Əlillər aksiyaya başladılar

Neft ölkəsinin 60 manat 50 qəpik müavinət alan əlilləri imzatoplama kampaniyasına start verdilər

Bir qrup əlil onlara verilən sosial müavinətlərin artırılması üçün imzatoplama kampaniyasına başlayıblar. Onlar ölkə başçısı Ilham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədova müraciətdə bildirirlər ki, əlillik üçün verilən 60 manat 50 qəpik onların yaşaması üçün yetərli deyil.

“1-ci qrup uşaqlıqdan əlillərə, xüsusilə baş-beyin, onurğa zədələnmələri və əzələ distorfiyası səbəbindən dayaq-hərəkət aparatı funksiyalarının pozulması nəticəsində və digər səbəblərdən əlil olmuş uşaqlar, eləcə də 1-ci qrup əmək təcrübəsi olmayan ümumi səbəbdən əlillərə verilən müavinətin məbləği 60 manat 50 qəpik təşkil edir. Bu isə minimum yaşayış həddindən demək olar ki, iki dəfə azdır. Bu isə Konstitusiyamızın ”Əsas insan və vətəndaş hüquqları və azadlıqları”, “Bərabərlik hüququ”, “Yaşamaq hüququ” na ziddir. 1 ayda 60 manat 50 qəpik məbləğində vəsaitlə yaşamağın qeyri-mümkün olmasını sübut etmək üçün iqtisadi araşdırmaya ehtiyac yoxdur. 1-ci qrup əlillərin mövcud sağlamlıq problemlərini də nəzərə alsaq, bu müavinətin məbləği onların ehtiyacları olduğu tibbi xidmətlərinin və dərman ləvazimatlarının ödənilməsini də təmin etmir”. 

Əlillər bildirir ki, I qrup əlillərə kənar şəxslərin köməyi lazımdır, amma qanunvericilikdə onlara qulluq edən şəxs üçün ödəniş nəzərdə tutulmayıb. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”ÿqanunda yazılır ki, I qrup əlilə (əlillik səbəbindən asılı olmayaraq), sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxsin bu qulluq müddəti onun ümumi əmək stajına daxil edilir. “Əmək pensiyaları haqqında” qanunda isə valideyn olmadıqda kənar şəxsə əmək stajı yazıldığı bildirilir. Qanunlar arasındakı təzad I qrup əlillərə qulluq müddətinin əmək stajı kimi qeydiyyatdan keçməsində problemlər yaradır. Onu da qeyd edim ki, 1-ci qrup uşaqlıqdan əlilə qulluq edən ananın işləməsiÿəksər hallarda fiziki baxımdan qeyri mümkün olduğundan onlar əsasən iş stajına malik olmur və nəticədə yuxarıda göstərdiyim qaydalar onlara tətbiq edilmir. Beləliklə də, qanunun bu maddəsinin icrasında çətinlik yaranması bu maddənin işləməməsinə səbəb olur”.

ÿƏlillər tələb edirlər ki, onların pozulmuş hüquqları bərpa olunsun və onlara verilən müavinət ən azı yaşayış minimumuna uyğunlaşdırılsın. “Eləcə də bütün növ 1-ci qrup əlillərə qulluq göstərən şəxslərin də həyat şəraitini yaxşılaşdırmaq məqsədilə həmin şəxslərə minimum yaşayış məbləğində müavinət ödənilməsi məsələsinin müvafiq qanunverici və icraedici orqanlarda müzakirə edilərək həll edilməsini xahiş edirik”. 

Milli Məclisin Sosial Siyasət Komissiyasının sədr müavini Musa Quliyev “Azadlıq” a deyib ki, əlillərin müavinətlərinin artırılması Milli Məclisin və hökumətin gündəmində var.  “Sosial pensiya alan şəxslərin müavinətləri kifayət qədər artırıla bilər və yaşayış minimumuna yaxınlaşdırılmalıdır. Çox güman ki, hökumətin də bu barədə fikri var. Büdcə məsələləri müzakirə olunanda biz bunu daha dəqiq biləcəyik”. Millət vəkili bildirib ki, əlillərin müavinətləri ehtiyac meyarından aşağı olduğuna görə onlar Ünvanlı Sosial Yardım ala bilərlər. I qrup əlilə baxan şəxsin əməyi əmək stajına daxil edilməlidir. Qanunda ziddiyyət varsa, buna baxmaq olar. Əlil təşkilatları ilə işləmək lazımdır. Kimin nə müraciəti varsa, yazılı şəkildə yazıb göndərsin, baxacağıq. Sentyabrda Milli Məclisin sessiyası başlayanda da gələrlər, danışarıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də “Əlillərin Sosial Müdafiəsi haqqında qanun”un monitorinqi aparılır ki, ora hansı əlavə və dəyişikliklər olunsun. Onlar təkliflərin ora da göndərə bilərlər”.

Qeyd edək ki, ölkədə bu il üçün yaşayış minimumu 116 manat, ehtiyac meyarı 93 manatdır. Əlillər isə 60 manat 50 qəpik müavinət alırlar. 

Sevinc Vaqifqızı