Kəmaləddin Heydərovun 500 min avroluq yaxtası

Dünyada ilk olaraq «Ada-katamaran»  Xəzər dənizində tikilə bilər

Azərbaycan məmurları üçün yaxtalar Bakının Türkan qəsəbəsində hazırlanır. Yaxtaların hazırlanmasına Türkiyə şirkətlərindən biri rəhbərlik edir və bütün işçi heyəti –  mütəxəssis, usta, fəhlələr bu ölkədən gətirilib.
“Azadlıq”a məlumat verən mənbə bildirir ki, son olaraq 14 metr uzunluğunda yaxta Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov üçün hazırlanıb. 500 min avroya başa gələn yaxta 2 otaq, bir salon, mətbəx, vanna otağından ibarətdir.  Yaxtanın salonunda açılıb-bağlanan televizor da quraşdırılıb. Yaxtanı “fövqəlnazir”ə yaxın olan, neft daşıma biznesinə nəzarət edən (adını bilsək də yazmağa ehtiyac duymuruq – L.S.) bir şəxs hədiyyə edib. Nazirin peşəkar musiqiçi olduğunu nəzərə alaraq yaxtaya onun üçün piano da yerləşdirilib və nazir orada da istedadını nümayiş etdirməli olub. Deyilənə görə, nazır ona edilən sürprizi yüksək səviyyədə bəyənərək qəbul edib.
Yaxtanın hazırlanması  keçən ayın son günlərdində başa çatıb. Onun “Yaxt-klub” yaxınlığında Yaxt limana gətirilməsi nəzərdə tutulsa da, yaxtanı qaldırmaq  gücündə ola biləcək qaldırıcı kran olmayıb, Yaxtanın Ramazan bayramından sonra nazirin Xəzər dənizi sahillərində yerləşən villalarından birinin yaxınlığına aparılması qərara alınıb.
Mənbə onu da bildirib ki, türkiyəli mütəxəssislərin işini bəyənən nazır 2 yanğınsöndürmə və 2 ambulans yaxtaların hazırlanmasını təklif edib. 
Mənbə onu da əlavə edib ki, Azərbaycan hökuməti dünyada tayı-bərabəri olmayan bir layihə həyata keçirməyi düşünür.  Xəzər dənizinin ortasında 25-30 min nəfərlik “Ada-katamaran” tikmək niyyətindədir. Burada otellər, kino salonları, ticarət mərkəzləri, restoran və barlar fəaliyyət gəstərəcək. Adaya qonaqlar yaxta və gəmilərlə gələ biləcəklər. Əgər bu layihə gerçəkləşərsə dünyada yeganə katamaran olacaqdır. Artıq bu barədə məsləhətləşmələr aparıldığı bildirilir. Xatırladaq ki, belə bir ada, sadəcə 500-600  adamlıq nəzərdə tutulmuş Istanbuldakı Qalatasaray adasıdır.

Laçın SƏMLA