Zahid Oruc: «Mahmudəli Çöhrəqanlı Azərbaycan hakimiyyəti üçün arzuolunmaz şəxs deyil»
Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan və hazırda Amerikada mühacirət həyatı yaşayan Mahmudəli Çöhrəqanlı avqustun ikinci yarısında Bakıya gələcək.
Bu barədə məlumatı Aznews.az saytına doktor Çöhrəqanlının oğlu Alparslan Çöhrəqanlı verib.
Onun sözlərinə görə, hazırda viza alınması üçün bu ölkədəki Azərbaycan səfirliyinə müraciət edən Çöhrəqanlı cavab gözləyir: “Atamın Bakıya gəlməklə balı qəti qərarı var. Səfirliyin cavabın gözləyirik. Əgər bu müddətdə viza səfirlikdə verilməsə, vizanı hava limanında almaq üçün atam Bakıya gələcək. Ümid edirik ki, onu hava limanından geri qaytarmayacaqlar. Azərbaycan səfirliyindən bizim bu cəhdimzə qarşı çıxmayıblar. Ancaq konkret cavab hələ verilməyib. Bununla belə atam avqustun ikinci yarsında Bakıya gəlməkdə israrlıdır”
Xatırladaq ki, Mahmudəli Çöhrəqanlı əvvəllər Azərbyacana mütəmadi səfərlər edib. Heydər Əliyevin hakimiyyəti dövründə də bu səfərlərə maneə yaradılmırdı. Ilham Əliyevin prezidentliyi dövründə isə, Çöhrəqanlının Azərbaycana gəlməsinə imkan verilmir.
Buna səbəb kimi Çöhrəqanlının hakimiyyətlə bağlı sərt çıxışlarını xatıqlamaq olar.

Millət vəkili Zahid Oruc hesab edir ki, Mahmudəli Çöhrəqanlının ölkəyə buraxılmaması göstərişi yoxdur və Çöhrəqanlı hakimiyyət üçün təhlükəli persona deyil: “Çöhrəqanlı Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycana sərbəst gəlib, öz mövqeyini açıq şəkildə ifadə edirdi. Bu gün də düşünmürəm ki, Iran dairələrinin təzyiqi səbəbindən dövlət tərəfindən onun gəlişinə qarşı kəskin müqavimət göstərilsin. O, özü dəfələrlə deyib ki, Azərbaycanda ona hörmətlə yanaşırlar. Çöhrəqanlının Bakıya gəlməsini problem kimi qiymətləndirmirik. Onun gəlişi üçün hansısa hüquqi əngəllər varsa, biz bununla bağlı hüquqi araşdırma aparıb, aidiyyatı orqanlara müraciət edə bilərik. Çöhrəqanlı kifayət qədər səriştəli, bilikli, qabiliyyətli insandı və Azərbaycan hakimiyyəti üçün arzuolunmaz şəxs deyil”.
Məsələ ilə bağlı XIN-in mövqeyini öyrənməyə çalışsaq da, gün ərzində telefonlarımıza cavab verilmədi.
İlham


