Həbs edilən keçmiş nazirin vəkili bəyanat verdi

“Turan”ın məlumatına görə, keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin vəkili Elton Quliyev bəyanat verib. Bəyanatda deyilir ki, Nicat Quliyev avqustun 7-də saat 19-da Novxanı qəsəbəsindəki bağ evindən çıxıb və qonşuluqda yerləşən təsərrüfat malları mağazasına yola düşüb: “Onun arxasınca mağazaya daxil olan bir neçə nəfər özlərini təqdim etməyərək və heç bir izahat verməyərək Nicat Quliyevi tutub əlinə qandal taxıblar. Onlar Nicat Quliyevi öz avtomobilinin arxa oturacağına əyləşdiriblər və MTN-in inzibati binasına aparıblar. Nicat Quliyevə hətta evinin yanından keçərkən ev paltarlarını dəyişib, evdə onu gözləyən doğmalarına saxlanıldığını xəbər verməyə belə imkan verməyiblər.

4-5 saat sonra 20-yə yaxın MTN əməkdaşı Nicat Quliyevin bağında yalnız onun həyat yoldaşının və yetkinlik yaşına çatmamış qızının olduğunu bilə-bilə hasardan adlayaraq bağa daxil olublar. Baxmayaraq ki, səs-küyə çıxan Nicat Quliyevin həyat yoldaşı qapını açıb.

Nicat Quliyevin həyat yoldaşı bağa girənlərin hərəkətlərinə nəzarət etmək iqtidarında olmayıb. Ailə üzvlərinin mobil telefonları əllərindən alınıb, onlara evdən çıxmaq qadağan edilib. Heç bir zərurət olmadan avqustun 8-i səhər 7-yə qədər axtarış aparılıb. Nə axtardıqlarını izah etməyən xüsusi xidmət nümayəndələri Nicat Quliyevin sənədlərini, evdəki kompüterləri, foto və video materialları, dəmir seyfi müsadirə ediblər.

Nicat Quliyevin həyat yoldaşı bildirib ki, onların evində və həyətində heç vaxt silah olmayıb. Həm də silahın tapıldığı yardımçı tikilini iki gün əvvəl o özü təmizləyib.

Nicat Quliyev saxlandıqdan dərhal sonra öz vəkili ilə təmin edilməsini və evə zəng etmək imkanının verilməsini tələb edib. Lakin onun tələblərinə məhəl qoyulmayıb. Bir neçə saat sonra ona bildiriblər ki, guya avtomobilindən tapança və 8 güllə müsadirə edilib. Lakin Nicat Quliyev bu iddiaları təkzib edib. Avtomobilə baxış zamanı Nicat Quliyevin iştirakı təmin edilməyib. Saxlandıqdan sonra avtomobil onun nəzarətindən kənar MTN əməkdaşlarının sərəncamında olub.

Guya avtomobildə silah və döyüş sursatları tapıldığını əsas gətirərək Nicat Quliyevə qanunsuz silah və döyüş sursatı saxlama ittihamı ilə cinayət işi açılıb. Növbəti gün səhər Nicat Quliyev ona qarşı irəli sürülmüş ittiham mətnindən öyrənib ki, guya onun bağında avtomat silah, əl qumbaraları və digər döyüş sursatları aşkar edilib. Nicat Quliyev bu ittiham saxta olduğu üçün ifadə verməkdən imtina edib. Bununla belə, o, Səbail Rayon Məhkəməsinə çatdırılıb, formal məhkəmə prosesi zamanı onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarından apellyasiya şikayəti hazırlanıb və Nicat Quliyevin özü ilə razılaşdırıldıqdan sonra məhkəməyə veriləcək”.