Partiyanın Ali Məclisi qərara aldı ki, Milli Şura seçkiyə vahid namizədlə getməlidir
Avqustun 10-da AXCP Ali Məclisinin növbəti sessiyası keçirildi. Sessiyada sekiyə hazırlıq və seçkidə iştirakın formaları müzakirə olundu.
Gündəliyin təsdiqindən sonra söz AXCP sədri Əli Kərimliyə verildi:
AXCP sədri partiyanın bundan əvvəlki sessiyasında seçkiyə hazırlıq məsələsinə toxunduqlarını xatırladaraq qeyd etdi ki, yerlərdə bu istiqamətdə işlərin getdiyi haqda xəbərdardır.

Əli Kərimli demokratik qüvvələrin geniş tərkibdə birləşməsini və Rüstəm İbrahimbəyovun vahid namizəd kimi irəli sürülməsini düzgün yürüdülmüş siyasət adlandırdı. Bildirdi ki, bu, hakimiyyəti ciddi narahat etdi və hakimiyyət İbrahimbəyovun namizədliyinin qeydə alınmaması üçün düşünməyə başladı:
Çıxışın mətni videodan sonra təqdim olunur.
Əziz dostlar, AXCP Ali Məclisinin ötən sessiyasında belə qərara gəlmişdik ki, Xalq Cəbhəsinin bütün strukturları üçün əsas vəzifə qarşıdan gələn prezident seçkilərində iştirak etməkdir, bu kampaniyaya hazır olmaqdır. Ötən müddət ərzində mənə məlumat verilib ki, partiyanın bütün yerli təşkilatları seçkiyə hazırlıq işlərini yüksək səviyyədə aparır.

Azərbaycan Xalq Cəbhəsi Partiyası 2013-cü il prezident seçkilərinə hazırlığa çoxdan start verib. Bizim ardıcıl, davamlı siyasətimiz ondan ibarət olub ki, Azərbaycanda demokratik seçkilər üçün zəmin olmadığına, seçki qanunvericiliyi, ölkədəki faktiki vəziyyət azad, ədalətli seçkilərə imkan vermədiyinə görə seçkilərdə müxalifətin birləşərək vahid qüvvə kimi iştirak etm’si olduqca zəruridir. Məhz Xalq Cəbhəsi aylarla bu siyasət davamlı şəkildə aparıb və nəticədə digər dostlarımızın, həmkarlarımızın, ictimaiyyətin dəstəyi ilə Azərbaycan müxalifətnin birləşməsi ilə bağlı ictimai rəy formalaşıb, demokratik qüvvələrin Milli Şurası yaradılıb. Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov irəli sürülüb. Hesab edirəm ki, bu, apardığımız düzgün siyasətin məntiqi nəticəsi olub. Biz müxalifətin birləşməsinə nail olmaqla, Rüstəm İbrahimbəyov kimi tanınmış, əksər siyasi qüvvələr tərəfindən qəbul edilən bir şəxsi vahid namizəd irəli sürməklə Azərbaycan hakimiyyətində yenidən ciddi bir təşviş yarada bilmişik. Bilirsiniz ki, Azərbaycan müxalifəti ilə Azərbaycan hakimiyyətinin imkanları qeyri-bərabərdir. Bu qeyri-bərabər şəraitdə məhz bizim düzgün taktiki addımların nəticəsi olaraq bu gün elə bir vəziyyət yaranıb ki, qarşıdan gələn seçkilərdən Azərbaycan hökuməti daha çox narahatdır. Hər şeyi edir ki, ölkə müxalifətinin vahid namizədi Rüstəm İbrahimbəyov bu seçkilərdə iştirak edə bilməsin.

Rüstəm bəyin namizədliyi irəli sürüləndən dərhal sonra hökumətə yaxın, hökumətə açıq və ya gizli şəkildə xidmət edən mətbuat orqanları birmənalı kampaniyaya başladılar ki, Rüstəm onun qeydiyyatında problem olacaq. Amma onlar tamamilə başqa bəhanələrə istinad edirdilər. Guya bu, onun xarici ölkələr qarşısında öhdəliklərilə bağlı olacaqdı. Görünür, sonra başa düşüblər ki, bu sənədi almaq daha asandır. Rüstəm İbrahimbəyov artıq o sənədi alıb. Sonradan ikili vətəndaşlığın aradan qaldırılması çətin bir problemə çevrildi. Heç şübhəsiz ki, bu da siyasi bir problemdir. Azərbaycanlıların çoxunun Rusiya vətəndaşlığı da var, siz indiyə qədər nə zaman rast gəlmişdiniz ki, onlar üçün Rusiya vətəndaşlıqdan çıxmaq bu qədər çətin olsun? Ümumiyyətlə bu, hər bir şəxsin müstəqil verə biləcəyi bir qərardır. Bu, hüquqi məsələ deyil. Şübhə etmirəm ki, Rüstəm İbrahimbəyovun sənədlərinin indiyə qədər düzəlməməsi məhz siyasi səbəblərlə bağlıdır. Təsadüfi deyil ki, bu problemlər Azərbaycan hökuməti ilə Rusiya hökuməti arasında münasibətlərin istiləşməsindən sonra yarandı.

Amma bizim hələ vaxtımız var. Rüstəm bəy bizə məlumat verir ki, o səylərini davam etdirir. Sənədlərini qaydaya salmaqdan ötrü axıra qədər, israrla mübarizə aparır. Rusiya cəmiyyətinin müxtəlif təbəqələrindən ciddi dəstək almaqdadır. Rusiyanın demokratik qüvvələri, tanınmış insanları da artıq açıq mövqe bildirirlər ki, Rüstəm İbrahimbəyovun seçkilərdə iştirakına maneə törədilməməlidir.
Azərbaycan hökumətinin seçkilərdən narahatlığı bununla da bitmədi. Çox qəfil seçkiləri bir həftə irəli çəkdilər. Bu, birbaşa Rüstm İbrahimbəyovun seçkilərdə iştirakını çətinləşdirmək məqsədi güdürdü. Bu, özlüyndə anti-konstitusion qərardır və Azərbaycanda hüquqa hörməti göstərir. Bu, həm də hökumətin narahatlığını ifadə edir. Azərbaycan hökumətinin bu seçkilərdən, Rüstəm bəyin – birləşmiş müxalifətin vahid namizədinin iştirakı olmadan birtəhər canını qurtarmağa çalışdığını göstərir. Belə bir şəraitdə bizim Ali Məclisimiz toplanıb və biz bir sıra sualların cavablarını verməliyik.

Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədidir, amma o, heç bir partiyanın sədri deyil və Milli Şuranın formalaşması xeyli vaxt apardığınıdan, sonra da bir sıra obyektiv və subyektiv səbəblərdən Milli Şuranın bu günə qədər icra orqanları tam olaraq formalaşmayıb. Ona görə də çox vacibdir ki, bu namizəd seçkilərə qatılacağı təqdirdə siyasi partiyalar məsuliyyəti, seçki kampaniyasının ağırlığını ciddi şəkildə öz üzərlərinə götürsünlər. Bizim bundan əvvəlki Ali Məclisdə verdiyimiz mesaj bu idi ki, kimlərsə bu məsələyə könülsüz yanaşa, onun önəmini başa düşməyə bilərlər, amma Azərbaycan Xalq Cəbhəsi üçün bu fürsəti dəyərləndirmək olduqca vacibdir və partiyamız hazır olmalıdır ki, Rüstəm bəyin sənədləri qaydasına düşəcəyi təqdirdə sürətlə seçki kampaniyası aparıb, onun namizədliyinin müxtəlif regionlardan təşəbbüs qrupları tərəfindən irəli sürülməsinə nail olaq. Seçki kampaniyası üçün könüllülər səfərbər etmək, təbliğat və təşviqat kampaniyasını aparmaq və nəticədə demokratik qüvvələrin vahid namizədinin qələbəsinə nail olmaq kimi bir vəzifə qoymuşduq qarşımıza. İndi bizim birinci işmiz bu vəzifəyə nə qədər hazır olduğumuzu müəyyənləşdirmək olacaq.

İkincisi, seçkilərlə bağlı yeni bir situasiya yaranıb – Rüstım İbrahimbəyovun seçkilərə qatıla bilməməsi ehtimalı da var. Əvvəlki situasiya belə idi ki, Rüstəm bəy namizədliyini irəli sürür, imzalar toplanılır, son anda onun qeydiyyatına problem yaradılır. Bəzi adamlar bilə-bilə qarışdırırlar. O halda ki, Rüstəm İbrahimbəyov demokratik qüvvələrin vahid namizədi olaraq sənədlərini MSK-ya təqdim edə biləcəkdi, imzalar toplanılacaqdı, son qeydiyyatda ona problem yaradılması gözlənilirdi, onda demokratik düşərgədən əlavə namizədlər olmamalı idi. Çünki o halda əlavə namizədlərin seçkilərdə iştirak etməsi MSK-ya, hökumətə belə bir seçim imkanı verə bilərdi ki, Rüstəm İbrahimbəyov deyil, həmin şəxlər qeydiyyata alınsın. Demokratik qüvvələrin vahid namizədi qeydiyyata alınmasın, dünya birliyinə və Azərbaycan xalqına deyilsin ki, seçkilər onsuz da alternativ əsasda keçirilir. Müxalifətin xeyli sayda namizədləri qeydə alınıb. O tamam başqa situasiya idi. Amma indi əgər sona qədər Rüstəm bəyə bu seçki kampaniyasında iştirak imkanı verilməsə, istisna etmirəm ki, onun özü demokratik qüvvələrə müraciət edə bilər ki, Milli Şura seçkidən kənarda qalmasın və bu halda yeni bir situasiya yaranmış olacaq. Bu məsələ müzakirə olunmalıdır. Mənim təklifim ondan ibarətdir ki, bu halda axıra qədər Rüstəm bəyin vahid namizədliyinə israr etmək, onun namizədliyi üçün hazırlıqları davam etdirmək şərtilə Milli Şura özünün növbəti dəfə vahid namizədini müəyyənləşdirməlidir.

AXCP öz siyasətində ardıcıl olmalıdır. Biz əvvəldən bəyan etmişik ki, ölkədəki siyasi vəziyyət ayrı-ayrı siyasi qüvvələrin və namizədlərin seçkidə iştirak edib uğur qazanmasına imkan vermir. Əvvəlcədən dediyimiz kimi, biz seçkidə iştirak etmək istəyirik, seçki şousunda yox. O seçki kampaniyasında iştirak etmək istəyirik ki, orada qələbə çalmaq imkanları olsun. Əvvəlcədən qələbə vəd etməyən hər hansı seçki kampaniyasında iştirak etmək isə saxtalaşdırılması labüd olan seçkilərin demokratik və alternativli əsasda keçirildiyi görüntsünü yaratmaqda hökumətə kömək etmək kimi qiymətləndirilə bilər. Bunun olmaması üçün biz demokratik düşərgədəki bütün həmkarlarımıza öz mesajımızı çatdırmalıyıq ki, Rüstəm İbrahimbəyovun hətta sənədlərinin MSK-ya təqdim olunmasına imkan verilməyəcəyi, onun özünün də belə bir istəyi olacağı təqdirdə Milli Şuranın vahid namizədi yenidən müəyyənləşdirilməlidir. Azərbaycan Xalq Cəbhəsi Partiyası növbəti dəfə Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədinin müəyyənləşdirilməsində də konstruktiv mövqedən çıxış etməlidir. Bizim üçün Milli Şuranın, demokratik qüvvələrinin birliyinin və nəhayət, qarşıdan gələn seçkilərdə uğur əldə etmək fürsətinin qorunub saxlanılması strateji vəzifədir. Ona görə də qarşıdan gələn danışıqlarda, müzakirələrdə indiyə qədər olduğu kimi, konstruktiv mövqedən çıxış etməliyik – başqa siyasi qüvvələr konsensus əldə edəcəyi təqdirdə, ölkənin hər hansı tanınmış ictimai, siyasi xadiminin yenidən demokratik qüvvələrin vahid namizədi olması prosesinin iştirakçısı olmalıyıq, bu prosesi dəstəkləməliyik.

Eyni zamanda Azərbaycan Xalq Cəbhəsi Partiyası özünün bu seçkilərdə iştirakı ilə bağlı son qərarlarını da verməlidir. Mən şəxsən belə hesab edirəm ki, partiyanın sədri olaraq, AXCP öz namizədi ilə bu seçki kampaniyasında dostlarımız, müttəfiqlərimiz, həmkarlarımız məhz AXCP-nin namizədinin demokratik qüvvələrin vahid namizədi olması razılığına gələcəyi halda iştirak edə bilər. Yox, əgər proseslər belə bir birliyin alınmaması istiqamətində gedərsə, bütün partiyaların namizədlərinin seçkidə iştirakı ilə bağlı mövqe ortaya qoyularsa demokratik qüvvələrin seçkidə vahid namizədlə iştirakı mövqeyinə xələl gələrsə, şəxsən mənim belə bir nəticəsi əvvəlcədən məlum olan kampaniyada iştirak etmək niyyətim yoxdur. Məncə, partiyamızın üzvləri də bu fikri dəstəkləyəcəklər.

Açıq danışmaq lazımdır. Mən əminəm ki, Azərbaycan Xalq Cəbhəsi bu gün respublikada ən yaxşı təşkilatlanmış partiyadır, ölkədə ictimai rəyin müəyyənləşməsində həlledici sözə sahibdir, istisnasız olaraq bütün regionlarda söz sahibidir, ölkənin demokratik kəsimində böyük etimada sahibdir, Azərbaycan gəncliyindən ciddi dəstək alır. Əminəm ki, ölkədə demokratik seçki şəraiti olarsa Azərbaycan Xalq Cəbhəsi Partiyası təkbaşına da Azərbaycan iqtidarının istənilən namizədini məğlub edə bilər. Lakin ölkədə demokratik seçki mühiti olmadığına, müxalifətə qarşı bütün zorakı, iyrənc vasitələrdən istifadə olunduğuna, seçki komissiyaları tam olaraq hökumətin kontrolunda olduğuna görə seçkilərdə qalib gəlmək üçün sadəcə seçicilərin 51, 52, 53 və sair faizinin səsini almaq yetərli deyil. Belə bir cəmiyyətdə demokratik qüvvələr elə bir böyük çoxluğa, üstünlüyə sahib olmalı, məsələn, 80 faizin 20 faizə nisbətdə qalib gəlməlidir ki, artıq o nəticəni müxalifətin əlindən almağa heç bir qüvvə cürət edə bilməsin. Gerçəkdən də bu prosesdə xalq hakimiyyəti zəbt etmiş qrupun qarşısında bir yumruq kimi hərəkət etsin, hamı birlikdə olsun. O halda Azərbaycan kimi sülalə hakimiyyətlərini demokratik seçkilərə məcbur etmək olar. Hesab edirəm ki, belə bir imkan hələ də var. Ona görə də heç bir məyusluğu, ruh düşkünlüyünü yaxın buraxmadan ilk növbədə Rüstəm bəyin namizədliyini sona qədər və israrla müdafiə olunması, sonra da situasiaya görə birlikdə və Azərbaycan naminə, Azərbaycanın demokratikləşməsi naminə atacağımız addımların hamılıqla dəstəklənməsi, bu seçki kampaniyasından maksimum istifadə etmək üçün Azərbaycan Xalq Cəbhəsinin bütün strukturları səfərbər olmalıdır və Xalq Cəbhəsinin bütün rayon təşkilatları əmin olmalıdır ki, bizim verəcəyimiz qərarlarda heç bir zaman motiv şəxsi qazanclarımız olmayacaq. Bizim verəcəyimiz qərarların arxasındakı motiv Azərbaycan xalqına və əzilən, mübarizə aparan, sınmayan cəbhəçilərə ən yaxşı xidmət etmək olacaq. Azərbaycan üçün ən yaxşı nə olacaqsa, o qərarları verəcəyik.

AXCP sədrindən sonra Ali Məclisin və Sədr Aparatının üzvləri çıxış etdilər. Çıxıışçılar AXCP-nin milli maraqlar, demokratik düşərgənin birliyi naminə öz ambisiyalarından geri çəkilməsini doğri addım kimi qiymətləndirdilər və İbrahimbəyovun uğurlu seçim olduğunu, son məqama qədər onun namizədliyini müdafiə etməyin gərəkliyini bildirdilər. Yarana biləcək yeni situasiyada partiyanın atmalı olduğu addımlara gəlincə, çıxışçıların hamısı bundan sonra da birliyi qorumaq naminə qərar verməyin vacibliyini qeyd etdilər.
Çıxış edən rayon şöbə təmsilçiləri eyni zamanda ötən sessiyada seçkiyə hazırlıqla bağlı qəbul edilmiş qərarın icrası haqda hesabat verdilər. Bəlli oldu ki, yerlərdə AXCP şöbələri artıqtəşəbbüs qrupları yaratmaq, seçki qərargahları formalaşdırmaq istiqamətində ciddi nəticələr əldə ediblər.
Çıxışçılardan partiya sədrinin müavini Asəf Quliyev dedi ki, hakimiyyətin saxtakar mahiyyətini nəzərə alaraq, ölkədə dəyişikliyin yalnız seçki yolu ilə baş verəcəyini gözləmək sadəlövhlük olardı. Bunun üçün Azərbaycan xalqı səfərbər olunamlı, meydanlara çıxıb öz haqqını tələb etməlidir.
Sədrin müavinlərindən Fuad Qəhrəmanlı təklif etdi ki, Milli Şuranın 12 avqust sessiyasında qurumun yeni vahid namizədi müəyyənləşsin. "Milli Şuranın seçkiyə bir neçə namizədlə getməsinə heç bir halda yol vermək olmaz" deyən Qəhrəmanlı fikrini belə əsaslandırdı ki, bu halda Milli Şura bir qurum olaraq əhəmiyyətini itirər və cəmiyyətdə məyusluq yaranar.
Sədrin digər müavini Gözəl Bayramlı isə demokratik qüvvələrinyeni vahid namizəd müəyyənləşdirmək zərurəti qarşısında qalacağı təqdirdə, bu rola ən layiqli namizədin məhz AXCP sədrinin olduğunu nəzərə almalarının gərəkdiyini ifadə etdi. "Xalq Cəbhəsinin, onun lideri Əli Kərimlinin haqqı nəhayət, tanınmalıdır", deyə o, bildirdi.
Cəbrayıl şöbəsinin sədri Aydın Əliyev partiiya sədri Əli Kərimlinin məzilinə gizli daxil olma faktını diqqətə çatdıraraq, Ali Məclisin buna münasibət bildirməsini təklif etdi və təklif qəbul olundu. Məclis bununla bağlı bəyanatla çışıx etmək qərarına gəldi.

Müzakirələrə AXCP sədri Əli Kərimli yekun vurdu. O, partiyadaxili bəzi təşkilatı məsələlərlə bağlı tövsiyələrini çatdırandan sonra mənzilinə "çağırılmamış qonaqların daxil olması" faktına münasibətini ifadə etdi və Məclisin alqışını qazanan mesajlar verdi:
– Son vaxtlar mənzilimdə olmuş çağırılmamış qonaqlarla bağlı bir neçə kəlmə demək istəyirəm. Mən sizin hər biriniz kimi, çox yaxşı bilirəm ki, kimlərlə, hansı əqidənin, mənəviyyatın sahibləri ilə mübarizə aparıram. Ona görə də özüm uzun illərdən bəri bu kredonu qəbul etmişəm, cəbhəçilərə də tövsiyyə edirəm: Bu cür qansız və vicdansız hakimiyyətlə üz-üzə olanlar kompromatsız yaşamalıdır. Heç nədən narahat deyiləm, şəffaf həyat yaşayıram. Heç bir böhtandan şərdən də qorxmuram. Nə bilirlər etsinlər. Bizim yolumuz haqq yoludur.
Daha sonra o, partiyanın seçkiyə hazırlıq səviyyəsi barədə verilən hesabatlar əsasında qiymətləndirmə apardı:
– Qısa müddət ərzində Azərbaycan Xalq Cəbhəsi Patiyasının bütün yerli təşkilatları imzatoplama kampaniyasına hazırlıq səviyyəsinə gəliblər. Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması üçün nəzərdə tutulan 45 min imzanı nəinki Milli Şura birlikdə, tək Azərbaycan Xalq Cəbhəsi ən qısa zamanda toplamağa hazırdır. Bütün dairələr üzrə seçki qərargahları formalaşıb. Rüstəm İbrahimbəyovun namizədlinin irəli sürülməsi üçün 100-300 nəfər arası tərkiblə 60-a yaxın təşəbbüs qrupu yaranıb, hazırdır. Bütövlükdə partiyanın rayon təşkilatlarında bu günə qədər 10 min nəfərdən artıq könüllü qeydiyyatdan keçib ki, seçki kampaniyasında müxalifətin vahid namizədinin təbliğat və təşviqat kampaniyasını aparsınlar. Bu ağır şəraitdə bunu bacardığınıza görə hamınıza təşəkkür edirəm.
Əlbəttə, bizim apardığımız əzmli fəaliyyətə baxmayaraq, çox təəssüf ki, cəmiyyətdə, o cümlədən, müxalifətin daxilində qarşısına ruh düşkünlüyü yaratmaq, hökumətin layihələrinin icrasını asanlaşdırmaq, müxalifət daxilində təfriqələr yaradıb onu dərinləşdirmək istəyənlər də var. Ona görə də bu seçki kampaniyasının başlandığı mərhələdə sizə müraciət edib demək istəyirəm: Bəlkə bir çoxları elə şüurlu şəkildə çalışırlar ki, yenidən ölkənin gündəminə müxalifətdaxili hansısa mübahisələr, intriqalar gəlsin? Bəlkə bu seçki kampaniyasının hər günü bizim üçün qiymətli olan bu 2 ayında kimlərsə məqsədyönlü və kimlərinsə vasitəsilə ölkə müxalifətini daxili müzakirələrə çəkirlər? Bəs bizim təmkinimiz, bizim ümumi maraqlar naminə hər zaman soyuqqanlı yanaşmamız necə olsun? Ona görə də bütün cəbhəçilərdən xahişim odur ki, bu seçki kampaniyası müddətində xüsusilə heç bir bəhanə vermədən, kimin səhv, kimin düzgün hərəkət etməyindən aslı olmayaraq, müxalifətdaxili didişmələr görüntüsü yaratmaqda heç kimə kömək etməsinlər. Bütün gücümüz, resurslarımız müxalifətin ümumi qələbəsi üçün səfərbər olunmalıdır. Daxildə sizi qıcıqlandıran, rastlaşdığınız haqsızlıqların hamısına dözümlü yanaşın, onları reaksiyasız buraxın. Zaman məsələləri həll edəcək. Xalqımız da hər şeyi qiymətləndirə bilir. Xalqımızın gözü gerçəkdən də tərəzidir. Kimin hansı yolda olduğunu, kimin nə üçün çalışdığını, kimin amalının nə olduğunu bilir.
Sonda AXCP sədri Məclisin qəbul edəcəyi qərarlarla bağlı təkliflərini səsləndirdi.
Sessiya aşağıdakı qərarların qəbul edilməsi ilə başa çatdı:
1.Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov vahid namizəd olaraq sonadək dəstəklənsin. Seçki kampaniyasına hazırlıq davam etdirlisin.
2.Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığına son qoyulmayacağı halda, Rüstəm İbrahimbəyovun özünün də məqsədə uyğun saydığı təqdirdə təklif olunsun ki, Milli Şura növbəti dəfə vahid namizəd müəyyənləşdirərək seçkilərə vahid qüvvə kimi getsin.
3.Ölkə müxalifətinin birlik modeli olaraq Milli Şuranın qorunub-saxlanması prioritet vəzifə elan olunsun.
4.Seçki kampaniyası dövründə partiyanın üzləşdiyi şəraitə uyğun olaraq qərar qəbul etmək ssəlahiyyəti Rəyasət Heyətinə verilsin.



