İnək həqiqətləri

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Qəçreşdə istirahət edərkən “Rance Rover” markalı avtomobili ilə inək vurduğu xəbəri yayılıb. Mən xəbəri diqqətlə oxudum, onun hər cümləsindən yalan fışqırdığını görməmək üçün antimilli ünsür, element olmaq lazımdır.   

Əvvəla, Əbülfəs müəllim istirahət edə bilərmi? Əlbəttə, yox. Hazırda Azərbaycanda mədəniyyəti yerli-dibli yox etmək, onu nadir qafarzadələrin, namiq qaraçxurluların, rəqsanələrin, bir sözlə, düşük, bayağı, şit şou-biznes ulduzlarının əli ilə kökündən qazımaq üçün dövlət proqramının icrasının şıdırğı vaxtıdır, nazirin başını qaşımağa vaxtı yoxdur, o istirahət haqqında fikirləşə bilərmi? Mədəniyyətimizi “Maral, maral, maral”, “Can-cana” kimi nəhəng sənət əsərləri ilə zənginləşdirmək, yeni-yeni səməd səmədovlar, nazəninlər, manaf ağayevlər yetişdirmək üçün gecəsini gündüzünə qatıb işləyən bir nazirdə dincəlmək, nəfəs dərmək üçün vaxt hanı?

Ikincisi, bizdə nazirlər maaşları hesabına yaşayırlar, bu isə ayın əvvəlindən ortasına kimi ya çata, ya da çatmaya. Elə isə onların “Rance Rover” sürdüyünü iddia etmək nə qədər doğrudur? Kimə lazımdır bu şər, iftira? Bu gün Əbülfəs Qarayevin “Rance Rover” sürdüyünü yazan sabah Ilham Əliyevin Dubayda villa aldığını da yazar. Yığışdırmaq lazımdır bu komediyanı. Hamı bilir ki, Azərbaycanda rüşvətin kökü çoxdan kəsilib, heç kim xalqın malına yan gözlə baxa bilməz. Düzdür, bəzi meşəbəyilərin, tibb bacılarının, qatar bələdçilərinin hələ də əl altından, gizlicə korrupsiya ilə məşğul olması hallarına rast gəlinir. Amma şanlı polisimizin ayıq-sayıqlığı nəticəsində onlar dərhal ifşa edilib zərərsizləşdirir. 

Üçüncüsü, lap tutaq ki, həqiqətən Əbülfəs müəllim Qəçreşə istirahətə gedib, avtomobili də “Rance Rover” markalıdır. Hə, nə olsun? Bəyəm bu, onun inək vurduğunu yazmağa əsas verirmi? Bəlkə inək özü Əbülfəs müəllimin maşınını vurub? Hə, bu daha ağlabatandır. Hətta məhz belədir. Keçənlərdə antimilli ünsür və elementlər götürüb yazdılar ki, bir nazirimizin oğlu guya Qəbələdə 1 milyona ayı kəsib yeyib, amma üstündən bir az keçdi, Şamaxıda bir ayı kənddə toya hücum etdi, iki nəfəri parçaladı. Əminəm ki, əslində Qəbələdə də belə olmuşdu, ayı nazir oğlunu yemişdi, amma Azərbaycanın inkişafını gözü götürməyənlər, hakimiyyəti hər vəchlə qaralamağa çalışanlar götürüb tərsini yazmışdılar. Odur ki, indi necə əmin olaq ki, inək nazirin maşınını yox, məhz nazir inəyi vurmuşdur?       

Ümumiyyətlə, necə bilək ki, bu inək Azərbaycanı sevməyən qüvvələr tərəfindən öyrədilməmişdir, hansısa xarici xüsusi xidmət orqanına işləmir(bəlkə də o inək “Aqrolizinq” xəttiylə Almaniyadan alınmışdır), qarşısına hansısa nazirimizin həyatına sui-qəsd etmək vəzifəsi qoyulmamışdır? Onun müstəqilliyimizə təhlükə yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq məqsədi ilə magistral yola çıxmadığını necə əmin ola bilərik? Təhlükəsizlik orqanlarımız bu versiyanı ciddi araşdırmalıdır. Unutmayaq ki, hazırda Azərbaycanda həssas dövrdür, burada heç xoruz da səbəbsiz banlamır.  Toyuqların hansı ölkənin ssenarisi ilə yumurtladığını belə, bilmək olmur. Bu cür həssas vaxtda bir inək beyqəfil hansısa nazirin yoluna çıxır, qəza şəraiti yaradırsa, biz bunun arxasında xarici düşmənlərin və onların daxildəki əlaltılarının məkrli niyyətinin dayanmadığına necə inana bilərik? 

Suallar çoxdur, inanaq ki, Azərbaycanın milli maraqları, analoqsuz inkişafı naminə həmin suallara tezliklə aydınlıq gətiriləcək, xalqımızın 20 ildir getdiyi qəflət yuxusuna heç bir antimilli qüvvə bundan sonra da haram qata bilməyəcəkdir. 

***

Ustad Nazim Hikmətin ömrünün son illərində yazdığı “Inək” adlı bir əsəri var. Əsərin qısa məzmunu belədir: kasıb bir ailə borc-xərc bir inək alır, südünü, qatığını, yağını satıb yoxsulluğun daşını atmaq istəyir. Amma inəyi necə bəsləyib ondan nə cür fayda götürəcəklərini bilmədiklərindən bu dəfə inəkdən can qurtarmağın yollarını axtarmağa başlayırlar.

Kim bilir, bəlkə nazirin yoluna çıxan da elə həmin inək olub? Bəlkə həmin inəyi vurmaqla Əbülfəs müəllim onun sahibinə ən böyük yaxşılıq edib, kim bilir?