Qabil Hüseynliyə qarşı təzyiqlərə son qoyulsun!

Tərtərdə Müsavat başqanının keçmiş müavini Qabil Hüseynlinin qardaşı çayxana açıb, indi yerli məmurlar onu bağlamaq istəyirlər, deyirlər sən müsavatçının qardaşısan, ona görə də sənə işləmək, qəpik-quruş qazanmaq olmaz. 

Artıq bunu biz demirik. Bu ölkədə müxalifətçiliyin dışlanmaq, xor görülmək, işsizliyə, aclığa, səfalətə düçar edilmək üçün əsas verdiyini son vaxtlar müxalifəti, Milli Şuranı aşağılayan açıqlamalar verməklə məşğul olan, Ilham Əliyevi isə tərifləməkdən doymayan yeni-köhnə politoloqunuz da dilə gətirir. Öz vətəndaşına sadəcə, hakim siyasi zehniyyətdən fərqli düşündüyü, ona rəğbət bəsləmədiyi üçün bu cür münasibət bəsləyənlərin sonu tarixdən yaxşı məlumdur. Onlar tarixin səhnəsindən yavaş-yavaş silinməkdədirlər. Belə rejimlər hər zaman nifrətlə, tənə ilə, insanlığın üz qarası kimi xatırlanıb. Bundan sonra da məhz o cür xatırlanacaqlar.  

Bəli, Qabil müəllim açıqlama verib, qardaşının çayxanasının “müsavatçı” damğası ilə əlindən alınmaq istədiyini təsdiqləyib, deyib ki, görünür Tərtərdə məmurlar arasında televiziyaya baxan, qəzet oxuyan yoxdur, yoxsa belə etməzdilər. 

Düzü, onun sonuncu sözləri ilə nəyi nəzərdə tutduğu mənə bir az qaranlıq qaldı. Məsələn, mən artıq çoxdan bizim yerli telekanallara baxmasam da, hər gün qəzet oxuyuram. Hə, nə olsun? Axı bunun hansısa yaptokrat məmurun qanunsuz hərəkəti ilə nə əlaqəsi ola bilərdi? Bəyəm televiziyada “Toy olsun”a, “Toylar kralı”na, ya da “Səni axtarıram”a baxan məmurda qanunlara hörməti fontan vurmağa, insanlara qarşı mərhəmətli davranmaq hissi köpməyə başlayır? Bir az düşündüm, axırda belə qərara gəldim ki, Qabil Hüseynli tərtərli məmurların onun son vaxtlar ki, televiziya çıxışlarını, qəzetlərdəki açıqlamalarını oxumadığını nəzərdə tutur, demək istəyir ki, onlar bu çıxışları dinləyib, həmin açıqlamaları oxusalar, artıq müsavatçılığın, müxalifətçiliyin daşını atdığını, hakimiyyətirn ətəyindən ikiəlli yapışdığını görər, o zaman da belə özbaşınalıq etməzdilər. Əgər Hüseynli bunu demək istəyibsə, belədirsə, mən tərtərli məmurları qınamıram. Axı kimdir hakimiyyətin boz, üfunətli mətbuatını oxuyan? Əgər 600 min nəfər üzvü olduğu deyilən YAP-ın saytındakı xəbərləri 10-15 nəfərdən artıq adam oxumursa, Qabil Hüseynli nəyə ümid edir? 

Həqiqətən ağır dərddir. Sən illərdir qərar tutduğun düşərgəni dəyiş, dünən “qara” dediyinə bu gün “ağ” de, dünənədək Isa Qəmbəri “prezidentliyə ən şanslı namizəd” adlandır, bu gün qalx “Hazırki siyasi arenamıza baxanda Ilham Əliyevə seçkidə alternativ namizəd görmürəm. Ilham Əliyev bu seçkidə favoritdir” söylə, fikirləş ki, vəssalam, bundan sonra hər işin yağ kimi gedəcək, amma hansısa rayonda məmurların bundan xəbəri olmasın, necə deyərlər, “nə bağ bilsin, nə də bağban”, sənin hələ də müxalifətçi olduğunu zənn etsinlər, kiçik bir çayxana açmağı da sənə çox görsünlər, beləcə, maya batsın. 

Qabil Hüseynli nümunəsində görürük ki, müxalifəti tərk edib Əliyevlərin ətrafında birləşirsənsə, ölkədə hamını bundan xəbərdar etməyin elə yollarını tapmaq lazımdır, 7-dən 77-yə, “məmə” deyəndən pəpə yeyənə hamının xəbəri olsun, sabah da məmurlar sənə, yaxınlarına problem yaratmasınlar. Sən də həm Əli aşından, həm Vəli aşından olmayasan. Məsələn, təklif edirəm ki, bu cür adamların həqiqətdən üz döndərib hakimiyyətin – neft pulunun, deputat mandatının, prezident təqaüdünün tərəfinə keçməsini hamıya bəyan etmək üçün carçı ştatları açılsın, lap orta çağlarda, padşahlıqlar dövründə olduğu kimi. Yaptokratiya bununla bir güllə ilə iki dovşan vurmuş olar. Həm ölkədə yeni iş yerlərinin sayı neçə milyonasa çatar, həm də müxalifətdən hakimiyyətə hoppananların zəhməti yerdə qalmaz, oturub rahatca çayxanalarını-mayxanalarını işlədərlər. 

Yoxsa bir də gördünüz, Qabil Hüseynli təzədən keçdi müxalifətə, siz də qaldınız belə, sistem başladı laxlamağa. Əgər istəmirsinizsə ki, rejiminiz çöksün, təcili bu işə bir əncam çəkin!