Rusiyanın baş naziri Kiyevdə «öz adamı» olaraq kimi görürmüş?
ABŞ Rusiyanı Şimali Koreyaya çevirməyə çalışırmış
«WikiLeaks»in yaydığı daha bir məlumatda Putinin adı dövlətlərarası qalmaqalda hallanır. İnformasiyaya görə, Ukraynada son prezident seçkiləri ərəfəsində Kreml Kiyevə öz «adamını» yerləşdirmək üçün bir sıra addımlar atıb. Bu istiqamətdə isə böyük aktivlik məhz Rusiyanın baş naziri Vladimir Putinin ayağına yazılır. «WikiLeaks»ə görə, Putin Ukraynanın gələcək prezidenti kimi öncə «stavkanı» Viktor Yanukoviçə etmirmiş. Çünki əldə olunan məlumatlara əsasən Puin Yanukoviç barəsində bir o qədər də yüksək fikirdə deyildi.
Sayt Ukraynanın hazırkı xarici işlər naziri, 2009-cu ildə isə Ukraynanın Rusiyada səfiri olan Konstantin Qrişenko ilə ABŞ səfiri Con Bayerlinin görüşü zamanı müzakirə etdikləri məsələləri də ictimailəşdirib. Yayılan informasiyaların da bir çoxu məhz bu görüşdə müzakirə olunanlara əsaslanır. Qrişenko ABŞ səfirinə bildirib ki, Rusiya hakimiyyətində heç kim Kiyevin sözünü dinləmək istəmir və iki ölkə arasında qaz probleminin daha da dərinləşəcəyi gözləniləndir. Bu üzdən də Moskva Kiyevdə «öz adamının» əyləşməsini istəyir.
ABŞ səfirinin Dövlət Departamentinə göndərdiyi məlumatlara əsasən, Qrişenko ona Putinin o zamankı prezident Viktor Yuşşenkoya nifrət etdiyini, amma əsas alternativ Yanukoviçi də bu posta layiq görmədiyini bildiribmiş. Putin bu posta o zaman daha çox Yuliya Timoşenkonun sahib olmasını istəyirmiş. Çünki baş nazirin fikrincə, Timoşenkoya tam güvənmək mümkün olmasa da, onunla «iş qurmaq» olardı.
ABŞ Rusiyanı dünyadan təcrid etmək istəyirdi
«WikiLeaks»in Rusiya ilə bağlı yaydığı 2-ci qalmaqalı məlumata görə, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra ABŞ-ın Kremli dünya ictimaiyyətdən tamamilə təcrid etmək niyyəti olubmuş. Rusiyanı təxminən Şimali Koreyanın taleyi gözləyirmiş.
Əldə olunan sənədlərə görə, Rusiya Cənubi Osetiya və Abxaziyaya girdikdən sonra ABŞ bütün dünyanın Kremlə qarşı sərt mövqedən çıxış edəcəyini gözləyirmiş. Rusiya hakimiyyəti isə yaranmış situasiyada Avropanın müstəqil düşüncəsinə arxalanıb. Con Bayerlinin yazdıqlarına görə, Rusiya demək olar ki, hər gün Avropa ölkələrinə «dünyada yeni balansın» yaradılmasının vacib olduğu mesajını göndərirdi. Xatırladaq ki, Rusiyanın Gürcüstana hücumundan sonra ABŞ-ın o zamankı dövlət katibi Kondaliza Rays Kremli beynəlxalq izolyasiya ilə hədələyirdi. Rusiya bir növ yaranmış situasiyada Avropaya arxalanaraq vəziyyətdən çıxmağa və bununla da dünyaya sübut etməyə çalışırdı ki, bütün dövlətlər onunla normal əlaqələr saxlamaqda maraqlıdırlar.
Xəyal