Yeraltı keçidlər vadisi – Pusu

Bu gün yerli seriallar “proyekt”inin fiaskoya uğradığını hətta müəlliflər də etiraf edirlər. Növbəti serialının da uğursuz alındığını anlayan bir rejissor bu yaxınlarda MTN rəhbərliyinə mətbuat vasitəsilə müraciət etdi. Dedi ki,  gəlin qanqster, hazırda ömürlük həbsdə olan Hacı Məmmədov haqqında serial çəkək. Dolayı yolla, rejissor demək istəyirdi ki, nə çəksək, şit alınır, Azərbaycan reallığında  gülüş doğurur.

Bir neçə il əvvəl nümayiş etdirilən ilk milli serialı, yəqin ki, xatırlayırsınız. Baş müsbət qəhrəman nazir balası idi və serialda, daha doğrusu, ssenari üzrə qazandığı halal puldan 3 milyon dolları… kimsəsiz uşaqlara bağışlayırdı.

Razılaşın ki, bundan əttökən səhnə təsəvvür etmək qeyri-mümkündür. Çünki tamaşaçı tamam başqa şey – nazirin büdcədən 3 milyonu necə qapazladığını görmək istəyir.

Əliyevlər rejimi insanları 20 ildir ki, başqa cür düşünməyə zorlayır. Artıq insanlar rüşvəti, seçki saxtakarlığını, qanunsuz həbsləri bir reallıq, təbii fəlakət kimi qəbul edir, zəlzələnin, qasırğanın bir sonu olduğu kimi, bu hakimiyyətin də əbədi olmayacağı ilə təskinlik tapır.

70-80-ci illərdə yaşamış insanlar yaxşı xatırlayırlar, o vaxt insanlar ali məktəblərə qəbul zamanı rüşvətin asan alınmasına o qədər adət etmişdilər ki, buna artıq neqativ hal kimi yox, qanun kimi baxırdılar. Yadınızdadırsa, gözdən pərdə asmaq üçün bir “Insan və qanun” verilişi də var idi. Onun nədən danışdığını xatırlamasam da, Heydər Əliyevin gedişindən sonra məlum oldu ki, rüşvət ən çox onun dövründə çiçəklənmişdi.

Fikir verin, rejissor serialı çəkməmişdən əvvəl bunun necə qarşılanacağını təsəvvür edir və insanları inandırmaq üçün çarəni məhz Hacı Məmmədovda, yəni, “Pusu”da görür. Qəbiristanlıqda üç uşağı olan günahsız mürdəşirin öldürülməsi, insanların oğurlanması və işgəncə verilməsi səhnələrilə tamaşaçının qəlbində taxt qurmağı arzulayır. O, üstüörtülü şəkildə, rüşvətdən imtina edən polis zabiti, ədalətli hakim, qayğıkeş millət vəkili, uşaq evinə milyonlar bağışlayan nazir balası obrazından imtina edir, açıq şəkildə “Pusu” çəkmək arzulayır, özü də ciddisindən…

“Pusu” da ki, maşallah, bizdə istəmədiyin qədərdir. Istənilən sahəni götürün, heç əziyyət çəkib ssenari yazmağa da gərək qalmır. Ən bəsitindən başlayaq…

Bakı Şəhər Yol Polisi Idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, cari il yanvarın 1-dən bu günədək paytaxtda yol hərəkəti qaydalarını pozan 71 min piyada inzibati qaydada məsuliyyətə cəlb olunub.

Söhbət Bakı şəhərində inşa edilən yeraltı və yerüstü keçidlərdən istifadə etməyən piyadalardan gedir. Cərimələr isə 20 manatdan başlayır.

Etiraf edim ki, bu haqda çoxdan yazmaq istəyirdim. Bunun üçün müxtəlif keçidlərdə müşahidələr aparmışam. Gəldiyim nəticə budur, orada keşik çəkən polis, vətəndaşın bilavasitə qanunu pozmasında maraqlı görünür. Yəqin, siz də fikir vermisiniz, bu keçidlərdə polis elə mövqe seçir ki, demək olar ki, görünməz olur. Ən əsası, yolu keçməyə cəhd edən vətəndaşa xəbərdarlıq edilmir, polis sakitcə onun yolun qadağan olunmuş hissəsindən keçməsini gözləyir və yolu keçən kimi, üstünü kəsdirir və protokol tərtib edir. Halbuki, keçidə enmək istəməyən vətəndaşları saxlayıb, onları keçidə doğru istiqamətləndirmək də olar. Keçid olan yerdə xəbərdarlıq yazılan plakatlarına rast gəlmək demək olar ki, mümkün deyil və vətəndaş yalnız yolu keçəndən, yəni, sağ qalandan sonra polis onu cərimələyir.

Məşhur “Əhməd haradadır?” filmində, Şirin kişinin bilməyərəkdən yol hərəkəti qaydasını pozması səhnəsini yəqin ki, xatırlayırsınız. Milis əməkdaşı öz həyatını da təhlükəyə ataraq, kişinin qolundan tutub, onu yolun yarısından geri qaytarır. Bəlkə də o, vaxtında özünü çatdırmasaydı, Şirin kişini maşın vuracaqdı.

Eyni vəzifəni həyata keçirən müasir Azərbaycan polisi isə “səbrlə” vətəndaşın yolun qadağan olunmuş hissəsindən keçməsinə tamaşa edir, obrazlı desək, 20 manat və vətəndaşın ölümü arasında seçim edir. Bu piyada polisinin (!) arzusu vətəndaşın sağ qalıb, 20 manatı ödəyə bilməsidir.

Profili başqa olan və təhlükəsizliyimizin keşiyində duranların arzuları haqda isə zəhmət çəkin, özünüz düşünün.