Əliyevin “çəpərləmə” siyasəti

İstirahəti çox sevən dövlət başçısı ölkənin səfalı bölgələrini yerli sakinlərin əlindən alıb

Azərbaycanın hakim elitasının qanunsuz varlanması, ölkə sərvətlərini ələ keçiməsi təkcə yeli mətbuatın araşdıma mövzusu deyil. Dünyanın ən mötəbər media quruluşları bu barədə dəfələrlə yazıblar. ABŞ-ın məşhur Vaşinqton Post qəzetinin Ilham Əliyevin oğluna Dubayda 75 milyon dollar dəyərində 9 mülk alması, Azadlıq Radiosunun qızıl mədənləri, aviaşirkətlər, dövlət büdcəsinin onlara istiqamətləndirilməsi barədə araşdırmaları tez-tez xatırlanır. Bu yaxınlarda mətbuata sızan offşor qalmaqalı zamanı da Əliyevlər ailəsinin adları siyahının başında gəlirdi. Vircin adalarında ailə üzvlərinin şirkətləri ölkədən çıxarılan milyardların yeləşdirildiyi çoxsaylı ünvanlardan biri kimi təqdim olunurdu.

Ilham Əliyevin 3-cü pezidentlik üçün ağılagəlməz resurslar cəlb etməsi də əslində hakimiyyət hesabına əldə olunan milyardların qorunması cəhdləridir. Hakimiyyətin itirilməsi həm də ona görə dəhşətli fəlakət kimi təsəvvür olunu ki, 20 il ərzində toplanmış sərvətin taleyi sual altına düşə bilər.

Azərbaycan iqtisadiyyatı tamamilə məmur-oliqarx monopoliyasının tərkib hissəsinə çevrilib. Ölkənin gəlirli sahələri, idxal-ixrac əməliyyatları, ölkədaxili biznes, bank sektoru dövlət tenderləri, kiçik bir qrupun əlində cəmləşib. Paşayevlər ailəsi artıq ən qüdrətli klan hesab olunur, çünki ölkənin maliyyə sektoru tamamilə bu ailənin inhisarındadır-bütün iri banklar onlara məxsusdur. Neft satışı, xaricdə aparılan əməliyyatlardan götürülən böyük qazanc, Neft Fondunun aktivlərinin idarə olunması, xarici ölkələrə yatırılan sərmayələr birbaşa dövlət başçısının öz nəzarətindədir. Hazırda büdcə hesabına dünyanın ən məşhur kurortları, daşınmaz əmlakları alınır, iri şirkətlərin aktivlərinə sərmayə qoyulur. Mətbuat bu əməliyyatların əksəriyyətində şübhəli məqamları tapıb yazsa da Azərbaycanının sülalə hakimiyyəti onlara əhəmiyyət vermir.

Hakim ailənin əsas hobbilərindən biri ölkənin səfalı yerlərində saysız-hesabsız villalar tikdirməkdi. Onların bir hissəsi dövlət vəsaiti hesabına inşa olunsa da bəziləri məmurların dövlət başçısına hədiyyələridir. Azərbaycanın demək olar ki, istirahətə yararlı bütün bölgələrində Əliyevlərin imarətləri var. Onların tikintisi, prezidentə bağışlanması qanunların tapdanması hesabına başa gəlməsi bir yana, yerli əhaliyə kifayət qədər problemlər yaratması da aktual problemdir.

Əliyevlərin Qərb bölgəsində – Göygöl dövlət qoruğunda möhtəşəm villası, həmin rayon mərkəzinə yaxın təpəlikdə daha bir imarəti var. Bu səbəbdən rayon əhalisi və ətraf bölgələrin sakinləri Göygölə buraxılmır. Əsas gətirilir ki, təmas xəttinə yaxın olduğuna görə insanların təhlükəsizliyi üçün gölə getməyə icazə verilmir. Amma yüksək vəzifəli məmurlar üçün nədənsə bu təhlükə mövcud deyil, onlar istənilən vaxt Göygölə qalxa bilirlər. Yaxud prezident təmas xəttində imarət tikdirərkən özünü təhlükə altına atması maraq doğurur.

Ilham Əliyevin Qərb bölgəsində növbəti imarəti Daşkəsən rayonunun məşhur Xoşbulaq kəndində göl kənarındadır. Burada hektarlarla meşə ərazisi hündür hasarlarla əhatələnib, mühafizə altında saxlanılır. 

Dövlət başçısının Şəmkir rayonunda da mülkü var, rayon sakinlərinin dediyinə görə Yasamal dağının zirvəsindəki villa vergilər naziri Fazil Məmmədov tərəfindən inşa olunub. Imarətə işıqlandırma sitemi ilə təchiz olunmuş asfalt yol salınıb, ərazidəki bulaq, kiçik meşə da qoruq altına alınıb. Bir zamanlar Şəmkir sakinlərinin sevimli istirahət guşəsi də illərdir ki zəbt olunub.

Ilham Əliyevin Qərb bölgəsinə yolu çox az düşür, amma dövlət başçısı Qəbələyə, Xızıya, Ismayıllıya, Şamaxıya, Qubaya ildə bir neçə dəfə səfər edib oradakı villalarında dincəlir. Qəbələdəki mülklərin FHN rəhbəri Kəmaləddin Heydərov, Şamaxıda-Çuxuryurddakı hektarlarla meşəni əhatə edən bağ evini isə ARDNŞ pezidenti Rövnəq Abdullayevin tikdirdiyi barədə məlumatlar var.

Ictimaiyyətə məlum deyil ki, milyonlarla manata başa gələn bu imarətlər necə sənədləşdirilib, dövlət mülkiyyəti sayılır, yoxsa xaricdəki şirkətlər kimi birbaşa Əliyevlərin öz adlarınadır. Əldə etdiymiz məlumata görə mülklərin bəziləri dövlət büdcəsi hesabına – Prezident Administrasiyasına ayrılan vəsait hesabına tikilsə də sonradan şəxsi adamların adlarına sənədləşdirilib.

O da məlumdur ki, Ilham Əliyev prezident olandan sonra atası Heydər Əliyevin istifadə etdiyi dövlət rezidensiyalaından imtina edib. O, ümumiyyətlə Gənclikdəki prezident evindən, Mərdəkandakı bağ evindən istifadə etmir. Ilham Əliyev Zuğulbada tikdirdiyi möhtəşəm sarayda yaşayır, həmin kompleksin bir hissəsi rəsmi dövlət tədbirləri üçün nəzərdə tutulub. Yay aylarında dövlət başçısı nadir hallarda Bakıdakı Prezident Administrasiyasına gəlir.

Bəzi məlumatlara görə Qəbələni ikinci paytaxt şəhər etmək planları var. Yaz və yay aylarında dövlət Qəbələdən idarə olunacaq, hazırda rayonda infrastruktur quruculuğu gedir, onlarla kəndin əhalisi bu məqsədlə köçürüləcək. Rusiyaya məxsus Qəbələ RLS-in də bu niyyətlə bölgədən çıxarıldığı, dünya standartlarına uyğun beynəlxalq aeroportun tikilməsi də ikinci paytaxt planları ilə bağlıdır.  

Ilham Əliyevin istrahəti və dəbdəbəni çox sevən prezident olması məlumdur. “Azadlıq” qəzeti bir müddət əvvəl prezidentin ilin ilk üç ayında 40 günə yaxın işə çıxmadığını ortaya çıxarmışdı. Onun məzuniyyətləri və dövlət başçısının harada dincəlməsi barədə ölkə ictimaiyyətinə bir dəfə də olsun məlumat verilməyib.

Əliyevin istirahəti ölkəyə, vətəndaşlara təkcə büdcədən bu məqsədlərlə xərclənən pullarla zərər vurmur. Onun ölkənin müxtəlif bölgələrində tikdirdiyi imarətlər yeli əhaliyə kifayət qədər zərər vurur. Dövlət başçısı bəzən illərlə o villalara baş çəkmir. Amma vətəndaşlar hərbi baza kimi qorunan həmin səfalı böləgələrə buraxılmır, faktiki yerləri-yurdları sakinlərin əlindən alınıb. 

Hikmət