“Əliyevlər ölkəni ələ keçirib”

Avropada Azərbaycanın dövlət başçısı bu cür xarakterizə olunur

«Eastbook.eu»: «Ilham Əliyev «ilin korrupsioneri» elan olunub»

Bir neçə il əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko regional KIV-lərin nümayəndələrilə söhbət zamanı demişdi: “Sizin üçün prezidentlik çarlıqdır, mənim üçünsə iş, özü də çox ağır işdir”. Avropa Ittifaqının “Şərq tərəfdaşlığı” proqramı üzrə ixtisaslaşmış “eastbook.eu” portalı bu proqramın iştirakçısı olan ölkələrin prezidentlərini müqayisə etməyə, onları həm bir lider, həm də şəxsiyyət kimi xarakterizə etməyə çalışıb.

Viktor Yanukoviç

Ukrayna prezidenti Viktor Yanukoviç Donetsk vilayətində Yenakiyevo yaxınlığındakı kənddə anadan olub. Iki yaşında olarkən anasını itirib. Atası yenidən evlənsə də, ögey ana ilə münasibətlərin yaxşı olmaması səbəbindən Viktor Yanukoviç ata evini tərk edərək nənəsinin yanına köçüb.

Bu heç də o demək deyil ki, Yanukoviç boş yerdən çıxıb.

Əlbəttə, rəqibləri bu məqamı yaddan çıxarmırlar, amma Yanukoviçin əhəmiyyətli dərəcədə iş təcrübəsi var. Əvvəl o, texnik işləyib, ardınca karyerası uğurla inkişaf edib və şirkətin rəhbəri olub. Daha sonra siyasətə gəlib. Yanukoviçin siyasi yolunda ən əhəmiyyətli məqam onun baş nazir təyin olunması idi. 2002-ci ildə o vaxtkı prezident Leonid Kuçma baş nazir Anatoli Kinaxı vəzifəsindən azad edərək, bu posta Viktor Yanukoviçi təyin edib.

Ukraynada narıncı inqilabdan sonra Yanukoviç müxalifətə keçdi. Çünki həmin vaxt Viktor Yuşşenko prezident olmuşdu. 2010-cu ildə Yanukoviç qisasını aldı və Ukrayna prezidenti oldu.

Yanukoviç açıq və şəffaf olmağa çalışır, öz gəlirləri haqda hesabatları mütəmadi olaraq öz saytında yerləşdirir. Amma onun gəlirlərilə bağlı hesabatlar həmişə mübahisələrə səbəb olur. Hesabatlarda göstərilənlərə görə, o, öz kitablarına görə nəşriyyatlardan böyük məbləğdə qonorarlar alır. Amma təkcə keçən il o, bu işə 1,5 milyon manat vəsait sərf edib. Yeri gəlmişkən, jurnalistlər onun kiatbalarını mağazalarda tapa bilməyiblər. Maraqlıdır ki, onun 2011-ci ildə ingilis dilində dərc olunmuş “Ukraynanın imkanları” adlı kitabı sonradan plagiat hesab olunub.

Ukraynanın hazırkı prezidenti idman, ov həvəskarıdır, it saxlayır, avtomobilin sürətlə hərəkət etməsindən zövq alır. Internetdə onun gülməli vəziyyətə düşməsilə bağlı videolar doludur. Əlbəttə, bütün siyasətçilər gülüş doğuran vəziyyətə düşürlər, amma Yanukoviç belə “qəribə hallarla” tez-tez rastlaşır.

Aleksandr Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko ötən il “Reuters” agentliyinə müsahibəsində deyib ki, özünə həsəd apara bilər, çünki Avropada sonuncu və yeganə diktatordur. Lukaşenko da Yanukoviç kimi kəndli ailəsindəndir. Aleksandr heç vaxt öz atasından danışmayıb. Çünki onu anası böyüdüb, tərbiyə edib. Ailəsindəki problemlərə baxmayaraq, Lukaşenko yaxşı karyera qura bilib.

O, siyasətdə Belarus Ali Şurasının birinci katibi Stanislav Şuşkeviçi tənqid edəndən sonra məşhurlaşdı. Lukaşenko korrupsiyaya qarşı mübarizə aparan, böyük ambisiyaları olan gənc və perspektivli siyasətçi obrazı yaratmışdı. O, 1994-cü ildə keçirilən seçkilərin ikinci turundan sonra 80,1 faiz səslə qələbə qazanaraq, prezident oldu.

2004-cü ildə Belarusda referendum vasitəsilə eyni şəxsə istədiyi qədər prezident olmaq imkanı yaradıldı. Belarusda sonuncu seçki 2010-cu ildə keçirildi. Müxalifətin mitinqləri və həbslərdən sonra Avropa Ittifaqı Belarusa qarşı sanksiyalar tətbiq etdi. Lukaşenko özü də daxil olmaqla, bir sıra məmurların Avropa Ittifaqı ölkələrinə girişinə qadağa qoyuldu. Belarusla Qərb arasında münasibətlər son dərəcə gərginləşdi.

Nikolay Timofti

Moldova prezidenti Nikolay Timoftinin də kəndlə bağlı keçmişi var. O, çoxuşaqlı ailədə böyüyüb və rayon yollarında fəhlə işləyib. Fəaliyyətə avtomobil təmirçisi kimi başlayan Nikolay fəhləliyin daşını atmaq qərarına gəlib. Moldova prezidenti ali hüquq təhsili alıb və vəkil kimi karyera qurub. Bundan başqa, o, Ədliyyə Nazirliyində məsləhətçi, hakim işləyib. Nəhayət, 2012-ci ildə Moldovanın prezidenti olub.

Moldovada prezidenti parlament seçir. 2009-cu ildən ölkədə prezident postu boş idi. Çünki prezidenti seçmək üçün edilən dörd cəhdin heç biri nəticə verməmişdi. Namizədlər lazım olan qədər – 101 səsdən ən azı, 61-ni ala bilməmişdilər.

“Mən Avropanın kasıb ölkəsinin prezidenti oldum. Yoxsulluğa qarşı mübarizə çox çətindir”, – deyə Timofti prezident seçiləndən sonra bildirmişdi.

Bu yaxınlarda prezident deyib ki, Moldova üçün Avropaya inteqrasiyadan başqa alternativ yoxdur. Bu bəyanat təsadüfi deyil. Moldova noyabrda Vilnyüsdə keçiriləcək sammitdə Assosiasiya sazişini paraflamaq, ardınca da 2014-cü ildə sazişi imzalamaq niyyətindədir.

Maraqlıdır ki, Timofti heç vaxt ictimai fiqur olmayıb, siyasətə meyl etməyib. Onun üç oğlu var, onlardan biri tələbə-iqtisadçıdır, ikincisi idman jurnalistidir. Üçüncü oğlu isə ABŞ-da yaşayır.

Ilham Əliyev

Azərbaycan prezidenti Ilham Əliyev KQB generalı Heydər Əliyevin ailəsində doğulub və hakimiyyəti də ölkəni təxminən 30 il idarə etmiş atasından miras alıb. Ilham Əliyev Moskva Dövlət Beynəlxalq Əlaqələr Institutunu bitirib. Biznesmen, deputat olub. 2003-cü ildə atası Heydər Əliyev müalicədə olarkən o da prezidentliyə namizəd olub. Həmin dövrdə dövlət televiziyası elan etdi ki, ata oğlunun xeyrinə namizədliyini geri götürür.

Azərbaycanda müxalifət qüvvələri Əliyevlər ailəsinin ölkəni ələ keçirdiyini bildirir. “Organized Crime and Corruption Reporting Procect” təşkilatı Ilham Əliyevi “ilin korrupsioneri” elan edib. Ekspertlər Əliyevlər ailəsinin nəinki ölkə daxilindəki şirkətlərindən, hətta başqa ölkələrdə də gizli biznesindən danışır.

Media xəbər verir ki, Azərbaycanın dövlət başçısı turizm həvəskarıdır, xizək sürmək və avtomobili yüksək sürətlə idarə etməkdən zövq alır. Sosial şəbəkələrdə də prezident və xanımının istirahət etdiyini göstərən çoxsaylı fotoşəkillər tapa bilərsiniz.

Serj Sərkisyan

Ermənistan prezidenti Serj Sərkisyan Xankəndində – Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. Baxmayaraq, o, filoloq ixtisasına yiyələnib, amma vaxt olub ki, mexanik işləyib, Sovet Hərbi Qüvvələrində xidmət edib. O siyasi karyerasına “Komsomol”da başlayıb. O, “Komsomol”da müxtəlif vəzifələrdə təmsil olunub – şöbə müdirindən tutmuş, birinci katibin köməkçisinə qədər. SSRI dağılandan sonra Ermənistanın daxili işlər naziri, müdafiə naziri və baş naziri olub. Onun tərcümeyi-halında bir prezidentlik çatmırdı.

2008-ci ildə Sərkisyan Ermənistan prezidenti olanda ölkəni etirazlar dalğası bürüdü. Onun əsas rəqibi isə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan idi. O, Sərkisyanı seçkini saxtalaşdırmaqda günahlandırırdı. Müxalifətin mitinqləri faciə ilə nəticələndi: nümayişçilərə qarşı zorakılıq tətbiq olundu, 10 nəfər həlak oldu. Ötən il də Ermənistanda prezident seçkiləri asan keçmədi, amma heç olmasa, bu dəfə tələfatsız ötüşdü.

Mixail Saakaşvili

Gürcüstan prezidenti Mixail Saakaşvili də öz növbəsində istisnadır. O, ziyalı ailəsində böyüyüb. Onun təhsil aldığı və işlədiyi yerləri sadalamaq bir qədər vaxt aparacaq. Orta məktəbdə Saakaşvili “Komsomol” katibinin müavini olub. O, hüquq təhsili alıb və məsləhətçi hüquqşünas işləyib. Ardınca Florensiyada Avropa Hüququ Akademiyası və Haaqada Beynəlxalq Hüquq Akademiyasında təcrübə keçib. Bundan başqa, Norveçin paytaxtı Osloda insan hüquqları institutunda işləyib.

Bu, bioqrafiyadan çox arzuya oxşayır. Saakaşvili ingilis, fransız, ukrayna, rus və ispan dillərində danışa bilir.

O, 2003-cü ildə deputat oldu, ardınca da dinc inqilab nəticəsində prezident Eduard Şevardnadzenin istefaya getməsindən sonra növbədənkənar prezident seçkilərinin keçirilməsinə nail oldu. Onun hər iki prezidentliyinin asan keçdiyini demək olmaz: gürcü-osetin münaqişəsi, müxalifətin tənqidləri, Rusiya ilə gərginləşən münasibətlər…

Hazırda parlamentdəki çoxluq Saakakşvilini büdcə vəsaitlərini mənimsəməkdə, hətta 2008-ci ildə baş vermiş Gürcüstan-Rusiya müharibəsinə bais olmaqda ittiham edir.

Gürcüstanda növbəti prezident seçkisi oktyabrın 27-nə planlaşdırılır.

Siyasət şöbəsi