Zəfər Quliyev: «İndiki mərhələdə biz bu cür məsələləri ortaya atsaq, ümumi işə zərər gətirə bilərik»
Gülağa Aslanlı: «Rüstəm bəyin ikili vətəndaşlığının həll olunacağına şübhə etməsək də, o da faktdır ki, bu istiqamətdə problemlər yarana bilər»
Seçki tarixinin dəyişməsi Milli Şura daxilində də müəyyən müzakirələrə səbəb olub. Müsavat başqanı Isa Qəmbər yaranmış situasiyadan çıxış edərək, bəyan edib ki, Milli Şuranın növbəti sessiyasında yeni bir intellektual namizədlə çıxış edilməsi gündəmə gətirilməlidir. Bu təşəbbüs Milli Şura üzvləri arasında birmənalı qarşılanmayıb. Milli Şuranın üzvü, “Ziyalılar Birliyi”nin sədri Eldəniz Quliyev hesab edir ki, səslənən fikir hələ ki, ətraflı düşünülməmiş, ölçülüb-biçilməmiş təklifdir. E.Quliyevin fikrincə, bu mövqe tələskənlikdir və hazırkı situasiyada bu haqda danışmaq tezdir.
Milli Şuranın üzvü, siyasi ekspert Zəfər Quliyevin də fikrincə, digər namizədin müəyyənləşdirilməsi ilə bağlı qərarın verilməsi üçün hələ tezdir. R.Ibrahimbəyovun Rusiya vətəndaşlığından imtina məsələsinin yaxın bir həftə ərzində həllini tapma ehtimalının böyük olduğunu deyən Z.Quliyev bildirdi ki, bu istiqamətdəki son məlumatlar nikbin olmağa əsas verir: “Ona görə biz qarşıdan gələn sessiyada seçki qərargahının, təşəbbüs qrupunun yaradılmasını, seçki kampaniyasının təşkili ilə bağlı məsələləri həll etməliyik. Indiki mərhələdə biz bu cür məsələləri ortaya atsaq, ümumi işə zərər gətirə bilərik. Hətta bu addımlar Milli Şurada əlavə ziddiyyətlər yarada bilər. Ona görə biz öz yolumuzla getməliyik. Rüstəm Ibrahimbəyovun vətəndaşlıqdan imtina ilə bağlı məsələsinin yekununun gözləməliyik. Bu məsələ həllini taparsa, biz onun Bakıya qayıdışına hazırlaşmalıyıq”.
Mətbuatda açılan müzakirələrə münasibət bildirən Müsavat başqanının müavini Gülağa Aslanlı isə vurğulayıb ki, Milli Şura məhz seçkilərdə iştirak etmək üçün yaradılan qurumdur və bu təşkilat hökmən seçkilərdə iştirak etməlidir. Tiflis müşavirəsindən sonra R.Ibrahimbəyovun sənədlərinin avqustun 15-nə qədər hazır olacağının bəyan olunduğunu xatırladan G.Aslanlı bildirdi ki, hakimiyyət də bu açıqlamanın fonunda dərhal seçkinin tarixini bir həftə önə çəkdi: “Rüstəm Ibrahimbəyovun ikili vətəndaşlığı ilə bağlı problemin həll olunacağına şübhə ilə yanaşmasaq da, amma faktdır bu istiqamətdə müəyyən problemlər yarana bilər. Bu zaman da Milli Şuranın seçkiyə getməməsi məsələsi meydana çıxa bilər. Bunun da qarşısını almaq üçün Isa bəy təklif edir ki, intelektuallardan birinin namizədliyi irəli sürülsün. Amma belə bir şərt də irəli sürülə bilər ki, Rüstəm Ibrahimbəyov sənədlərini qaydaya salan kimi digər namizədə ehtiyac qalmasın. Bizdə bu işlərlə seçki texnoloqları məşğul olur. Siyasilərin bu istiqamətdə düşünülməmiş fikirləri məqsədəuyğun sayılmamalıdır”.
Xəyal


