aslanismayilov-enyeni

Aslan İsmayılovu vəkillikdən çıxarmaq üçün məhkəmə başladı

Tanınmış vəkil məhkəməyə müraciətdə göstərilən əsasların yalan olduğunu bəyan etdi

Nərimanov rayon məhkəməsində Vəkillər Kollegiyası rəhbərliyinin iddiası üzrə vəkil Aslan İsmayılova qarşı məhkəmə prosesi keçirilib. Hakim Turqay Hüseynovun sədrliyilə keçən prosesdə iddiaçı tərəf Vəkillər Kollegiyası üzvlüyündən çıxarılmasını istəyir.
Məhkəmədə iddiaçı tərəfi Pərviz Ələkbərov və Altay Muradov təmsil edirdi.
Qeyd edək ki, Aslan İsmayılovdan Vəkillər Kollegiyasına Səbayel rayon məhkəməsinin hakimi Elnur Həsənov şikayət edib. Hakim şikayət ərizəsində vəkilin onu təhqir etdiyini, otağına icazəsiz daxil olduğunu göstərib.
Aslan İsmayılovun hüquqlarını isə vəkil Rövşən Şirəliyev təmsil edirdi. O bildirdi ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin məhkəməyə təqdim etdiyi iddia ərizəsinin heç bir əsası yoxdur: “İntizam Komissiyasının 11 aprel 2013-cü il tarixli rəyində, eləcə də Rəyasət Heyətinin 8 may 2013-cü il tarixli qərarında əksini tapmış və qanunsuz kimi qələmə verilmiş halların heç biri baş verməyib”.
Aslan İsmayılov özü də çıxışında qeyd etdi ki, onun Vəkillər Kollegiyası üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət olunması qərarı üç əsasa söykənir: “Guya, mən Əliyeva Fəhriyyə Nadir qızı ilə vəkil kimi hüquqi yardım haqqında müqavilə bağlamadan, ona hüquqi yardım göstərmişəm və bu işi vəkil olmayan şəxsə – “VİZA” hüquq firmasının işçisi Kənan Məmmədova tapşırmışam. Guya, mən 12 fevral 2013-cü ildə icazəsiz şəkildə Səbail Məhkəməsinin hakimi Elnur Həsənovun iş otağına daxil olub onu hədələmişəm, təhqir etmişəm. Guya, mən vəkil sirrini pozmuşam, rəhbərlik etdiyim vəkil bürosu ilə təsisçisi olduğum “VİZA” hüquq firması eyni ünvanda olan iş otaqlarında yerləşdiyindən büronun vəkilləri hüquq firmasının vəkil statusu olmayan işçilərilə bir yerdə fəaliyyət göstərirlər ki, bu da vəkil sirrinin yayılmasına şərait yaradır. Amma bu halların heç biri mövcud deyil.
“Aslan İsmayılov və partnyorları” vəkil bürosu ilə Əliyeva Fəxriyyə Nadir qızı arasında bağlanmış 12 dekabr 2012-ci il tarixli müqaviləyə əsasən, mən həmin sifarişçinin hüquqlarının müdafiəsi öhdəliklərini öz üzərimə götürmüşəm. Bu da göstərir ki, hakim Elnur Həsənov Vəkillər Kollegiyasının sədrinə müraciətində həqiqətə uyğun olmayan məlumatlar qeyd edib. Bundan başqa, hadisə baş verən gün məhkəmə binasının giriş qapısında mühafizəçi polis serjantı Vüqar Nəcəfov hakim Elnur Həsənova zəng edərək, mənim gəldiyimi bildirib, hakim öz razılığını verdikdən sonra mən iddiaçının nümayəndəsi Kənan Məmmədovla əvvəlcə katibinin otağına, daha sonra – Elnur Həsənov içəridən öz otağının qapısını açdıqdan sonra onun otağına daxil olmuşuq. Orada mən hakimə anlaşılmazlıq olduğunu, tərəflər arasında barışıq layihəsi mövcud olduğunu, bu barışığın həyata keçməsi üçün köməklik göstərilməsini xahiş etmişəm. Bunu deyəndən sonra hakim qəfildən məni saxta sənəd təqdim etməkdə günahlandırdı, səsini qaldırdı, məni təhqir etməyə və hədələməyə başladı. Bunun təxribat olduğunu anlayaraq, işçimlə otaqdan çıxmağa çalışdım. Kənan Məmmədov qapını açmağa çalışsa da, aça bilmədi. Hakim dərhal mühafizəçini və icra məmurlarını çağırdı və onlara “bunu bayıra atın, məni təhqir etdiyini, vurmaq istədiyini aktlaşdırın” dedi.
Akta nəzər saldıqda belə məlum olur ki, icra məmurları bütün işlərini atıb, giriş qapısında mənim gələcəyimi gözləyib, daha sonra məni hakimin otağına qədər müşayiət edib, hakimin otağında baş verənləri əvvəldən axıradək seyr edib və daha sonra bu hadisələri aktda göstəriblər.
Hakimin otağının məhz Elnur Həsənovun özü tərəfindən və içəridən açıldığını intizam komissiyasındakı araşdırma zamanı vəkillər də təsdiq ediblər. Həmin məhkəmədə olan minlərlə insan da bunu bilir. Ancaq elə həmin gün mən ədliyyə naziri Fikrət Məmmədova müraciət etdikdən sonra gecə ilə o qapı sökülüb, yenisilə əvəzlənib. İntizam komissiyasında da mən hələ qapının rəngi qurumadığından ora baxış keçirilməsini tələb etsəm də, bunu eləmədilər.
Əgər həqiqətən də polisin dediyi kimi, mən ondan icazəsiz hakimin otağına keçmiş olsaydım, onda polisin otağında quraşdırılmış videokamera məlumatları da Akta əlavə olunardı. Lakin videogörüntülər məqsədli şəkildə araşdırma materiallarına əlavə edilməyib, çünki hadisə mənim dediyim kimi baş verib”.
Aslan İsmayılov söylədiklərinin həqiqət olub-olmadığını araşdırmaq üçün Kənan Məmmədovun şahid qismində dindirilməsini istədi.
Məhkəmə prosesi avqustun 19-da davam etdiriləcək.

Ramin