“İbrahimbəyov hakimiyyət üçün sürprizdir”

Şahin Nəcəfov: “Artıq İlham Əliyevin qarşısında dünya şöhrətli dramaturq dayanıb”

“Milli Şuranı Rusiyaya bağlamaq üçün heç bir arqument yoxdur”

“İdarəetmə mədəniyyəti millətlərin taleyini müəyyənləşdirən yeganə faktordur”

Bir vaxtlar Azərbaycan Demokrat Partiyasının fəal funksionerlərindən biri kimi tanınan, 2005-ci ilin parlament seçkilərində “Azadlıq” blokundan deputatlığa namizədliyi irəli sürülmüş Şahin Nəcəfov uzun sükutdan sonra “ans press”ə müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik:

***

Vaxtilə aktiv siyasətlə məşğul olardı. İstər ölkədə, istər dünyada baş verən ictimai-siyasi proseslərə zamanında reaksiyalar verərdi. Amma son zamanlar nə ictimai həyatda, nə də siyasi səhnədə görünmür. Bir növ bütün oyunlardan və öz dili ilə desək “oyunbazlar”dan kənarda qalıb. Söhbətə də bundan başladıq. Şahin Nəcəfov siyasətdə niyə yoxdu?

– Əvvəllər aktiv siyasi fəaliyyətlə məşğul olurdunuz. Amma son bir neçə ildir, demək olar ki siyasətdə yoxsuz. Bu nə ilə bağlıdır?
– Bizim mayamız siyasətlə yoğrulub. Sadəcə olaraq Azərbaycanda siyasət yoxdur. Azərbaycanda artıq sözün bitdiyi bir yerdəyik. Mənim Azərbaycanın tale yüklü məsələlərindən kənarda qalmağım mümkün deyil, amma dediyim kimi, ölkədə siyasət olmadığına görə, biz də o meydanda görünmürük.

MÜXALİFƏT HAKİMİYYƏTİN GÜZGÜSÜDÜR

– Siyasəti siyasətçilər var eləməli deyil?
– Əslində oyunun qaydalarını, siyasi şərtləri müəyyənıləşdirən hakimiyyətdir. Yəni, müxalifət hakimiyyətin güzgüsüdü. Qeyri-hökumət təşkilatlarının, mətbuatın gücü hakimiyyətə bağlıdır. Biz istəsək də, istəməsək də reallıq bundan ibarətdir. Dünyada da bu belədir. Amerikada, Türkiyədə, Avropada… dövlətin başında olanlar istəsəydilər istiqamət tamam başqa yerə gedərdi. Məsələn, Türkiyədə ordu əvvələlər güclü idi, təsiri var idi. Ərdoğan hökuməti bunu istəmədi, istiqaməti tamam başqa yerə çəkdi. Bizdə də hakimiyyət alternativ güc istəmir, alternativ fikir eşitmək istəmir. Bu gün cəmiyyətlə hakimiyyət arasında dialoq iki karın söhbətinə bənzəyir, heç kim bir-birini eşitmək istəmir.

– Sizcə hansı hakimiyyət istəyər ki, ona güclü alternativ, müxalifət olsun. Hakimiyyətin bugünkü oyunlarını bəlkə də normal qarşılamaq olar…
– Çox vaxt soruşurlar ki, nəyə görə müsəlman ölkələrində normal bir rejim yoxdur? Bəziləri bunu islamla əlaqələndirir, bəziləri genetik amillərlə əlaqələndirmək istəyir. Amma əslində dünyada mədəni xalqla geridə qalmış xalqları, dövlətləri müəyyənləşdirən bir məsələ var, o da idarə edənlərin mədəniyyətidir. İdarəetmə mədəniyyəti millətlərin taleyini müəyyənləşdirən yeganə faktordur. Məsələn, Koreyanı götürək. Cənubi Koreya var, Şimali Koreya var. 50 ilə yaxındı ayrılıblar. Eyni xalqdılar. Eyni coğrafiyada yaşayırlar. Biri inkişaf edib “Kia”, “Hundai”, “Samsung” istehsal edir, Yaponiya və Çinlə rəqabət aparır. Şimali Koreyada isə şəxsiyətpərəstlik pik nöqtədədir və ölkə səfalət içindədir. Və ya Latın Amerikası terrorlar, narkotik kimi problemlər içində boğulur. Amerika Birləşmiş Ştatları isə dünyaya hökm edən bir dövlətdir. Dövlətin başında duranlar xalqının, millətinin yolunu müəyyənləşdirməlidirlər, bu, böyük bir missiyadır. Linkolin Amerikada təhkimçilik hüququnu ləğv elədi, onu öldürdülər. Amma o, bilirdi ki, Amerikanın gedəcəyi bir yol var və bu, lazımdır. Yaxud Pyotr hakimiyyətə gəldi, təhsildən tutmuş, sənayenin inkişafına, zadəgan uşaqlarının təhsilinə kimi bütün məsələlərdə konkret şərtlər qoydu. Çünkü Pyotra böyük Rusiya lazım idi. Böyük Rusiyanı qurmaq üçün, böyük rus vətəndaşı lazım idi. Və yaxud Atatürk 500 illik cahan imperiyasının yerində Türkiyə cumhuriyyətini qurdu. Atatürk də islahatlar etdi. O, dünyəvi, üzü Avropaya olan vətəndaş istəyirdi. Avropanın hədəfində vətəndaş cəmiyyəti qurmaq var.
QEYRİ-BƏRABƏR DÖYÜŞDƏ QƏLƏBƏ ÇALMAQ LƏYAQƏTLİ İDMANÇIYA BAŞUCALIĞI GƏTİRMİR
Bizim də hökumət bu istəyini tez-tez yeniləyir. Vətəndaş cəmiyyəti, o cəmiyyətə deyilir ki, orda vətəndaş məmurdan güclüdür, sözünü deyə bilir, sözü eşidilir, onun seçim imkanları var. Mən bayaq dedim, müsəlman ölkələrinin ən böyük problemi ömürlük hakimiyyətdə olmaq istəyidir. Ömürlük hakimiyyətdə olmaq eşqinə düşdünsə, özünü qəsbkar kimi apardınsa, təbii ki, onda həmin hakimiyyət istəməz ki, vətəndaş cəmiyyəti formalaşsın, azad mətbuat olsun, ya da alternativ güc olsun. Hakimiyyətin əlində böyük resurslar, ordu, pul, polis var və qarşıda da heç bir resursu olmayan zəif qüvvələr var. Bu bir idman yarışı kimidir. Belə ki, qeyri-bərabər döyüşdə qələbə çalmaq ləyaqətli idmançıya başucalığı gətirmir.

BU GÜN MÜXALİFƏT BLOKADADA QALMIŞ QÜVVƏ KİMİDİR

– Təkcə hakimiyyət günahkardır? Müxalifət də hakimiyyətin oyunlarına getməklə vəziyyəti bu yerə gətirib çıxarmadımı sizcə?
– Təbii ki, müxalifətin də səhvləri var. Müxalifətin səhvi cəmiyyətlə düzgün dialoq qura bilməməyidir. Cəmiyyətdə dinamika olsa, vətəndaş cəmiyyəti güclü olsa, bu cəmiyyət özü öz qüvvələrini yetişdirəcək. Bu gün müxalifət blokadada qalmış qüvvə kimidir. Son həbslər, NİDA-çıların həbsləri göstərir ki, ənənəvi müxalifətdən kənar qüvvələrin ortaya çıxmalarını hakimiyyət arzulamır.

ƏGƏR SAĞÇI, SOLÇU, İSLAMÇI BİR ARAYA GƏLİRSƏ, DEMƏLİ VƏZİYYƏT GƏRGİNDİR

– Bu yaxınlarda Milli Şura yaradıldı, vahid namizəd məsələsi ortaya çıxıb. Milli Şuranın yaradılması ilə çəkişmələrə son qoyulacağı güman edilsə də, müxalifətin çəkişməsi Milli Şuranın daxilinə də nüfuz etdi. Görünən odu ki, interiqalar davam edir. Müxalifət özü birləşə bilmirsə, burda hakimiyyətin nə günahı var?
– Birləşmək biraz mücərrəd anlayışdır. Normal bir şərait, normal seçki mühiti olsa müxalifətin birləşməyinə heç ehtiyac olmaz. Əgər bir yerdəki sağçı, solçu, islamçı bir araya gəlirsə, deməli vəziyyət gərgindir. Yəni tamamilə təzadlı qüvvələr bir araya gəlirsə, bunun özündə bir təzad var. Deməli oyunun şərtləri çox ağırdır ki, bunlar məcburən müttəfiq olmağa məhkum olublar. Oyunun şərtləri yüngül olsa, hər şey şəffaf olsa elə birliklərə də ehtiyac yaranmaz.

BÜTÜN SEÇKILƏRDƏ EYNİ LİDER FAVORIT OLA BİLMƏZ

– Əvvəllər də elə birliklər olub…
– Biz seçki mühitini də bilirik, seçki məcəlləsini də, yerlərdə seçkiyə edilən müdaxilələri də. Yəni müxalifət məhdud qüvvələri ilə real nəticələrə nail ola bilmir. Bu mərhələyə birdən birə gəlib çıxılmayıb. Bu mərhələyə gələnə qədər müxalifətin də ciddi səhvləri olub. Cəmiyyətlə düzgün dialoq qura bilmədilər, hədəflər düzgün müəyyənləşmədi, şüarlar düzgün seçilmədi. Bütün seçkilərdə eyni lider favorit ola bilməz. Hər seçkinin öz qəhrəmanları olmalıdı. Düzdü, bizdə bəzi müxalifət liderləri var ki, elə bilirlər, hər seçkidə favorit ola bilərlər. Hər ayın öz şüarı olmalıdı. Biz istəsək də, istəməsək də Azərbaycan cəmiyyətində dəyişikliklər baş verir. Azərbaycan tamamilə başqa bir mərhələyə gəlib çıxıb.

AZƏRBAYCANDA REFORM QAÇILMAZDIR

Bu gün Azərbaycan Cənubi Qafqazda ən böyük dövlətdir. Məsələn, məhsul istehsalının 75%-i Azərbaycanın payına düşür. Bu gün Azərbaycanın neft gəliri baxmayaraq ki, müəyyən qrupun əlindədir və onun nəzarətinə keçib, yenə də yatmış ocaqları hərəkətləndirir. Azərbaycanda reform qaçılmazdır. Hakimiyyət deyir ki, iqtisadi inkişaf var. Nəzər salsaq görərik ki, bizdə həqiqətən inkişaf var. Baxmayaraq ki, bu inkişafa müəyyən bir qrupun maraqları çərçivəsində icazə verilir. Artıq əvvəlki dövr deyil ki, bir kilo ətlə, düyü ilə uşağın başını qatasan. Hamımızın gözünün qarşısında parıltılı bir hayat var və hamı bu həyatın bir parçası olmaq istəyir. Amma bu resurslardan xalqın çox hissəsi istifadə edə bilmir. Bu nə qədər belə davam edə bilər?

BU CÜR CƏMİYYƏTLƏRİN ƏSƏB DAMARINI BİLMƏK OLMUR

– Sizcə bu siyasi passivliklə onu əldə etmək mümkün olacaqmı?
– Bu cür cəmiyyətlərin əsəb damarını bilmək olmur. Hakimiyyət bəzən 50 nəfərlik nümayişə sərt reaksiya verir. Çünkü bilmək olmaz, o 50 nəfər nəyə səbəb ola bilər. Taqorun bir sözü var, deyir: “Kiçik həqiqətlər üçün aydın sözlər var, böyük həqiqətlər üçün, böyük sükut var”. Yəni insanların susqunluğu onların bixəbər olduqlarını göstərmir. Əslində həqiqət o qədər böyükdür və ortadadır ki, bu aldadıcı bir sükutdu. Bəlkə də həqiqəti dərk etməyin sükutudur.

– Siz qarşıdakı prezident seçkilərindən nə gözləyirsiz?
– Düşünürəm ki, istənilən halda reform qaçınılmazdı. Düzdü, bu gün hakimiyyətin də özünə görə problemləri var, müxalifətin də,  cəmiyyətin də. Milli azadlıq hərəkatında, Qarabağ döyüşlərində iştirak etmiş və ondan sonrakı 20 il ərzində həmin təsirdə olan adamalardı müxalifətçilərin çoxu. Azərbaycanda 3-5 ay işləməyən adamın həyatında çətinliklər yaşanır. Müxalifətçilər isə neçə illərdir real heç bir işlə məşğul olmayan adamlardır. Baxmayaraq ki, onlar 88-ci il hadisələrində ən aktiv insanlar olublar. Onalrın çox böyük nailiyyətlər əldə etmək üçün potensialları vardı. Onlar gəncliklərini, həyatlarının böyük bir hissəsini qurban vermiş adamlardır. Azərbaycandakı qüvvələrin hamısı problemli olaraq seçkiyə gedir.

DÜNYANIN BİR NÖMRƏLİ SİYASƏTÇİSİ ANLAYIŞI YOXDU, DÜNYANIN APARICI DÖVLƏTLƏRİ VAR

– Hakimiyyətin problemi varsa, bunu həll edəcək gücü də var. Bəs müxalifətin nəyi var?.
– Bizdə yanlışlıq odu ki, İlham Əliyev, İsa Qəmbər və ya Rüstəm İbrahimbəyov müstəvisində analiz edirik, kim uddu, kim uduzdu. Biz millət, cəmiyyət olaraq nə qazanacağıq, bu seçki bizim millətimizə nə qazandıracaq? Bax bunu fikirləşmirik. Xalq o vaxt qazanacaq ki, ölkədə islahat keçiriləcək. Heç bir hakimiyyət insanın ömrünü bir saniyə belə uzada bilmir. Ona görə də insanın öz ömrünü ləyaqətli yaşamaq şansı olmalıdır. Əgər ölkədə insanların hüquqları qorunursa, sosial rifah yüksəkdisə, dövlətin təhlükəsizliyinə təminat varsa, deməli o ölkədə siyasət düzgün aparılır. Biz bu ifadədən istifadəni sevsək də, dünyanın bir nömrəli siyasətçisi anlayışı yoxdu, dünyanın aparıcı dövlətləri var. Bir də millətlərin taleyində rol oynamış şəxsiyyətlər var. Məhz o liderlər qalıcı olurlar ki, onlar öz millətlərinə dəyərlər gətirirlər. Körpü tikmək, bina tikmək vətəndaş cəmiyətinin təməli deyil. Ona qalsa Misir firounlarının tikdirdiyi piramida bugün də dünyanı heyrətə gətirir.

ARTIQ ONUN QARŞISINDA İSA QƏMBƏR, RƏSUL QULİYEV, ƏLİ KƏRIMLI YOX, DÜNYA ŞÖHRƏTLİ DRAMATURQ DAYANIB

– Sizcə müxalifət bu seçkilərə getməklə nə qazanacaq? Müxalifətin Rüstəm İbrahimbəyovu namizəd göstərməsi məğlubiyyəti etiraf etməsi deyilmi?
– Müxalifət seçkidə iştirak etməsə nə qazanacaq? Bu məsələ də var. Müxalifətin səhvi odur ki, hər seçkidən seçkiyə 2-3 aylıq fəaliyyətlə istədikləri dəyişiklikləri əldə edə bilməzlər. Qaldı Rüstəm İbrahimbəyov məsləsinə, o, bəlkə də müxalifət üçün bir avantajdı. Rüstəm İbrahimbəyov ciddi fiqurdu, həm də ənənəvi müxalifət simalarından fərqli bir adamdı. Hakimiyyət üçün də bu bir sürprizdi. Hakimiyyət ənənəvi mübarizə taktikasından fərqli bir yol seçməlidir. Artıq onun qarşısında İsa Qəmbər yox, Rəsul Quliyev yox, Əli Kərimli yox, dünya şöhrətli dramaturq dayanıb.

AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN BÖYÜK BİR ŞƏXSİYYƏTİ İLƏ RƏQABƏT APARMAQ MƏNİM ÜÇÜN ÇOX XOŞ OLARDI

– Məncə, seçki teatr deyil ki, orada dramaturq əsas fiqur olsun…
– Biz çox vaxt siyasəti qəlizləşdiririk. Məslən deyirlər ki, Rüstəm İbrahinmbəyov siyasətçi deyil. Amma əvəzində hörmətli bir vətəndaşdı. Millətinin, dövlətinin gələcəyi üçün narahat olan bir vətəndaşdı. Bütün problemlər yanaşmadadı. Düzgün qərarlar qəbul eləmək üçün, düzgün düşünmək lazımdı. İlham Əliyevin yerində olsaydım, Azərbaycan mədəniyyətinin böyük bir şəxsiyyəti ilə rəqabət aparmaq mənim üçün çox xoş olardı. Sovet hökuməti dövründə Saxarov, Soljenitsinin  yaratdığı effekti bu gün bizim bütün müxalifət yarada bilmir. Yəni insan istəsə, tək olmasına baxmayaraq da böyük bir proses başlada bilər. Rüstəm İbrahimbəyov da tək başladı və 20 ildir ki, heç kimin bir araya gətirə bilmədiyi müxalifəti birləşdirməyi, vahid namizəd olmağı bacardı. Bunun özü analiz olunmalı məsələdi…

– Rüstəm İbrahimbəyovun da problemləri var axı. Gələ bilmir.
– Bu gün hakimiyyət bərabər seçki üçün tam şərait yaratmalıdır.

– İbrahimbəyova qanunvericilik icazə vermirsə hakimiyyət neyləsin, qanunları dəyişsin?
– Mətbuatda izləyəndə də görürük ki, bu problemləri atəşfəşanlıqla qeyd edirlər. Mən hesab edirəm ki, hansı namizəd olursa olsun, Azərbaycan artıq normal bir mərhələyə qədəm qoymalıdır. Millətimizin qazanclarını hesablamalıyıq. Biz çalışmalıyıq ki, Azərbaycanda normal idarəetmə forması olsun. Bu gün Azərbaycan insanının tualeti belə “yevroremontdu”. Avropalı kimi geyinib, onalrın sürdüyü maşınlardan sürürük. Amma, bu insanları afrikalı kimi idarə etmək istəyəndə təzad çıxır ortaya. Nə vaxt ki, reform olub, Azərbaycan cəmiyyəti inkişaf eləyib. Bakının inkişafını neft amili ilə əlaqələndirirlər. 1740-cı illərdə təkcə Balaxanıda çıxan neft dünyada çıxan neftin 90%-ni təşkil edirdi. Amma Bakı inkişaf eləməmişdi. Sonra Çar islahatları başlayanda Bakı inkişaf etməyə başladı. İlk opera şərqdə yarandı, sənayemiz inkişaf elədi, mətbuatımız inkişaf elədi, Avropa təhsilli insanların sayı artdı.

– Onda belə çıxır ki, o vaxtkı Çar Rusiyasını Moskva əvəz etmək istəyir. Milli Şuranın Rusiyanın sifarişi hesab edənlər az deyil… Hətta Gürcüstan prezidenti səviyyəsində belə bir bəyanat səslənib…
– Kimlər ki, elə görmək istəyir, elə deyir. Mən hesab edirəm ki, Azərbaycan hökumətinin o islahatları aparamağa gücü var. Mən istəmirəm ki, Azərbaycanda reform Rusiya, Amerika və ya Avropa tərəfindən idarə olunsun. Bu, Azərbaycanın indiki rəhbərinin adına yazılsa nə gözəl…, tarixdə yeni bir səhifə açılar. Bizim iqtisadi və elmi potensialımız var. Belə götürəndə İlham Əliyev özü də kifayət qədər təfəkkürlü, təhsilli, bu işi apara biləcək potensialı olan adamdı.

MƏNİ HEÇ KİM İNANDIRA BİLMƏZ KI, SAAKAŞVİLİ AZƏRBAYCANDA NORMAL BİR DÖVLƏTİN QURULMASINDA MARAQLIDIR

O ki qaldı Saakaşvilinin bəyanatına, Azərbaycan çox böyük potensialları olan dövlətdir. Gürcüstan isə balaca bir dövlətdir. Bu gün Saakaşvili xaricdə islahatçı lider kimi tanınan və Gürcüstanın Qafqazda önə çıxmasına çalışan biridi. Təbi ki, o Azərbaycanda normal islahatların getməsini istəməz. Azərbaycanda demokratik dəyərlərin üstünlük qazanması o deməkdir ki, Azərbaycan təkcə Cənubi Qafqazın yox, həm də Şimali Qafqazın yiyəsinə çevrilə bilər. Məni heç kim inandıra bilməz ki, Saakaşvili Azərbaycanda normal bir dövlətin qurulmasında maraqlıdır. Milli Şuranın ilk görüşmələri Avropa, Amerikada başlayıb. Onun təşkilini Rusiyaya bağlamaq üçün heç bir arqument yoxdur. Biz bəzən eqoist və qisasçı tərəfimizlə hərəkət edirik. Fikir vermək lazımdır ki, məsələn, Fransa – İngiltərə müharibəsi 100 il çəkib ama bu gün əməkdaşdılar. Hitler Avropanı qana boyadı, amma bu gün vahid pulları, orduları var. Qlobal bir dünyadı, hər şey əməkdaşlıqdan keçir. Düşmənçiliklə, qisasçılıqla heç bir problem həll edilə bilməz.