Artan cinayətlər, azalmayan təhlükə

Son 9 ildə ölkədə cinayət hadisələri iki dəfəyə yaxın artıb

Azərbaycanda qəsdən adam öldürmə, zorlama, dələduzluq, oğurluq, rüşvətlə bağlı cinayətlər artıb. Bu, Dövlət Statistika Komitəsinin 2011-ci illə bağlı yaydığı hesabatda göstərilib. Komitədən “Azadlıq”a bildiriblər ki, cinayətlərlə bağlı 2012-ci ilin statistikası hələ hazır deyil. Ona görə də baş verən cinayətlərin təhlilini aparmaq üçün 2003-2011-ci illərin statistikasını müqayisə edəcəyik.
2003-cü ildə 15 min 206 cinayət hadisəsi qeydə alınıb. Bu rəqəm 2011-ci ildə 24.263-ə qədər artıb. 2011-ci ildə baş verən cinayətlər arasında 270 qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 5019 oğurluq, 1588 dələduzluq, 2650 narkotik maddələrin qeyri-qanuni hazırlanması, əldə edilməsi, 1936 yol hərəkətinin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması (onlardan 813-ü ölümlə nəticələnib) hadisəsi qeydə alınıb.
2003-cü ildə ilə 285 qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 1819 oğurluq, 1166 dələduzluq, 1818 narkotik maddələrin qeyri-qanuni hazırlanması, 1099 yol hərəkətinin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması (onlardan 437-si ölümlə nəticələnib) hadisəsi qeydə alınıb.
Ayrı-ayrı şəxslərin törətdiyi cinayətlərə görə 2011-ci ildə 14-18 yaşadək uşaqlar və onların iştirakı ilə törədilən cinayətlərin sayı 465 olub ki, 2003-cü ilə aid statistikada bu rəqəm 395-dir.
2011-ci ildə məişət zorakılığı, ailə münaqişəsi nəticəsində 1782 cinayət baş verib. Onlardan 182 cinayət sərxoş vəziyyətdə törədilib, 188 hadisəni isə əvvəllər məhkum olunmuşlar həyata keçirib. Ən çox döymə faktı qeydə alınıb – 1324 hadisə. 2190 nəfər bu hadisələrdən zərər çəkib. Onlardan 1694 nəfəri qadınlardır. 31 nəfər 18 yaşa qədər qadınlar, iki nəfər hamilə qadındır.
2011-ci ildə 1308 cinayət hadisəsi silahla törədilib.  Bunlardan 819 cinayət küçə, meydan və parklarda baş verib. 2011-ci ildə törədilmiş cinayətlər nəticəsində 12 min 536 nəfər zərər çəkib. Ölən şəxslərin sayı 1375 nəfərdir. Onlardan 123 nəfəri uşaqdır.
Qadınlar arasında narkotik vasitələrlə törədilən cinayətlər 2003-cü ildə 88 olubsa, 2011-ci ildə bu rəqəm 62-dir. 2011-ci ildə qadınların əlindən 9 nəfər ölüb, 2003-cü ildə isə 4 nəfər olub.
2011-ci ildə 14-18 yaşadək uşaqların törətdiyi 465 cinayət (2003-cü ildə 395) hadisəsi olub. Məhkum olunmuş uşaqların içərisində ailədən kənar, internat evlərində böyüyən uşaqlar 2011-ci ilə görə 7 nəfərdir. Təhsil alanlar isə 103 nəfərdir. Işləməyən və oxumayanlar 138 nəfər olub.
Ümumilikdə məhkum olunanların sayı 2003-cü ildə 11 min 827 nəfər, 2011-ci ildə isə 13 min 488 nəfərdir. Onlardan 360 nəfəri 10 ildən 15 ilə qədər azadlıqdan məhrum edilib. 4 nəfər isə ömürlük həbs cəzası alıb.

“Rəsmi statistikada artım 5-6 faiz göstərilibsə, reallıqda 20 faizdir”

Sabiq polis rəisi, polkovnik, Elmi-Praktik Hüquq Mərkəzinin əməkdaşı Mahmud Hacıyev deyir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmləri real saymır: “Dövlət Statistika Komitəsinin verdiyi rəqəmlər reallığı əks etdirmir. Cinayətlərdə artım 5-6 faiz göstərilibsə, reallıqda 20 faizdir. Cinayət hadisələrinin əksəriyyəti polis idarələrində qeydiyyata alınmır. Polis Idarəsində şikayət ərizəsi dəftərxanada qeydiyyata alınır, amma o, növbətçi hissədə qeydiyyata alınmalıdır. Növbətçi hissədə cinayət tərkibli ərizə və şikayətlərin qeydiyyat jurnalı var. Dəftərxanada isə ümumi qeydiyyat aparılır. Orada qeydiyyata alınan ərizə və şikayətlər o qədər də cinayət tərkibli hesab olunmur. Məsələn, mobil telefon oğurlanıbsa, bunu dəftərxanada ”itib” kimi qeydə alırlar”.
Sabiq polis rəisi deyir ki, polisin peşəkarlığı və intellekti yetərincə deyil. Buna görə də gizli şəraitdə baş verən cinayətləri aça bilmirlər: “Şəxsi əmlakın, bələdiyyə əmlakının oğurluğu, dövlət əmlakının mənimsənilməsi, quldurluq bunlar gizli şəkildə baş verən cinayətlərdir. Onların əksəriyyəti qeydiyyata alınmır. Prokurorluğun, polisin elə bir səlahiyyəti də yoxdur ki, vəzifə cinayətlərini açsın. Ona görə də bunları azalmış kimi göstərirlər. Vəzifəli şəxslərin cinayətləri bizim gözümüzün qarşısındadır. Vəzifə səlahiyyətlərini də aşırlar, mənimsəyirlər, vəzifə saxtakarlıqları da edirlər… Amma hansı hüquq-mühafizə orqanı gedib onu yoxlaya bilər?”

Azərbaycanda qadınlar arasında narkomaniya artır

M.Hacıyev hesab edir ki, cinayətlərin artmasına səbəb sosial-iqtisadi durumla bağlıdır. Buna görə də tamah məqsədi ilə törədilən cinayətlər artır: “3 ay ərzində Inzibati Xətalar Məcəlləsinə 20 dəfə dəyişiklik ediblər. Qanundakı cəzaların sərtləşdirilməsi 1947-1951-ci ildə Stalin dövründə özünü doğruldub. Indi 2013-cü ildir. Bu cinayətlərin qarşısını almaq üçün tədbirlər görülməlidir. Əvvəllər daha çox işlənən cinayətlərin təhlillərin aparırdılar. Nazirlikdə ştat var idi, təhlil aparırdılar. Cinayətlərin azalması üçün çıxış yolları hazırlayıb Nazirlər Kabinetinə təklif verirdi. Indi bu analizlər yoxdur. Yol qəzaları durmadan artır. Hansı ölkədə keçən illə müqayisədə bu il ölümlə nəticələnən yol hadisələri 42 faiz artıb desələr, həmin ölkədə hüquq-mühafizə orqanının rəhbəri prezidenti gözləmədən özü istefaya gedər. Hökumət rəhbərliyi ondan hesab istəyər ki, siz yol-qəza hadisələrinin qarşısını ala bilmirsiniz, bəs gizli cinayətlərin qarşısını necə alacaqsınız? Bu faciədir. BMT-nin arayışına düşmüşük ki, Şərq ölkələri arasında Azərbaycanda qadınlar arasında narkomaniya durmadan artır. Narkomaniyaya qarşı mübarizə idarəsi DIN-in tərkibindən çıxarılmalıdır. Avropa ölkələrində bu, müstəqil qurum kimi fəaliyyət göstərir. Bu rəqəmlər artıq SOS-dur”.

Azərbaycanda cəzalar adekvat deyil

Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən və cəzaçəkmə müəssisələrinə nəzarəti həyata keçirən Ictimai Komitənin üzvü Nazir Quliyev cinayətlərin artmasına səbəb kimi ən çox psixoloji amilləri göstərir: “Çox vaxt cinayətlərin motivi olmur. 10 manata görə də cinayət törədirlər. Onlar hüquqi məsuliyyəti dərk etmirlər. Televiziyalar da zorakılığı, cinayəti təbliğ edən filmlər yayımlamaqla onları psixoloji olaraq təhrik edirlər”.
N.Quliyev ikinci səbəb kimi, sosial-iqtisadi problemləri göstərir. Qeyd edir ki, sosial çətinliklər insanları cinayətə sövq edir: “Təkrar cinayətlərin baş verməsinə səbəb məhkumlar arasında məşğulluğun yetərincə təmin olunmamasıdır. Sovet dövrü ilə müqayisədə bu gün cəzaçəkmə müəssisələrində çox az məşğulluq var. Bu da məhkumlarda aqressiya yaradır. Çıxdıqdan sonra da iş tapa bilmir və təkrar cinayət törədir. Sosial uyğunlaşma ilə bağlı problemlər mövcuddur. Məhbuslar azad olunandan sonra onların sosial, psixoloji dəstəyə ehtiyacları olur. Bir dəfə məhkumluq həyatı yaşayandan sonra cinayət törətmək adiləşir”.
N.Quliyev deyir ki, cəza tam islah deyil. O, cinayətlərin azalması üçün alternativ cəzaların tətbiqini təklif edir: “Cinayətlərin bir çoxu narkotik vasitələrin təsirindən baş verir. Əsas artım bu üzrədir. Avropa ölkələrində narkotik istifadəçiləri müalicəyə yönəldilir, amma bizdə onlara cəza verilir. Onlar dələduzluq maddəsilə vətəndaşı azadlıqdan məhrum etmirlər. Bu gün Azərbaycanda 3000-5000 manata görə azadlıqdan məhrum edilən insanlar var. Iqtisadi cinayətlər artıb, bank sistemi, sığorta ilə bağlı cinayətlər çoxalıb. Bizdə zaminlik, girovluq tətbiq olunmur. Əmələ adekvat ədalətli cəza verilməlidir. Araşdırmalar bir məsələni dəqiqləşdirib ki, ağır cinayət törədənlər xırda cinayətlərdən başlayıblar. Həmin vaxt onlar həbs yox, alternativ cəza alsaydılar, bəlkə də belə olmazdı.  Hər bir ölkənin inkişaf göstəricisi həm də onun ağır cinayət törədənlərinin sayı ilə müəyyən edilir. Bununla bağlı ciddi profilaktika işlərinə ehtiyac var”.

Cəzaçəkmə müəssisələrində işsizlik problemi

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov da etiraf edir ki, təkrar cinayətlərin baş verməsinə səbəb cəzaçəkmə müəssisələrində islah işlərinin lazımınca aparılmamasıdır: “Problemlər mövcuddur. Biz bu problemləri bilirik. Həmin işi təkmilləşdirmək, günün tələbləri səviyyəsinə çatdırmaq üçün müvafiq tədbirlər həyata keçirilir”.
M.Sadıqov vurğulayır ki, cəzaçəkmə müəssisələri köhnə olduğuna görə orada istehsalat sahələrinin çoxu işləmir: “Məhkumlar arasında işsizlik problemi var. Biz müvafiq iş adamları ilə danışıqlar aparırıq ki, yeni istehsal sahələri açılsın. Ictimai işə cəlb edilən məhkumların sayı ilbəil artır. Bizim bütün cəzaçəkmə müəssisəsində texniki peşə məktəbləri fəaliyyət göstərir. Orada məhkumlara azad olunandan sonra yararlı olacaq ixtisaslar öyrədilir. Hətta onlara sertifikat və diplom verilir. Bütün cəzaçəkmə müəssisələrində kompüter kursları təşkil edilib. Biz həmin şirkətlərlə danışmışıq, onlara kursu bitirəndən sonra sertifikatlar verilir. Onlar azad olunandan sonra sertifikatlarla müvafiq işlə təmin oluna bilərlər”.
Mətbuat katibi onu da qeyd edib ki, cəzaçəkmə müəssisələrində işləyən məhbuslar azad olunanda onlara qazandıqları əmək haqları verilir. Məhkumluğu müddətində işləməyən məhbuslara isə qanuna uyğun olaraq, evlərinə çatması üçün yol pulu verilir.

Sevinc Vaqifqızı