Bakı niyə köçür?

Bakının mərkəzi küçələrinin boşaldılması əhalinin sıxlığı və ekoloji böhranla əlaqələndirilir 

Aytəkin Imranova: «Bu, kommersiya məqsədi ilə qısamüddətli gəlirə hesablanıb»

 

Bakı bir neçə ildir təmirə dayanıb. Hər il müxtəlif məhəllələr sökülür və yerində park salınır. Səbail rayonunda Bayraq Meydanına görə binalar söküldü, yerində park salındı, Füzuli küçəsində binalar söküldü, yol genişləndirildi və park salındı, Heydər Əliyev Mərkəzi tikmək üçün binalar söküldü, ətrafında park salındı, Arxitektura Idarəsi “Sovetski” ərazisinin sökülüb yerində park salınacağını deyir. Sökülən ərazilərdə sakinlərə verilən kompensasiya ancaq şəhərdən kənarda ev almağa bəs etdi. Köçürülənlər də Bakının qəsəbələrində yerləşdirildi. Bir neçə ildir aparılan söküntü işlərinin gerçək səbəbi isə açıqlanmır. Bakı niyə boşaldılır? 

Ekoloji böhran və əhali sıxlığı 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev “Azadlıq”a deyir ki, Bakıdan köçürülmələr ekoloji problem və əhali sıxlığına görədir. “Şəhərdə yaşıllığın miqdarı azdır. (xüsusən də şəhərin mərkəzi hissəsində C.Q.) Şəhərin mərkəzi hissəsində çoxmərtəbəli evlər tikməklə əhalinin sıxlığın artırmaq yeni problemlərin yaranmasına səbəb ola bilər. Nəqliyyat problemləri, tıxac və sair. Ekoloji durum ağırlaşır, onu yaxşılaşdırmaq lazımdır. Insanlar üçün sağlam mühit yaradılır”. 

C.Qocayev bildirir ki, sökülən ərazilərdə yaşıllıq işləri də düzgün aparılmır. “Ağac əkilməsinə özfəaliyyət kimi baxmaq olmaz. Ağacların növlərinə görə sıralanması var. Bununla Yaşıllaşdırma Idarəsi, Botanika Institutu, ekoloqlar maraqlanmalıdırlar. Yaşıllıq ancaq landşaft arxitekturası, gözəllik üçün deyil, o həm də ekoloji durumu yaxşılaşdırmalıdır. Layihədə hökmən ora əkilən ağacların da növləri göstərilməlidir. Layihəsiz iş görülməməlidir, çünki icraçıların hamısı peşəkar ola bilməz”. 

Ən yüksək əhali sıxlığı Nəsimi rayonundadır

Bakının mərkəzinin boşaldılmasına səbəb kimi göstərilən əhali sıxlığını Dövlət Statistika Komitəsi hesablayıb. 2013-cü ilin 1 yanvarına əsasən Bakı şəhərində hər kvadrat kilometr əraziyə düşən əhali sıxlığı 1000 nəfərdir. Abşeron iqtisadi rayonunda bu rəqəm 161-dir. Bakı şəhərində ən yüksək sıxlıq Nəsimi rayonu (21.560 nəfər), Yasamal rayonu (12.005), Nizami rayonu (9415), Xətai rayonu (8730), Nərimanov (5653), Səbail rayonudur (3157 nəfər). Müqayisə üçün deyək ki, Şəki-Zaqatala iqtisadi rayonunda hər kvadrat kilometrə 67 nəfər düşür. 

“”Nuh əyyahımdan” qalan binalar şəhərin baş planına görə yenilənməlidir”

Milli Elmlər Akademiyası Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Azadlıq”a deyir ki, zəlzələyə davamlı olmayan köhnə tikililərin söküntüsü təqdir olunmalıdır. “”Nuh əyyahımdan” qalan binalar şəhərin baş planına görə yenilənməlidir. Onlar yararsız vəziyyətdədirlər. Bu, yaxşı haldır. Badamdarda, Əhmədlidə, Bayılda sürüşmə zonaları var ki, orada da binalar tikilməməlidir”.

Bakı Şəhərinin Baş Planı yoxdur 

Tarix, Mədəni və Təbii Irsi Qoruma Şəbəkəsinin koordinatoruÿAytəkin Imranovaÿ”Azadlıq”a bildirir ki, Bakı şəhərinin Baş Planı yoxdur. Iki il əvvəl QHT Bakı Şəhər Icra Hakimiyyətini məhkəməyə çəkərək evlərin sökülməsi haqqında sərəncamın nəyin əsasında verildiyini mübahisələndirib. A.Imranova deyir ki, BŞIH-dən məhkəmənin sorğusuna cavab veriblər ki, “bizdə olmayan məlumatları bizdən istəməyin”. “Hakim isə dedi ki, olmayan bir şey barədə sərəncam verirsiniz. Bu, ehtimal üzərində sərəncamdır. Baş Plan yoxdur” – deyə A.Imranova bildirir. 

Koordinator deyir ki, sökülən ərazilərdə salınan yaşıllıq ora park statusu verməyə əsas vermir. “Park statusu olan, havanı təmizləyən 2 park vardı. Onlardan biri Gənclikdə Akademiya bağı və aeroport yolunda olan böyük park idi. Hər iki parkı məhv etdilər. Iki-üç ağac əkməklə park olmur. Hələ Sovet dövründə ekoloqlar demişdi ki, Bakıya 10 elə park lazımdır ki, havasını təmizləsin. Amma indi əhalinin sayı artıb, sıxlıq çoxalıb, park yoxdur. Sökülən ərazilər hələ ki, gözdən pərdə asmaq üçün park edilib. Bir müddətdən sonra onların təyinatı dəyişəcək”. 

“Bu, Bakı üçün ekoloji, tarixi, həm də texnogen fəlakətdir”

A.Imranovanın fikrincə, Bakının boşaldılmasının səbəbi əhali sıxlığıdırsa, bu iş sistemli aparılmalıdır: “Bakı Şəhər Icra Hakimiyyəti həm sifarişçidir, həm icraçı, həm də nəzarətçi. Heç Sovet dövründə bir dövlət qurumuna bu qədər səlahiyyətlər verilmirdi. Bakının bütün kommunikasiya xidmətləri 1 milyon əhali üçün nəzərdə tutulub. Indi Bakıda 2-3 milyon əhali yaşayır. Bütün dövlət Bakıdan ibarətdir. Bu, strateji olaraq dövlət üçün təhdiddir, qorxudur. Bakıdan ayrı-ayrı müəssisələr çıxarılmalıdır. Bütün binaları söküb yerində yol salırlar. Hansı məmur yolda tıxaca düşür, həmin ərazini sökdürüb yolu genişləndirir. Dövlət tərəfindən qorunan evlər söküldü. Sürüşmə yerlərində hündürmərtəbəli binalar tikirlər ki, dənizə mənzərəsi var. Burada təhlükəlilik nəzərə alınmır. Bu, kommersiya məqsədi ilə qısamüddətli gəlirə hesablanıb. Rusiyanın dövründə onlar ideoloji olaraq qazıntılar aparmağa, Bakının tarixini öyrənməyə icazə vermirdilər, amma müstəqillik vaxtı hamısını yerlə-yeksan elədilər. Bu, Bakı üçün ekoloji, tarixi, həm də texnogen fəlakətdir. Bunun milyon fəsadları olacaq”.

Sevinc Vaqifqızı