Cəbhəçi gənclər hakimiyyəti təşvişə salıb

Ötən gün AXCP rəhbərliyinin Zaqatalada gənclərlə görüşü haqqında məlumat vermişdik. Gənclərlə görüşdən çəkilmiş fotoların sosial şəbəkələrdə paylaşılması rayon rəhbərliyini təşvişə salıb. Belə ki, həmin görüşdə iştirak etmiş gənclər kənd icra nümayəndəliyinə çağırılıb. Məqsəd, gəncləri qorxutmaq, partiya sıralarında fəaliyyətlərini məhdudlaşdırmaqdı.

Məsələyə aydınlıq gətirmək üçün kənd icra nümayəndəsi  Abdülkərim Şabanovla əlaqə saxladıq. Abdülkərim Şabanov bildirdi ki, gənclərə hədə-qorxu gəlinməyib, sadəcə olaraq tədbirin məqsədi haqqında məlumat almaq istəmişik: “Mən hökumət nümayəndəsiyəm, burda baş verən hadisələrdən xəbərdar olmalıyam. Mənə xəbər verdilər ki, cəbhəçi gənclər tədbir keçirir, təbliğat aparır. Biz də aydınlıq gətirmək istədik. Siz də hakimiyyətdə olsanız maraqlanarsınız. Qəzetdə də oxuduq ki, Zaqatalada gənclər kütləvi şəkildə təşkilatlanır, ona görə öyrənmək istədik ki, nə baş verir?”

AXCP Gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı bildirdi ki, bizim Zaqatala görüşümüzdə heç bir qanun pozuntusuna yol verilməyib və gənclər komitəsinin rayon şöbələri ilə mütəmadi görüşlər təşkil etmək hüququmuz var: “Heç bir təqib, təzyiq bizi təşkilatlanma işindən yayındıra bilməyəcək. Biz öz fəaliyyətimizi yüksələn xəttlə davam etdirəcəyik. Bütün rayonlarda gənclər komitəsinin yerli şöbələri fəaliyyət göstərəcək və bunun üçün bizim resurslarımız var. Biz gəncləri zor gücü ilə, məcburən sıralarımıza qatmırıq, gənclər özü bizi seçir. Hakimiyyətin bu cür siyasəti bumeranq effekti verəcək.”

Ilham