YAP Əli Həsənovla bağlı məlumata niyə dərhal reaksiya verdi?
Hakimiyyətdə məsələ barədə nə düşünürlər?
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun ölkə başçısı Ilham Əliyevin Seçki Qərargahının rəhbəri olacağı barədə məlumatlar təsdiqini tapmır. Bu barədə məlumata Yeni Azərbaycan Partiyasından dərhal reaksiya gəlməsi və dünən əldə etdiyimiz xəbərlər belə deməyə əsas verir.
Xatırladaq ki, YAP icra katibinin müavini Mübariz Qurbanlı Əli Həsənovun Ilham Əliyevin Seçki Qərargahının rəhbəri olması barədə xəbərə münasibət bildirərkən deyib: “Seçki kampaniyası ilə əlaqədar prezidentimiz müvafiq tapşırıqlarını verib onun göstəriş və tapşırıqları əsas rol oynayır. Bütövlükdə götürdükdə, YAP elə Ilham Əliyevin Seçki Qərargahıdır və Əli Həsənov da bu partiyanın Idarə Heyətinin üzvüdür. Bu cür rəsmi prosedur məsələləri zamanında həll olunacaq. Ancaq bütövlükdə götürdükdə, YAP özü partiya namizədinin Seçki Qərargahı hesab olunur. Mən indi bu barədə fikir söyləmək istəmirəm, zamanı çatanda hər şey məlum olacaq”.
Göründüyü kimi Mübariz Qurbanlı YAP-ı Ilham Əliyevin Seçki Qərargahı adlandırıb. Əli Həsənovun da hakim partiyanın Idarə Heyətinin üzvü olduğunu xatırladıb. Mübariz Qurbanlı əslində Əli Həsənovun Seçki Qərargahının rəhbəri yox, üzvü olduğuna işarə edib.
Redaksiyamıza daxil olan məlumatlarda isə bildirilir ki, Əli Həsənovun Seçki Qərargahının rəhbəri olması ümumiyyətlə müzakirə olunmur. Hakimiyyətki mənbə deyir: “Bu ilki seçki Paşayevlərin nəzarəti altında keçiriləcək. Əsas işlər də məhz bu komandaya daxil olan adamlara tapşırılacaq. YAP-dan Əli Həsənovla bağlı xəbərə dərhal reaksiya verilməsi də təsadüfi deyil. Hakim partiyanın kurasiyası artıq Paşayevlərin komandasına daxil olan prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədova verilib. Görünür, Paşayevlər bu məsələnin məqsədli şəkildə ortalığa atıldığını düşünüblər. Bir məqamı da qeyd edim. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müavinlər təyin edildikdə Əli Həsənova yada düşmədi. Halbuki o daha populyar idi, digər tərəfdən tutduğu vəzifə administrasiyada mühüm postlardandır. Amma buna baxmayaraq Əli Həsənovu müavinliyə layiq görülmədi. Bu halda onun Seçki Qərargahının rəhbəri olacağını düşünmək sadəlövhlükdür”.