KEFLI ISGƏNDƏRLƏRƏ NIYƏ QULAQ ASMIRSINIZ?

“Ölülər”i dünya ədəbiyyatının ən maraqlı əsərlərindən biri hesab edirəm. Hər dəfə əsəri oxuyanda fikirləşirəm ki, görən, Şeyx Nəsrullah yaranmış vəziyyətdən necə çıxacaq, daha doğrusu, rəhmətlik Mirzə Cəlil özünün mənfi qəhrəmanı üçün yaratdığı konflikt düyününü necə açacaq? 

Hər dəfə də Mirzə Cəlilin məharətinə məəttəl qalıram. Bəli, Şeyx Nəsrullah hamıya bir-bir “Xub, sən də get fikirləş…” deyir. Indi biz də bu vəziyyətə düşmüşük, hamı “düşünməyə” gedib, vaxt isə azdır…

Milli Şuranın üzvü müsahibə verib deyir ki, biz Rüstəm müəllimin Rusiya vətəndaşı olmasını o, namizəd olandan sonra bilmişik. Qardaşım, açardınız interneti, orada bir “Rüstəm Ibrahimbəyov” sözlərini yazardınız və hər şey bir anın içində sizin qarşınızda olardı…

Mən bunu dərhal yazmışdım, amma o məqalə dərc olunmadı. Dedilər ki, arqument sarıdan güclü deyil. Olsun. Indi bir məqalənin haq-hesabını aramaq vaxtıdırmı? Bir yerdə dərc olunmadı, başqa yerdə oxudular. Dünya dağılmadı ki?

Indi bizi başqa şey qayğılandırır. Doğrusu, mən bu seçkini maraqlı film kimi gözləyirdim, amma deyəsən multiplikasiya filmi olacaq. Bəzən adam heç qələbə haqqında da yox, gözəl məğlubiyət haqqqında düşünür. Elə məğlubiyyət ki, Vaterloo kimi dərsliklərə düşsün… 

Təbii ki, siyasi mübarizə müharibə deyil, o, bir çəkişmədir, mübarizədir. Amma bu dünyada təkcə hərb dərslikləri olmur, politologiya dərslikləri də var. Bizim məğlubiyyətimiz bu dərsliklərə düşə bilərdi.

Soruşacaqsınız ki, bu adam niyə məğlubiyyət haqqında danışır? Elə belə söz gəlişi deyirəm, mən ümidini itirən adamlardan deyiləm. Ən azı ona görə ki, bu dünyada özümü böyük ümidlərə kökləməyi sevmirəm.

Siyasət də şahmat kimidir. Şahmatda partiyalar yadda qalır. Oynayanların adı ilə. Seçkidən söz düşəndə də soruşurlar ki, əsas rəqiblər kim idi? Və onda deyirlər ki, filankəslə filankəs. Deməli, bu da tarixdir.

Indi ən əsas olaraq nə demək istəyirəm? Dalanın lap yaxınlığındayıq. Bizi bu situasiyadan təsadüf çıxara bilər. Bəziləri buyurur ki, seçkinin vaxtını bizə görə irəli çəkiblər ki, R.Ibrahimbəyovun vətəndaşlıq məsələsi həll olmasın və Milli Şura öz namizədi ilə seçkiyə qatılmasın. Nə demək olar?

Doğrusu, bunu həlledici amil hesab etmirik. R.Ibrahimbəyovun vətəndaşlıq məsələsi əgər həll oluna biləndirsə o, həll olunacaq, burada bir-iki günün sözü və söhbəti əhəmiyyətli deyil. 

Üstəlik, bu hakimiyyət R.Ibrahimbəyovu seçkiyə buraxmamaqda qərarlıdırsa, onu buraxmayacaq. Hətta onun üçün hansı arqumentlər istifadə olunacaq, onu da gizlətmirlər.

Adamın ürəyini sıxan budur ki, daha bir neytral vahid namizəd axtarışına start verilib. Bunun haqqında nə demək olar? Əgər müxalifətin birləşməsi bu cür qurban tələb edirsə, minlərlə insanı seçki adlı maskarada qovaraq oynatmaq bahasına başa gəlirsə, bizə belə bir birlik lazımdırmı?  

Müxalifət birlik məsələsini sakral bir məqsədə çevirib. Halbuki birlik vasitədir, məqsəd deyil. O, sadəcə məqsədə aparan vasitədir. Məqsəd isə seçkidə qələbə çalmaqdır. Əgər qalib gəlmək, şərəfli mübarizə aparmaq bu birliksiz də mümkündürsə, onda ona nə ehtiyac var? 

Növbəti neytral vahid namizəd kimi də elə bir adamın adı çəkilir ki, onu heç min nəfər tanımır. Üstəlik, nəzərə alanda ki, bizim həmin adamı kütləviləşdirə bilmək imkanlarımız da yoxdur, onda bunun növbəti avantüra olduğunu qəbul etməkdən savayı çarəmiz qalmır. 

Bəzi adamlar elə düşünür ki, müxalifət o qədər güclüdür ki, istənilən adamı namizəd versə o, qalib gələcək. Amma bu, belədirmi? Əsla. Elə namizəd ola bilər ki, hakimiyyət hətta seçkini saxtalaşdırmadan da onu uda bilər.

Bəs nə etməli? Əgər Milli Şura variantı alınmazsa, R.Ibrahimbəyovun namizədliyi reallaşmazsa onda klassik variantlara qayıtmaq və xatırlamaq olar ki, axı, müxalifətin Ictimai Palata adlı da təşkilatı vardı! Niyə təzədən o formata qayıdılmasın? 

Misal var, deyirlər ki, ziyanın yarısından da qayıtmaq xeyirlidir. O ki qaldı boykota, seçkidə ümumiyyətlə iştirak etməməyə, bu da çıxış yolu deyil. Seçki müxalifət üçün həm də özünü sınamaq şansıdı. 2008-ci ildə bu variant tətbiq edildi, müxalifət seçkiyə qatılmadı. Nəsə dəyişdimi?