Mətbuata qarşı bir cinayətin izi ilə…

Rusiyanın rabitə naziri Nikolay Nikiforov bir həftə öncə yeni sərəncam imzalayıb. Sərəncam qəzet köşkləri ilə bağlıdır. Fərmanı oxuyarkən, hətta avtoritar Rusiyada hökumətin mətbuata münasibətinin bizdəkindən qat-qat yaxşı olması adamı heyrətə gətirir.

Sərəncama görə, bundan sonra qəzet köşklərinə aylıq icarə haqqı olduqca güzəştli şərtlərlə müəyyən ediləcək. Inanmayacaqsınız… Sərəncamda deyilir ki, əhalisi 1 milyondan çox olan şəhərlərdə köşklərə verilən yerlərin icarə haqqı 1 kvadrat metr üçün 30 rubldan (təxminən 75 qəpik) çox ola bilməz, əhalisi 100 mindən 1 milyonacan olan şəhərlərdə 20 rublu (təxminən 50 qəpik), rayon mərkəzləri və kəndlərdə isə 5 rublu (təxminən 13 qəpik) aşa bilməz. Köşklər kiçik olduğundan Moskvada 1 köşkə görə icarə 5 dollardan, rayon və kəndlərdə 1 dollardan az olacaq.

Sərəncam bununla bitmir. Onun digər hissəsi qəzet köşklərinin sayını artırmağı nəzərdə tutur, daha doğrusu, bunun üçün məcburi minimum say müəyyənləşdirilir. Köşklərin sayı həmin həddən aşağı ola bilməz. Hamı bilməlidir ki, qəzetlərin satışı həm də köşklərin sıxlığından (sayından) asılıdır. Köşk nə qədər çox olarsa, qəzet üçün “çörək” də bir o qədər çox olur, yəni nəşrlər daha çox satılır. Bütün dünyada bir normativ var, normal ölkələr çalışır ki, köşklərin sayı əhalinin sayı ilə uyğunlaşdırılsın. Beynəlxalq yayımçılar birliyi olan DISTRUPRESS müəyyən edib ki, mətbuata normal şərait yaradılmış ölkələrdə hər 1 köşkə düşən əhali sayı 2000 nəfəri aşmır. Hətta çox ölkələrdə köşklər daha sıxdır.

Mən aşağıdakı diaqramı 4 il bundan öncə hazırlamışam. Azərbaycandakı köşklərin sayına, hətta səyyar satıcıları, mətbuat məhsulları satılan supermarket və digər məntəqələri də əlavə etmişəm. Amma görün nə haldayıq. O zaman hər köşkə 11 min adam düşürdü. Indi köşklərin sayı az qala, yarıbayarı azalıb, elə səyyar satıcıların da…

Rusiyada vəziyyət bizdəkindən qat-qat yaxşı idi: bizdə bir köşkə düşən əhali sayı 11 min idisə, onlarda 3 min idi. Lakin tez-tez bu məsələ qaldırılır, vəziyyətin acınacaqlı olduğu bildirilirdi. Nəhayət, rabitə naziri son sərəncamında bu məsələni də həll edib. Böyük şəhərlərdə hər 1500 nəfərə, rayon mərkəzləri və kiçik yaşayış məntəqələrində 2500 nəfərə 1 köşk olmalıdır. Həm də onlar əhalinin piyada gedişi ilə çatımlı olmalıdır.

Bizdə isə bu vəziyyət faciəvi olaraq qalır və nə qədər dilə gətirsək də, üstündən keçilir. Nəzərə alın ki, əhalimizin 45 faizindən çoxunun yaşadığı kənd yerlərində ümumiyyətlə, köşk yoxdur. “Əkinçi”nin getdiyi kəndlərə indi qəzet getmir. Hakimiyyət şəhər və qəsəbələrdə, hətta paytaxtda köşklərin sayını azaldır. Bu, siyasi məqsədlə edilir. Həm əhalinin qəzet oxumasını əngəlləyirlər, həm də qəzetlərə maddi ziyan vururlar. Təbii ki, hakimiyyətin korrupsiya pulları ilə saxladığı qəzetlər satılmadığından, ziyan müstəqil qəzetlərə dəyir. Həm də ciddi ziyandan söhbət gedir və reklamlara qadağaları da nəzərə alsaq, bu, yeganə gəlir mənbəyinin qapadılmasıdır.

Köşkləri biz “qəzet evi” adlandırırıq. Qəzet evlərini bağlayıb, jurnalistlərə ev verməyin arxasında böyük hiylələr var: müstəqil mətbuatı boğmaq, jurnalistləri məhrumiyyətlərə sürükləmək, əhalini qəzetsiz və informasiyasız qoymaq. Həm də görün nə dərəcədə amansızlığa əl atılır. Hətta belə hiyləyə Rusiyanın avtoritar hakimiyyəti də ehtiyac duymur…