“Günəşdən usanmışlar” filminin qəhrəmanı S.Kotov da elə bilirdi ki, ona bircə dəfə zəng etmək kifayətdir və axıra qədər də fikirləşdi ki, ona bu zəngi etməyə sadəcə, imkan vermədilər. Heç cür başa düşə bilmədi ki, xəttin o biri tərəfində heç kim onun zəngini gözləmirdi…
Cari siyasət haqqında fikirləşərkən, nədənsə bu epizodu xatırlamalı olduq. Amma filmi təsadüfdən yada salmadıq. Indi cərəyan edən proseslər elə bil ki, bu filmin adında ifadə olunub.
Ölkə siyasətində hakimiyyət, Milli Şura, I.Qəmbər və bir də cəmiyyət üzbəüz olmasa da, yanaşı dayanıb. Günlər keçir, Moskvadan soraq gəlmir, bəlli deyil ki, bunun axırı necə olacaq, proseslər nə ilə bitəcək?
Artıq dünən dedilər ki, hakim partiya öz namizədinin sənədlərini MSK-ya təqdim edib. Düzdür, hələ bir qədər vaxt var. Amma R.Ibrahimbəyovdan gələn soraq budur ki, onun Moskvadakı hüquqşünas dostları Konstitusiya ilə “Seçki Məcəlləsi” arasında bir uyğunsuzluq tapıblar.
R.Ibrahimbəyovun vahid namizəd məsələsinə münasibəti isə dəyişməz qalıb. O, hələ də israr edir ki, Milli Şuradan yalnız bir namizəd irəli sürülməli və axıra qədər həmin namizəd qalmalıdır.
Milli Şurada da çoxluq onun tərəfindədir. Bir I.Qəmbər daha bir intellekutal axtarmağı, alternativ namizədi müəyyənləşdirməyə təklif edir.
Milli Şuradakı digər siyasət adamları bununla razılaşmırlar.
Bir daha əvvəlki formata…
Vəziyyət tədricən Milli Şura hüdudlarından kənara, əvvəlki Ictimai Palata səviyyəsinə çıxmaqdadır. Bir qrup Palata üzvü qurumun sessiyasını çağırmaq təklifilə çıxış edib. Onlar bunun səbəblərini açıqlamasalar da və daha çox fəaliyyətinə hələ ki xitam verilməyən təşkilatın öz fəaliyyətini davam etdirməli olduğu fikrini əsas götürsələr də, heç şübhəsiz ki, sessiyada əsas məsələ Milli Şuranın vahid namizədi ilə bağlı olacaq.
Vəziyyətin ötəri analizi göstərir ki, Milli Şuradakı əksəriyyət seçkinin boykot olunmasını da istisna etmir. Yalnız Müsavat partiyası və bir də onun başqanı seçkidə iştirakın tərəfdarı kimi çıxış edir.
Bir çox məsələlərə aydınlıq gətirdiyi güman edilən Tbilisi toplantısından da daha dürüst məlumatlar mətbuata sızmaqdadır. Indi bəlli olur ki, Tbilisidə toplaşan müxalifət adamları daha çox kinematoqrafiya sahəsində biliklərini artırmalı olublar.
Əgər R.Ibrahimbəyov Konstitusiya ilə “Seçki Məcəlləsi” arasındakı uyğunsuzluğa istinad etməyə çalışsa, burada iki məqam ola bilər. Birincisi, əgər hər hansı bir qanunla konstitusiya arasında ziddiyyət yaranırsa, o halda Əsas Qanunun müddəaları götürülür. Üstəlik, belə məsələlər həlli daha çox Konstitusiya Məhkəməsinin predmeti hesab edilə bilər. Belə bir məsələni isə bir ay ərzində həll etmək o qədər də inandırıcı görünmür.
Maraqlıdır ki, R.Ibrahimbəyova ən çox maraq göstərənlər belə bir narahatlıq içindədirlər. Onlar bu “film”in belə uğursuz sonluqla bitəcəyini gözləmirdi. Indi də daha çox onun marağındadırlar ki, heç olmasa, hər şey bir qədər maraqlı sonluqla bitsin ki, insanlar “Bu ki, lap multiplikasiya filmi oldu!”- deməsinlər.
O, 2003-cü ili təkrar edə biləcəkmi?
Müsavat başqanına gəldikdə isə, siyasətçinin hansı səbəbdən bu qədər böyük həvəslə, özü də bilərəkdən ki, ölkədə demokratik seçki üçün çox az iş görülüb, yenə də seçkidə iştirak etməkdə israrlı olması təbii ki, müəyyən mübahisələr doğura bilər. Amma bir tərəfdən bunu başa düşmək də olar.
Uzun illər Müsavat “ana müxalifət” partiyası statusu uğrunda mübarizə aparıb və müəyyən qədər buna nail olub. Indi təbii ki, o, bu statusu qoruyub saxlamağa çalışır. Siyasətdən uzaq adam üçün bu, bir qədər anlaşılmaz görünə bilər. Amma bu ölkənin siyasət adamları hələ də hansısa məchul “X günü”nü gözləyirlər, nə vaxtsa öz ulduz saatlarının yetişəcəyinə inanırlar.
Bu, bəlkə də ən optimist ehtimaldır. Bundan daha pis variant da reallaşa bilər, ölkə siyasəti I.Qəmbərin timsalında müxalifət liderlərindən birini itirə də bilər.
2005-ci ilin parlament seçkiləri zamanı əksər müxalifət partiyalarının onlara verilən mandantlardan imtina etməsinə rəğmən I.Qəmbər iki-üç mandatla razılaşdı, onun deputatları parlamentə qatıldılar. Ən başlıcası isə budur ki, hakimiyyət onun bu addımını növbəti seçki zamanı çox özünəməxsus bir şəkildə qeyd etdi – onun partiyasından bir nəfər belə mandat almadı.
2003-cü ilin prezident seçkisindən sonra baş verənlər I.Qəmbəri bir siyasətçi kimi müəyyən qədər hifz etmişdi – çox gcülü olmasa da, hər halda seçki saxtakarlığına qarşı etirazlar oldu, insanlar həbs edildi, hətta siyasi opponentələri belə onun qələbəsini etiraf etdi…
Seçkiyə qatlacağı təqdirdə indi onu nə gözləyir? Böyük ehtimalla ona bir-iki faiz səs yazacaqlar. O, bu bir-iki faizi cəmiyyətin gözündə qaldıraraq 55 faiz edə biləcəkmi? Yoxsa 2005-ci ilin parlament seçkisində olduğu kimi “Biz ağıllı insanlarıq!”- deyərək 2-3 faiz səslə razılaşacaq?



