“İqtidar Milli Şuranın nüfuzundan təşvişə düşüb”

«İsa Qəmbərin fikri ətraflı düşünülməmiş, ölçülüb-biçilməmiş təklifdir»

Eldəniz Quliyev: «Qanuna görə Rüstəm İbrahimbəyov ikili vətəndaşlığı ləğv olunmadan da namizədliyini irəli sürə bilər»

Seçki tarixinin önə çəkilməsi və bununla hakimiyyətin demokratik qüvvələrin seçkiyə vahid namizədlə qatılmaq istəyinə çətinlik törətmək istəyi gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. Artıq ölkənin tanınmış hüquqşünasları seçkilərin tarixinin önə çəkilməsinin qanunvericiliyə zidd olduğu ilə bağlı mətbuatda rəylərini bildiriblər. Belə ki, qüvvədə olan qanunvericiliyə görə seçki bayram gününə təsadüf etdiyi zaman onun tarixi önə deyil, əksinə növbəti günlərə salınmalıdır. Ona görə ekspertlər qanunvericiliyin bu formada pozulmasını təsadüfi saymırlar. Milli Şuranın üzvü, “Ziyalılar Birliyi”nin sədri Eldəniz Quliyevə ilk sualımız da hakimiyyətin bu addımıyla bağlı oldu:

– Bu addım Azərbaycanda yaranmış siyasi-ictimai, psixoloji durumda birmənalı olaraq Milli Şuranın oynadığı rolu və əhəmiyyəti dərk edərək atılıb. Iqtidarın bu təşəbbüsü Milli Şuranı seyt-nota salmaq cəhdidir. Bunun başqa adı yoxdur. Əgər seçki gününün tarixi dəyişdirilməliydisə, bu müddət bir həftə deyil, bir neçə gün olmalı idi və həmin tarix əvvələ deyil, geriyə atılmalı idi. Hakimiyyətin nəzarətində olan media orqanlarının təbliğatından açıq görünür ki, iqtidar Milli Şuranın hər gün artan nüfuzundan təşvişə düşüb. Ona görə də hakimiyyət istənilən addımı atır. Həmin addımlardan biri də seçki gününün bir həftə önə çəkilməsidir.

– Seçki tarixinin dəyişməsi Milli Şura daxilində də müəyyən müzakirələrə səbəb olub. Müsavat başqanı Isa Qəmbər yaranmış situasiyadan çıxış edərək, bəyan edib ki, Milli Şuranın növbəti sessiyasında yeni bir intellektual namizədlə çıxış edilməsi gündəmə gətirilməlidir. Bu təşəbbüsü necə dəyərləndirirsiniz?
– Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. O cümlədən Isa bəyin səsləndirdiyi fikirlərə. Amma səslənən fikir hələ ki, ətraflı düşünülməmiş, ölçülüb-biçilməmiş təklifdir. Bu tələskənlikdir və hazırkı situasiyada bu haqda danışmaq nəinki tezdir, hətta çox tezdir. Bu təklif müzakirəyə çıxarıla bilər. Amma mən bunu tez sayıram. Obrazlı desək, baş verənlər mənə yeni təmir olunmuş mənzilə köhnə, sınıq-salxaq mebelin daşınmasını xatırladır. Bir qədər səbir etmək lazımdır. O da nəzərə alınmalıdır ki, Tiflis görüşündə Rüstəm Ibrahimbəyovla Isa Qəmbər arasında bu məsələ də müzakirə olunub. Və konsensusa gəlinib ki, bu mövzuda danışmaq və müzakirəyə çıxarmaq tələskənlikdir. Mən Müsavatdakı dostlarıma tövsiyə edərdim ki, siyasi performansdan uzaq olsunlar. Bizim vahid namizədimiz var. Vahid namizəd qeydiyyatdan da keçəcək, onun pasportu ilə bağlı məsələ də həllini tapacaq. Gəlin, bizi ayıran məqamların üzərində dayanmayaq. Bizi birləşdirən məqamlardan danışaq. O zaman mən sual edirəm. Belə olan halda nəyə görə Əli Kərimli, Lalə  Şövkət, Eldar Namazov, Rəsul Quliyev və Mirmahmud Mirəlioğlu namizədliyini irəli sürməsin? Çünki bu şəxslər Rüstəm Ibrahimbəyovun namizədliyini irəli sürüblər.

Vətəndaşlıqla bağlı yeni nüanslar

– Rüstəm Ibrahimbəyovun pasportu ilə bağlı müzakirələr hələ də mətbuatın gündəmindədir. Bu istiqamətdə son yeniliklər nədən ibarətdir?
– Bir neçə saat əvvəl Rüstəm Ibrahimbəyovla bu barədə telefon danışığımız olub. O öncə Azərbaycanda fəaliyyət göstərən bütün kino xadimlərinə Milli Kino günü münasibətilə təbrikini çatdırmağımı istədi. Rüstəm bəyin ikili vətəndaşlıqla bağlı məsələsində yeni nüanslar meydana çıxıb. Əvvəla onu qeyd edim ki, Moskvada bir qrup peşəkar hüquqşünaslar bu məsələnin üstündə işləyirlər. Nəticədə çox qəribə bir situasiya yaranıb. Məsələ ondan ibarətdir ki, Azərbaycan Konstitusiyası ilə Seçki Məcəlləsi arasında bu məsələdə uyğunsuzluq var. Belə ki, qanuna görə ikili vətəndaşlığın olmaması prezidentliyə namizədlik adını almaq üçün müraciət edən şəxslərdən tələb olunmur. Ikili vətəndaşlığın olmaması prezidentliyə namizəd adını qazanmış şəxsdən tələb olunur. Yəni biz Konstitusiyanı əsas götürərək qanuna riyaət etsək, Rüstəm Ibrahimbəyov ikili vətəndaşlığı ləğv olunmamışdan belə sərbəst şəkildə namizədliyini irəli sürə, seçki bülletenləri ala, seçki təbliğatı apara bilər. Yəni Rüstəm bəy seçkiqabağı bütün fəaliyyətini görə bilər. Artıq sənədlər MSK-ya təqdim edilən zaman ikili vətəndaşlığın olmaması ilə bağlı sənəd tələb olunacaq. Ona görə nə iqtidar, nə də müxalifətdən olan dostlarımızın bu barədə narahatlığına əsas yoxdur. Ikili vətəndaşlıq yalnız imza vərəqələrinin təqdim olunması zamanı aktuallaşa bilər. Rüstəm bəyin xarici pasportu ilə bağlı yaranan yeni situasiya bundan ibarətdir. Bununla bağlı müvafiq addımlar atılması nəzərdə tutulub.

– Seçki ərəfəsində Rüstəm Ibrahimbəyovun, sizin, Eldar Namazovun xarici ölkələrə bir sıra uğurlu səfərləriniz reallaşdı. Bu görüşlərdə də məqsəd qarşıdan gələn seçkilərə beynəlxalq diqqətin yönəldilməsidir. Qarşıya qoyulan məqsədə nail olunduğunu söyləmək olarmı?
– Nüfuzlu beynəlxalq təşkilatların, dövlətlərin nümayəndələri ilə görüşəndə onları narahat edən məqamın da Azərbaycanda demokratik təsisatların işləməməsinin, demokratik seçkilərin keçirilməməsinin olduğu açıq görünür. Azərbaycanın hazırda getdiyi yol geriyə addımlamaqdır. Görüşlərdə əsas müzakirə mövzusu məhz budur. Beynəlxalq aləmdə Milli Şuranın yaranması, fəaliyyəti yüksək dəyərləndirilir və bu mübarizənin qələbə ilə nəticələnəcəyinə inam var. Azərbaycanda avtoritarizmdən demokratiyaya keçid üçün şəffaf və ədalətli seçkilər keçirilməlidir. Milli Şuranın qarşısına qoyduğu əsas məqsəd budur. Biz nəhayət normal seçki keçirməli və xalq özünə layiq olan rəhbəri seçməlidir. Əsasən müzakirələrimiz bu istiqamətdə olur. Xarici media və əhalinin böyük əksəriyyəti hakimiyyətin əsl mahiyyətini bilir. Cəmiyyət hazırda hakimiyyətin yürütdüyü siyasətdən cana doyub. Azərbaycanın resursları insanların rifahının yüksək olması üçün kifayət qədərdir. Amma korrupsiyalaşmış sistem insanların mütərrəqi cəhdlərini boğur, insanların özünə layiq olan yaşam tərzini onlara vermir. Biz bunu istəyirik və buna da nail olacağıq. Beynəlxalq təşkilatların da böyük əksəriyyəti Azərbaycana demokratik dəstək vermək istəklərini bir neçə dəfə dilə gətiriblər.

“Demokratik mübarizə keyfiyyət baxımından yeni müstəviyə keçib”

– Hazırda hakimiyyətin siyasətində ciddi təzad müşahidə olunur. Hakimiyyət gah Milli Şuranı Rusiyanın proyekti adlandırır, gah da Rusiya ilə əlaqələri normallaşdırmağa çalışır. Eyni zamanda bu yaxınlarda ABŞ Konqressinin Helsinki Komissiyasında keçirilən dinləmələr Azərbaycanla bağlı reallıqları ortaya qoydu. Hakimiyyət beynəlxalq aləmdə hazırda tərəfdaşlarını itirib. Beynəlxalq aləmdə Azərbaycan hakimiyyətinə qarşı nümayiş etdirilən mövqe iqtidara etimadın itməsinin nəticəsidir, yoxsa son iyirmi ildə müxalifətin Milli Şurada bir araya gəlməsinin baş verənlərə birbaşa təsiri var?
– Səbəblərdən hər ikisini vurğulamaq olar. Azərbaycan hakimiyyəti xarici siyasətində fiaskoya uğradığını dəfələrlə nümayiş etdirib. Iranda Turanı, Turanda Iranı, Qərbdə Rusiyanı, Rusiyada Qərbi tənqid etmək siyasət deyil. Bu, əslində xarici siyasətdə vahid koordinasiyanın olmamasının nəticəsidir. Eyni zamanda son iyirmi ildə ilk dəfə müxalifətin geniş koalisiyada bir araya gəlməsi proseslərə təsir edir. Baş verənlər demokratik mübarizənin keyfiyyət baxımından yeni müstəviyə keçməsidir. Bu o deməkdir ki, siyasi partiya, demokratik düşərgə mübarizəsinə xalqın iradəsi də qoşulub. Xalqın iradəsi bu məsələdə prioritet təşkil edir. Ilk dəfədir ki, demokratik düşərgə ilə xalq sıx əməkdaşlıq şəraitində demokratik ideallar uğrunda, vahid namizədlə siyasi palitranı dəyişmək üçün mübarizəyə qalxıblar. Ona görə hər iki amil burada rol oynayır.

– Ölkədə seçki ab-havası hiss olunmur. Bununla yanaşı paytaxtda əhali arasında narazılıq artır. Bakının mərkəzində yeni söküntü prosesi başlayıb. Əhalinin əmlakı dağıdılsa da kompensasiya barəsində söz açılmır. Zor gücünə insanlara qarşı bu münasibətin bəslənməsi hakimiyyətin növbəti dəfə xalqın rəyi ilə hesablaşmayacağının təzahürü deyilmi?
– Bu hakimiyyət nə vaxt xalqın rəyini nəzərə alıb ki? Iqtidar heç vaxt xalqın arzusunu, mövqeyini əsas götürməyib. Hər vəchlə xalqın hüquqları tapdalanılıb. Hakimiyyət Azərbaycana öz şəxsi holdinqi kimi baxır. Söz azadlığı, sərbəst toplaşmaq hüququnun özündə insanın mülkiyyət hüququ dayanır. Artıq neçə illərdir ki, mülkiyyət hüququ kobud şəkildə pozulur. Bu siyasətə bir ad vermək olar. Burada mənəm, Bağdadda kor xəlifə. Hakimiyyətin yürütdüyü bu siyasət təkcə narazılıq yaratmır. Bu narazılıq əsəbə, hirsə, nifrətə çevrilir. Prosesləri müşahidə edən beynəlxalq təşkilatlar da prosesləri diqqətlə izləyirlər və anlamırlar ki, necə ola bilər ki, bir insanın evini onun razılığı olmadan başına uçursunlar. O zaman biz Konstitusiyanı tamamilə kənara qoymalı və yüz il əvvələ qayıdaraq ibtidai davaya başlamalıyıq. Məhz bu məqamlara görə Azərbaycan xalqının istəyini, yaşam tərzini həyata keçirə biləcək bir hakimiyyət lazımdır. Başqa yol yoxdur. Artıq görünən dağa bələdçi lazım deyil. Hakimiyyət heç vaxt nə xalqı, nə qanunları sayıb. Azərbaycanda neçə ilərdir ki, qanun şah deyil, şah qanundur.

– Seçki ərəfəsində yenə hakimiyyət ənənəvi təbliğatını işə salıb. Müxtəlif sorğu şirkətlərinin keçirdiyi sorğularda hazırkı dövlət başçısının seçkidə ən şanslı namizəd olduğu vuruğulanır və seçkidə fantastik səs alacağı qeyd edilir. Bütün bunların fonunda isə müxalifətin cəmiyyətin yalnız 3-4 faizinin dəstəyinə ümid edə biləcəyinin təbliğatı aparılır. Əslində hakimiyyətin keçirdiyi bu sorğuların nəticələrini seçkilərdə elan etməyə çalışdığını söyləmək olarmı?
– Əgər bir ölkədə haqq, ədalət nazilir və üzülür, bir ölkədəki yalan ayaq tutur yeriyir, orada nə istəsən etmək olar. Hakimiyyətin bütün sorğuları, riyazi hesablamaları, tədqiqatları əslində yalan üzərində qurulur. Yalan üzərində qurulduğundan da ona haqq qazandırmaq üçün növbəti yalan danışırlar. Əgər bu sorğular gerçəkdirsə, nədən hakimiyyət bu qədər narahatçılıq keçirir. Nəyə görə televiziyalar 4 faizə hesablanmış müxalifətin səslərinə əndişə ilə yanaşır? Bu gün normal seçki keçirilərsə, bəli 4 faiz səs seçkinin nəticəsi olaraq elan olunacaq. Amma bu səsi alan müxalifət yox, iqtidar olacaq.

Xəyal