Sakinlərin rahatlığını pozan tikili (VİDEO)

Yeni Yasamaldakı 1 və 2 saylı evin sakinləri həyətdə tikilən binanın sökülməsində israrlıdır

1500-ə yaxın sakinin yaşadığı Yeni Yasamal qəsəbəsindəki 1 və 2 saylı binaların həyətində söküntü-tikinti işləri gedir. Bir tərəfdə sökülür, o biri hissədə nəsə ucaldılır. 

Söhbət “Gülüstan” şadlıq sarayının arxası, “televiziyanın binası” kimi tanınan ərazidən – onmərtəbəli binanın həyətindən gedir. Bir nömrəli bina 1990-cı ildə AzTV-nin işçilər üçün tikilib. 23 il ərzində AzTV-dən ev alan əməkdaşların çoxu evlərini satıb bu məhəllədən biryolluq gediblər. Qalanlar isə…

İcra başçısı vəd verdi və…

Yaxın günlərə qədər sözügedən ünvan avtoparkı xatırladırdı. Sakinlərin birinin dediyinə görə, bir neçə sakin həyəti öz aralarında bölərək MIS-dən razılıq da aldılar. Beləliklə, ərazidə 8 qaraj, 5-6 torla hasarlanmış ərazi, bir ayaqqabı təmiri köşkü tikildi. 

Ötən ay isə sakinlər bir yerə toplaşaraq Yasamal Rayon Icra Hakimiyyətinə şikayətə getdilər: “Icra başçısı Ibrahim Məmmədov şikayətçiləri dinlədi, üstəlik, məsələni yerində araşdırmaq üçün həmin gün axşam həyətə gəldi. O gələn zaman həyətdə yeni başlanan tikilidə iş gedirmiş. Ibrahim müəllim işi araşdırdı, qarajların, tikililərin qanunsuz olduğu ortaya çıxdı və qanunsuz tikililərin, hasarların sökülməsi, dəmir qarajların götürülməsi barədə göstəriş verdi. Icra başçısı vəd etdi ki, oktyabrda baş tutacaq prezident seçkilərinəcən bu həyət abadlaşdırılacaq, sakinlərin istirahəti üçün gözəl şərait yaradılacaq. Biz bu xəbərə sevindik. Səhəri gün söküntü işləri başlanıldı. Qanunsuz tikililərin hamısı yerlə-yeksan edildi. Ancaq bir tikilidən başqa. Baxmayaraq ki, qarajlar sökülən zaman bu qanunsuz tikilinin bünövrəsi üstündə iki daş vardı. Heç kim ona bata bilmədi. Beləliklə, tikili ucalmağa başladı”.

Sakinlərin sözlərinə görə, həmin tikilinin sahibi Təhsil nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadənin qardaşı Əli Hüseynzadədir: “O, qardaşına güvənərək ürəyinə nə yatırsa, onu da edir. Nə qədər xahiş etsək də, nəsihət versək də, ”Mənə heç kim heç nə edə bilməz. JEK-i də, icranı da razı salmışam, tikdirəcəm” deyib durdu. Iş o yerə çatdı ki, icra başçısı da ona bata bilmədiyini etiraf etdi”.

445 nəfərin müraciətinə baxan yoxdur

Sözügedən binada yaşayan Fədail Tağıyev deyir ki, həyətdə qalan qarajların sökülməsinə heç kim söz deyə bilmir: “Biz görəndə ki, icra hakimiyyətində oturanların gücü çatmır, məcbur qalıb Prezident Administrasiyasına, Mehriban Əliyevaya məktub yazdıq. Bu müraciətlər də səmərəsiz olduğu üçün problemin həllini məhkəmədə görürük”.

Sakin Şamo Həsənovun sözlərinə görə, 445 nəfərin imzası ilə bütün qurumlara müraciət ediblər: “Biz həyətdə sökülməyən bu tikilinin inşasına kimin icazə verdiyini bilmirik. Göndərdiyimiz sorğulara isə heç bir cavab verilmir. Növbəti dəfə yenə 500-ə yaxın sakinin adından soğru göndərəcəyik. Bu işin sonuna getmək fikrimiz var. Qanunda da yazılıb ki, binanın həyəti orada yaşayanların mülkiyyətidir. Kim hər hansı bir tikili ucaltmaq istəyirsə, mütləq bütün sakinlərin razılığı olmalıdır. Ancaq heç bir sakinin razılığı alınmayıb, kimsənin fikrinə diqqət yetirilməyib. Vətəndaşların hamısı bunun əleyhinədir. Bir sözlə, 1500 nəfər sakini olan bu binaların adamları bir nəfərə gücü çatmır”.

Məsələylə bağlı Bayram Hüseynzadə ilə əlaqə saxlamağa çalışdıq. Onun bizdə olan nömrələrinin heç birinə zəng çatmadı.

Ramin DEKO