Rüstəm İbrahimbəyov “Meydan TV”yə müsahibəsində önəmli mesajlar verib
Milli Şuranın sədri və prezidentliyə namizədi Rüstəm İbrahimbəyov Avropa səfəri zamanı “Meydan TV”yə müsahibə verib. Müsahibə ötən gün yayılıb. Müsahibənin videoyazısı ilə yanaşı, İbrahimbəyovun fikirlərini də müəyyən redaktə və ixtisarlarla təqdim edirik.
2 illdə aparılacaq islahatlar
Milli Şura bəyan etdiyi kimi (mən də bu öhdəliyə öz imzamı atmışam) 2 il ərzində əsasən konstitusiyaya dəyişiklər həyata keçiriləcək. 2 il ərzində biz ədalətli parlament seçkiləri keçirməyi bacarmalıyıq. Referendum keçirmək lazımdır. Konstitusiyaya lazımi dəyişiklikləri qəbul etmək üçüm referendum keçirmək lazımdır ki, prezidentin səlahiyyətini məhdudlaşdıraq və parlamentin, o cümlədən də, parlamentin yaratdığı hökümətin səlahiyyətini genişləndirək.Və sonra da yeni və azad prezident seçkiləri keçirməmiz lazımdır.
Müsahibə rus dilində alınıb. Azərbaycan dilində titrləri görmək üçün CC düyməsinə basın
Gənclərə ümid və yatırım
Mən görürəm ki, qabiliyyətli gənc ekspertlərdən ibarət, nisbətən böyük bir dəstə formalaşıb. Təəssüf ki onlar Azərbaycanda indiki proseslərdə iştirak etmirlər. Çoxları öz işləri ilə məşğuldurlar, qorxurlar, ehtiyatlı olmağa çalışırlar. Bu iki il ərzində bizim vəzifəmiz onları Azərbaycana cəlb etməkdir. Onların fəal olmaları üçün imkan yaratmaq lazımdır. Biz proqamları onlardan gözləyirik. Çünki proqramlarımızı yaşları 50-60 dan yuxarı olanlardan almaqdan bezmişik. Gələcək üçün proqramları gənclər yaratmalıdırlar. Təssüf ki, hələ də gerçək təkliflər yoxdur. Tənqidlər var. Amma hələ də heç bir qrup, qəbiliyyətli gənc və ya bircə ekspert ortaya çıxıb bizə təklif etməyib ki, baxın, bu mənim ideyalarımdır, biz bunu hazırlamışıq, biz bunu etməliyik. Biz bunu onunla izah edirik ki, indiyə qədər onlar axtarılmayıblar, ölkəyə lazımsız sayılıblar. Bizim vəzifəmiz onlara ən yaxın zamanda yol açmaq və bacarıqlarını, qabiliyyətlərini, biliklərini reallaşdırmaq üçün şərait yaratmaqdır. Gələcək üçün ümidimizi tamamilə onlara bağlayırıq.
Təhsil sistemini yenidən qurmaq lazımdır
Təhsil sistemi o qədər bərbad vəziyyətdədir ki… Yeni nəsil həkim yetişdirmək lazımdır. Vaxtilə Azərbaycanda çox güclü səhiyyə məktəbi var idi. Bunun hamısı artıq dağılıb. İndi kiçik xəstəliklərdən sağalmaqdan ötrü insanlar xaricə gedirlər.
Təhsil sistemində də vəziyyət eynidir. Yeni müəllimlər lazımdır. Məktəblərdən tutmuş ali təhsiləcən, təhsil sistemini tamamilə yenidən qurmaq lazımdır. Mən düşünürəm ki, biz yeni universitetlərimizi qərbin üsulları ilə yaratmalıyıq. Ora dünya şöhrətli müəllimlər gəlib, dünyanın hər yerindən gələn tələbələrə dərs keçə biləcəklər. O zaman azərbaycanlı tələbələr ən qabaqcıl elmi ideyalaların içində yetişəcəklər.
Sabitlik barədə
Sabitlik öz-özlüyündə mənasız bir sözdür. Məsələn, bəlalı, ağır vəziyyət sabit ola bilər. Uzun zamandır, Azərbaycan durğunluq vəziyyətindədir. Ona gorə də mən belə sabitliyə qarşıyam. Mən həyatın normallığına tərəfdaram. İki il ərzində özümüzü şoklardan, silkələnmələrdən və üsyanlardan müdafiə etməyimiz lazımdır. Biz çox ağır geopolitik məkanda yerləşirik və yəqin ki, bəzi qüvvələr ölkədə normal həyat tərzinin davamına mane olmağa çalışacaqlar. Amma ən vacibi odur ki, insanlar görməlidirlər ki, artıq onları soymurlar. Onlarda ümid yaranmalıdır ki, hökümət onlara yardım edəcək – nəinki pul verməklə, həm də işləmələrinə imkan yaratmaqla. Və əgər onlar işləməyə başlasalar, dürüstlüklə və işgüzarlıqla öz işləri ilə məşqul olsalar, onların qazandıqları əlindən alınmayacaq. Sərbəst yaşaymaq, işləmək, təhsil almaq və sair ümidi insanlarda yaranmalıdır. Bunları başlamaq, sabitliklə inkişaf etdirmək lazımdır, amma həm də dəqiq anlamaq lazımdır ki, misal üçün, Avropadakı sistem hər ölkədə təxminən eynidir, lakin fərqli ölkələrdə bu sistemin fərqli nəticələri olur, ona görə ki, bu, adət-ənənələrdən, millətin bacarığından və ölkənin mədəniyyətindən asılıdır.Yəni tam ümidimiz xalqımıza özünün ən yaxşı xüsusiyyətlərini göstərmək ücün imkan yaradılmasından asılıdır. İndi xalqımız bu imkandan məhrum edilib.
Sahibkarlara vəd olunan şərait
Azərbaycan xalqı çox təşəbbüskar xalqdır. Onlar xaricdə çox gozəl işləməyi bacarırlar. Ölkədə isə, demək olar ki, orta təbəqə heç yoxdur və biznesmenlərə işlərini görməyə imkan vermirlər. Gömrükdə onların gəlirlərinin 80-90% -ni qarət edirlər. Ən qəddar vergi sistemlərindən biri (əslində heç sistem də yox, qarətçilik) onlara işlərini görməyə imkan vermir. Bax bu mühasibat tamamilə məhv edilməlidir. İnslanlar rahat işləyib, anlamalıdırlar ki, imkanları olduqları qədər qazana bilərlər və bu qazanc həm də ölkəyə xeyir gətirəcək. İndiki hakimiyyət bilərəkdən insanların işləmələrinə ona görə imkan vermək istəmir ki, pulların hamısı onların əllərində cəmləşsin. Onlara azad və varlı azərbaycanlılar lazım deyil. Ona görə də bu siyasəti bilərəkdən xüsusən qəddar şəkildə yaradıblar. Biz həmişə insan haqqları barədə danışırıq, bu da insan haqqıdır. Biz biznesin azadlığı barədə danışanda onu demək istəyirik ki, bu, dövlətin çiçəklənməsi üçün ən vacib şərtlərdən biridir. Ölkədə azad biznes yoxdursa, Azərbaycan həmişə ağır vəziyyətdə olacaq və neft gəlirlərindən asılı olacaq. “Samsung” kimi böyük şirkətlər Azərbaycan və onun neft dollarlarından daha çox gəlir qazanırlar. Azərbaycanda çoxlu sayda qabiliyyətli biznesmenlər var. Əminəm ki, onların normal işləmələri üçün imkan yaradılan kimi güclü iqtisadi sıçrayş olacaq.
Qarqabağ münaqişəsinin həlli
Qarabağ münaqişəsinin həlli ən çətin sualdır. Bu çox çətin geopolitik anlaşılmazlıqdır və onu həll edən beynəlxalq ictimaiyyət olacaq. Azərbaycanın ərazisi bütöv və bölünməz qalmalıdır. Biz özümüzün tam azadlığımızı və ərazi bütovlüyümüzü qorumalıyıq. Bu, bizim vəzifəmizdir.
Təəssüf ki, bu problem də kiçik bir qrup insan tərəfindən özəlləşdirilib. Necə deyərlər, vətəndaş diplomatiyası mövcud deyil. Halbuki problemin həllİ üçün hər iki tərəfdən böyük çevrədən insanların birləşməsinə imkan yaradıla bilərdi. Bizdə hələ də alimlər bu problemin həllində iştirak etmirlər, baxmayaraq ki, problemin həlli bütün sahələrdən insanların diqqətini və səylərini tələb edir. Əminəm ki, Azərbaycanda daxili vəziyyətin normallaşması bu problemin həlli üçün imkan yaradacaq.
Qarabağ bizim torpağımızdır və Qarabağda yaşayan ermənilərin, azərbaycanlıların hamısı bizim vətəndaşlarımızdır. Onlar (ermənilər – red.) anlamalıdırlar ki, Ermənistan tərəfindən işğal olunmuş Qarabağda yaşamaqdansa, Azərbaycana aid olan Qarabağda yaşamaq daha maraqlı, yaxşı və əlverişlidir. Əgər biz bunu onlara sübut edə bilsək, bu məsələnin həllini olduqca asanlaşdıracaq.
Azərbaycan daha azad və demokratik ölkə olsaydı, biz daha çox beynəlxalq quvvələri bu problemin bizim xeyirimizə həllinə cəlb edə bilərdik. Bizə beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq çox vacibdir. Bunu etməyə ona görə nail ola bilmirik ki, Azərbaycanın bir avtoritar və korrupsioner ölkə kimi dünyada çox çirkin imici var. Bundan başlamaq lazımdır.
Qarabağ veteranları və ordu haqqında
Məni ən çox narahat edən Qarabağ veteranlarının taleyidir. Onlar illər boyu ən ağır şəraitlərdə döyüşərək öz həyatlarını, sağlamlıqlarını qurban ediblər. Özlərini vətənpərvər amallara, vətənə sevgiyə və torpaqlarını düşmənə verməmək üçün qurban edən insanlara bizim ölkə heç nə etmir. Baxın görün onlar nə vəziyyətdədilər. Onlar ən adi yaşayış vasitələrindən məhrum ediliblər. Onlarla heç kim hesablaşmır. Bütün ölkənin qürur duymalı olduğu insanları heç kəs televiziyada, bayramlarda və ya şadlıqlarda görmür. Axı onlar ölkənin ən vacib adamlarıdırlar, xalqın qaymağıdırlar. Bizsə onların haqqını onlara vermirik. Mən hələ orduda indi xidmət edənlərdən danışımıram. Mən bilirəm ki, bu, xidmətdir, amma yenə də onlara verilən yemək, yaşadıqları şərait, cibxərcliyi üçün verilən pulun miqdarı dəhşətlidir. Azərbaycan kimi ölkədə orduda xidmət etmək nüfuzlu iş olmalıdır. Onunla qürur duymaq lazımdır. Bunu əldə etmək üçün ordu və həm də vaxtı ilə döyüşən və haqsızcasına unudulan əsgərlərimizlə tamamilə yeni əlaqə qurmaq lazımdır. İnsanlar anlamalıdırlar ki, öz torpağını, öz ölkəsini qorumaq şərəfli vəzifədir və bu xidmətə görə xalq səni xatırlayacaq, sənə minnətdar olacaq.