Telefon danışıqlarının internetdə yayılmasıyla əlaqədar Litvanın Azərbaycan və Macarıstandakı elçiləri vəzifələrindən getdilər
Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas istefa verib. Bu qərar litvalı diplomatların telefon danışığının üzə çıxmasıyla bağlı qalmaqalın nəticəsi olaraq verilib. Xəbəri Litvanın Xarici Işlər Nazirliyi də təsdiqləyib.
“Bu, səfirin öz qərarıdır. Bu yolla o, qalmaqalın həm onun özünün, həm də dövlətin nüfuzuna mənfi təsirinin qarşısını almaq istəyir. Diplomat başa düşür ki, yaranmış vəziyyət onun bu postda fəaliyyətini davam etdirməsini mümkünsüz edir”, – deyə nazirliyin mətbuat xidmətindən bildirilib.
Xarici işlər naziri Linas Linkyaviçyus da öz növbəsində səfirin bu addımını “layiqli davranış” kimi qiymətləndirib.
Xatırladaq ki, iyulun 8-də “YouTube” video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənib. Söhbətin Litva Xarici Işlər Nazirliyinin “Şərq Tərəfdaşlığı” proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı səfiri Renatas Yuşka arasında getdiyi güman edilir. Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüblər, Litva parlamentində “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər. R.Yuşka telefon söhbətində Dağlıq Qarabağın “Artsax” adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.
Bundan başqa, Yuşka deyir ki, “baxmayaraq, ermənilər ”çürükdür”, amma onlar bizə insani baxımdan daha yaxındır”.
“YouTube”a yüklənmiş ikinci lent yazısında isə Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskasın danışıqları öz əksini tapıb.
Bu arada, Litvanın BNS agentliyi məlumat yayıb ki, Azərbaycandakı səfirlə yanaşı, Macarıstandakı səfir Renatas Yuşka da istefa verib.
Aytən


