Aslan İsmayilov
Yenə xatirələr. Gəncliyimdə də oxumağa çox həvəsli idim. Yaşa dolduqca həm də yazmaq həvəsim oyandı. Son zamanlar isə içkiyə aludə olanlar kimi daim həm oxumaq, həm də yazmaq istəyirəm. Əgər başqa gəlir yerim olsaydı vəkilliyə ayırdığım vaxtı da həvəslə oxumağa və yazmağa həsr edərdim. Doğru deyirlər ki, insan yaşlaşdıqca, oxuduqca nə qədər az bildiyinin şahidi olur. Nəzərə alsaq ki, həyatda mənə bu gün haqq dünyasında olan İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Vasif Adıgözəlov, Tofiq Bağırov, Famil Mehdi, Saleh bəy Hacızadə, Turkiyədə yaşamış Qeybulla Qeybullayev, bu gün də söhbətlərinə heyranlıqla qulaq asdıqlarım, biliyinə, dünyagörüşünə hörmət etdiyim Çapay Sultanov, Şirməmməd Hüseynov, İdris Əliyevlə yaxın münasibətdə olmaq qismət olub, az bilməyimdən nə qədər əziyyət çəkdiyimi təsəvvür edərsiz. Hələ Azərbaycandan kənarda tanıdığım böyük şəxsiyyətləri demirəm. Təsəvvür edirsinizmi, onların hamısının xatirələrini oxumaq bizlərə nə qədər zənginlik, bilik verərdi, nə qədər həyatda buraxılan səhvlərin qarşısı alınardı, millətimiz nə qədər zəngin olardı? Bütün bunlara, hörmətli jurnailstimiz Seymur Həzinin məsləhəti ilə bu günlərdə oxuduğum, Əziz Alpoudun (Mirəbdüləziz Seyid) “Həyatımın hekayətləri” kitabını oxuduqdan sonra bir daha əmin oldum. Kitab rəhmətlik yazar Zakir Sadatlı tərəfindən türkcədən azərbaycan dilinə tərcümə olunub və nəşr olunub. Əvvəlcə kitabın məzmunu haqqında qısa yazı yazmaq istəyirdim. Ancaq rəhmətlik Zakir Sadatlının yazdığı ön sözdən kənara çıxa bilməyəcəyimi görüb elə oxuculara həmin ön sözü oxumağı məsləhət bilməyi kifayət saydım. Məndən isə bu gözəl əsəri, maddi çətinliklərə görə bank kredit hesabına çap etdirib, bizə çatdırdığına görə Zakir Sadatlıya bu müqəddəs günlərdə rəhmət diləmək qalır.
Kitabı oxuduqca sanki 1988-ci illərdən sonra baş verənləri görürsən. Yenə həmin səhvlər, həmin faciələr. Doğrudan da həyat spiralvaridir. O dövr müstəqil Azərbaycan dövlətini quranları az çox tanıyırıq, ancaq o dövr mücahidlərinin, müstəqillik uğrunda canlarını verənlərin əksəriyyətindən, Əziz Alpoudlardan isə xəbərimiz yoxdur. Necə ki, 1988-ci illərdən bəri Vətən uğrunda can verənlərin əksəriyyətini tanımırıq. Necə ki, 1920-ci ildə ADR onu quranlarının Vətənə hədsiz məhəbbətinə baxmayaraq, təcrübəsizlikdən, səmimilikdən, kadr çatışmazlığından aralarında olan yersiz mübahisələrdən demək olar ki, müqavimətsiz süquta uğradı, eyni səhvi 1993-cü ildə AXC hakimiyyəti təkrar etdi. Kitabdan çətinliklə də olsa görünən “Musavat”-“Əhrar”-“İttihad” qarşıdurması, sanki 1993-cü ildəki “Musavat”- Milli İstiqlal”- “AXC” qarşıdurmasıdır. Fətəli xan Xoyski kimi peşəkarın Vətəni sevən, təmiz, lakin idarəetmədə təcrübəsi olmayan Nəsib bəy Yusifbəyli ilə əvəz olunması, necə də AXC dövründə Rəhim Hüseynovun Pənah Hüseynovla əvəz edilməsinə (əlbəttə ki, Rəhim Hüseynov Fətəli xan Xöyski, Pənah Hüseynov isə Nəsib bəy Yusifbəyli deyildi) bənzəyir.
Kitabi heyranlıqla oxumamaq mümkün deyil. Nəzərə alsaq ki, Əziz Alpoudun təsvir etdiyi məkanlar, Qazax rayonunun cənnət guşələri, addım-addım gəzdiyim Qarayazı meşəsi, Tiflisin Şeytanbazarı, Meydanı, Vera mostu, müəllifin dəqiq təsvir etdiyi Qoçur yaylağı (rəhmətlik anam bir neçə dəfə məni yayda ora pioner istirahət düşərgəsinə göndərmişdi. Ancaq nədənsə bizlərdə oranı Qocori adlandırırdılar.), birinci dünya müharibəsi başladığından müəllifin oxuduğu gimnaziyanın Tiflisdən köçürüldüyü Stavropol şəhəri mənə çox tanışdır, kitabı oxuduğum zaman keçirdiyim hissləri anlayarsınız. Çox maraqlı məqamlardan da biri müəllifin Sovet kommunist quruluşunu, Rusiya imperiyasının, İran dövlətinin Azərbaycana vurduğu yaraları dəqiqliklə təsvir etməsidir. Kitab bu gün də Rusiyaya sığınmaq istəyənlər üçün çox faydalı olardı. Bir məqamı xüsusi qeyd etmək istəyirəm. Müəllif kitabdakı Rusiya və digər dövlətlərə olan nifrəti heç də rus və digər xalqlara aid etmir. Bunu müəllifin rastlaşdığı bir çox millətlərin nümayəndələrinə olan münasibətini hansı məhəbbətlə təsvir etdiyindən görmək olar. Rusiyada yaşadığım 15 ildə bir nəfər də olsun rusdan yaxşı münasibətdən başqa bir şey görmədim, ancaq Rusiyanın Vətənimi çökdürən imperiya olmasını hər dəqiqə hiss etdim . Bu yerdə məşhur rus şairi Fyodor Tyütçevin “Умом Россию не понять, Аршином общим не измерить:У ней особенная стать -В Россию можно только верить.” şerini yada salmamaq mümkün deyil. Mövhumatçılığın yox, Allaha inamın insana hansı gücü, mübarizliyi verdiyini Əziz Alpoudun öz həyatından görmək olar.
P.S. Bir daha dəfələrlə söylədiyim fikrə qayıdıram. İctimai maraq dairəsində olanların xatirələri tarixi mənbə olmasa da, tariximizi bilmək üçün əvəzsiz mənbədir.


