“Seçki yaxınlaşdıqca mediaya qarşı repressiyalar artır”

RATI hökumətə çağırış etdi

Son jurnalist həbsləri Azərbaycanda insan haqlarının vəziyyətinin kritik həddə çatdığını göstərir. Bu fikirlər Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun (RATI) yaydığı bəyanatdandır: “Azadlıq” radiosunun araşdırmaçı jurnalisti Xədicə Ismayılovaya dəstək məqsədi ilə keçirilən dinc aksiyanın işıqlandırılması zamanı 21 jurnalist saxlanılıb.

Onların mobil telefonları və kameraları müsadirə olunub, çəkilmiş kadrlar silinib. Saxlanılan jurnalistlər polis idarəsinə aparılıb və elə həmin gün sərbəst buraxılıb. Polisin ictimai hadisələri işıqlandırmaqla öz vəzifə borcunu yerinə yetirən jurnalistlərə təzyiq göstərərək onları saxlaması narahatlıq yaratmaya bilmir”. 

RATI sədri Emin Hüseynovun sözlərinə görə, jurnalistlərin qanunu pozmadığı və polisin işinə müdaxilə etmədiyi müddətdə nümayiş və mitinqləri işıqlandırmalarına şərait yaradılmalıdır: “Jurnalistlərin saxlanılması ”P.S. Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin tutulması və silahlı xuliqanlıqda ittiham olunaraq barəsində iki ay həbs-qətimkan tədbirinin seçilməsindən cəmi bir neçə gün sonra baş verib”.ÿ

RATI S.Əlibəylinin həbsini qınayaraq ona qarşı irəli sürülmüş ittihamları siyasi motivli hesab edir: “Çox güman ki, Əlibəylinin həbsinə onun hökuməti kəskin tənqid etməsi səbəb olub Biz nəinki onun dərhal azad olunmasını tələb edir, həmçinin ona qarşı irəli sürülmüş gülünc ittihamın geri götürülməsini tələb edirik”.

RATI hökuməti repressiv tədbirlərdən əl çəkməyə, Azərbaycan vətəndaşlarının fikir və ifadə azadlığını qorumağa və onlara hörmət etməyə çağırır(“Turan”).ÿ