Güneyli fəallar aclıq aksiyasını dayandırdı

İranda iyulun 13-dən aclıq edən azərbaycanlı məhbuslar Lətif Həsəni, Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli, Behbud Quluzadə aksiyanı dayandırıblar. Azərbaycanlı fəallar qanunsuz təşkilat yaratmaqda və dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırılaraq 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhbuslar hökmə və zindanda saxlandıqları şəraitə etiraz əlaməti olaraq aclıq aksiyası keçirirdilər.

APA-nın avqustun 9-da yaydığı məlumata görə, Kərəcin Rəcayişəhr zindanından göndərdikləri məktubda fəallar yazır: “Azərbaycan türklərinin təbii və milli hüquqları uğrunda açıq və mədəni şəkildə çalışdığımız üçün uzunmüddətli həbs cəzasına məhkum olmuşuq. Bu ədalətsiz, qanunsuz və siyasi məhkəmə qərarına etiraz olaraq müstəqil və açıq məhkəmədə Azərbaycan türklərinin haqq istəklərini və öz qanuni çalışmalarımızı müdafiə etmək tələbi ilə bu günə qədər aclıq aksiyasındayıq. Ancaq bu haqq və qanuni istəyimizə İran Məhkəmə Sistemi tərəfindən cavab verilmədən Təbrizdən Kərəc şəhərinin Rəcayişəhr həbsxanasına sürgün edildik.

Aksiyanı sonadək davam etdirmək qərarımıza baxmayaraq son günlər ölkə daxilindən və xaricindən xeyli müraciət aldıq. Ona görə də müvəqqəti olaraq Ramazan bayramı günündə aclıq aksiyasını dayandırırıq. Ancaq hər şey məhkəmənin son qərarından asılıdır. Səsimizə səs verib bizim demokrat və humanist düşüncələrimizi dünyaya çatdırmağınız, sizdən gələn dəstək yolumuza olan inancımızı daha da artırıb. Birlikdə irqçilik və ayrı-seçkilikdən uzaq, demokratik bir toplum yaratmağı bacara biləcəyimizə inanırıq. Yolumuz haqdır, qələbə bizimlədir!”