Peşəkar seçki mütəxəsisi, 20 ildir öz qabiliyyəti ilə bizi heyran qoyan, seçki qutusunu açmadan nəticəni hiss edən Məzahir Pənahov seçki gününün vaxtın açıqlayıb. Daha doğrusu səsvermə olub və bir nəfər əleyhinə olmaqla təklif qəbul edilib. Mən o bir nəfər əleyhinə olan admı şiddətlə qınayıram. Deyəsən, bu adamın evinə, işinə, övladına yazığı gəlmir. Indi, burnundan tökərlər ağlı başına gələr.
Qayıdaq əsas məsələyə, seçkinin keçirilmə vaxtına.
Məzahir müəllim vaxtın dəyişməsini belə izah edib ki, oktyabrın 16-sı bayram günüdür, müqəddəs Qurban bayramıdır. Ona görə də seçkini bir həftə arxaya sürüşdürüblər.
Eşq olsun yapokratiyaya, eşq olsun müqəddəs dəyərlərə hörmətlə yanaşan hakimiyyətimizə.
Bu xəbəri eşidən kimi, barmağımı dişlədim. Və əmin oldum ki, yapokratiyanın seçkini saxtalaşdırmaq fikri qətidir. Sadəcə olaraq müqəddəs gündə saxtakarlıq etmək istəmədikləri üçün, bir həftə arxaya boylanıblar. Yapokratlar fikirləşiblər ki, Qurban bayramı günündə saxtakarlıq etməyin düşər-düşməzi olar. Allahın qəzəbinə gələrlər, seçki qutusunun sirri ifşa olar. Yapokratların cəngavəri Siyavuş Novruzov oruc tutduğundan, belə mətləblərdən halidir.
Ancaq bir sual da yaranır. Niyə seçkini bir həftə qabağa deyil, dala tulladılar?
Burda adamın yadına Rüstəm Ibrahimbəyov düşür. “Nə qədər süni maneə yaransa, bir o qədər yaxşıdır” taktikası ilə yapokratlar hücuma keçib.
Ancaq, bu hakimiyyətin 1 həftəsinə də şükr etmək lazımdır. Yaxşı ki, avqustun axırlarına salmayıblar.
Bir sözlə, hakimiyyət Rüstəm Ibrahimbəyovun sayəsində, müqəddəs günün qiymətin bildi.
Yapokratların “xüsusi təyinatlı”sı Mübariz Qurbanlı “Azadlıq radiosu”na müsahibə verib. Bu hakimiyyətdəkilərin özləri olmasa da, düşüncələri, danışıqları əkizdir. Elə bil, müsahibələri fonoqrama ilə verirlər.
Mübariz Qurbanlı deyib ki, Ibrahimbəyovun Azərbaycana gəlməsi və seçkilərdə qələbə çalması fantastik bir şeydir.
Mübariz Qurbanlı bu hakimiyyətin nə qədər fantastik şeyləri reallaşdırdığını niyə unudur?
2010-cu ilin parlament seçkilərində Əli Kərimlinin qələbəsini təsdiqləyən 22 məntəqənin protokolu əldə olunmuşdu. Bu qələbəni saxtalaşdırmaq da, fantastik görünürdü. Ancaq “zəhmətkeş” yapokratlar fantastik olanı reallaşdıra bildi.
Indi, müxalifətin də fantastik görünən qələbəni reallaşdırmaq ehtimalı var. Seçkini “lapet”ə qoşub dala çəkməklə deyil.
Cənab Qurbanlı sonra deyib: “müxalifət bataqlıqdadır, Kürün bataqlığında yox, siyasi bataqlıqdadır”.
Mübariz Qurbanlı bu hakimiyyətin dövründə Kür qırağında yaşayan insanların hansı zülmlərə düşdüyünü, sular altında qalan evlərə kompensasiyaların necə verildiyin, büdcədən ayrılan milyonların hansı ciblərə getdiyini yada salır. Ancaq, Kür məsələsində pul olduğu üçün, müxalifətə Kürün bataqlığın da rəva görmür.
Demək istədiyim odur ki, yapokratlar xalqın nifrətindən, qəzəbindən, bu rejimdən iyrəndiyindən xəbərdardılar. Ona görə də dala-qabağa “rəqs” eləyirlər. Bir yerdə qərar tutmurlar. Gündə bir “ixtira” edirlər.
Çünki, seçki rejim üçün hakimiyyət dəyişkliyi deyil, cinayətlərin cavabın vermək, oğurladıqların qaytarmaq deməkdir. Yəni, ədalətli seçki 20 illik əziyyəti puç edə bilər.
Elşad Abdullayevin yeni videosu
Bir neçə gündür saytlarda Elşad Abdullayevin əmlak siyahısının açıqlanmasından yazırlar. Bu siyahı rejimin növbəti özünüifşası deməkdir.
Əgər bir Universitetin rektoru dəyəri milyardlarla ölçülən əmlaka sahib olursa, ölkənin sərvətini talamaq bu qədər asandırsa, siz görün nazirin, prezidentin əmlakı hansı səviyyədədir.
Bu siyahıda olan əmlakı ən azı 10-a vurub, hakimiyyətin başında oturanların sərvətin hesablamaq olar.
Nəzərə alsaq ki, Elşad Abdullayev 10 ildir fəaliyyətin dayandırıb və bu 10 ildə rejim mənsubları yığmağa davam edib, onda daha böyük siyahı təsəvvür etmək lazımdır.
Bəli, rejim hər gün Elşad Abdullayevin yeni əmlakın açıqladıqca, həm də özünün nə qədər oğurlamaq ehtimalının olduğun göstərir.
Bu faktı, Elşad Abdullayevin yeni videosu kimi də qəbul etmək olar.