun öz qeyd dəftərçələrindən birinə yazdığı kimi: “Ruhunu, cismini mədəni doyurmağa xərcləmək olar, amma bundan ötrü şərəfini sərf etmək olmaz!”
Olmaz, başa düşürsünüz, olmaz!