Oliqarxların pulları ölkə iqtisadiyyatına yatırılsa…

Məhəmməd Talıblı: «Bu investisiyalar vergi yolu ilə büdcəyə daxil olan məbləğin artmasına səbəb ola bilər»

Qubad İbadoğlu: «Azərbaycan iqtisadiyyatında maliyyə qıtlığı yoxdur, maliyyənin düzgün istifadə edilməməsi problemi var»

Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə iqtisadiyyatının bugünkü vəziyyətini gələcək neqativ proseslərin siqnalı kimi dəyərləndirib. Modern.azÿgürcü mətbuatına istinadən xəbər verir ki, o, bu vəziyyətdən çıxış kimi gürcü milyarder, baş nazir Bidzina Ivanişvilini ölkəni xilas etməyə, pullarını Gürcüstan iqtisadiyyatına yatırmağa çağırıb.
“Vəziyyət həyəcan təbilinin çalındığını göstərir. Baş nazirə bildirmək istəyirəm ki, infrastruktur layihələri dayandırsın və pulları ölkə iqtisadiyyatına yatırsın. Qisasçılığa son qoyub parlamentin qanun layihələrinə yenidən baxılsın. Biz Gürcüstan iqtisadiyyatının bu vəziyyətdən qurtulması üçün əlimizdən gələni etməliyik. Son illər ərzində birinci dəfədir ki, Gürcüstan iqtisadiyyatında tənəzzül müşahidə edilir”- deyə Saakaşvili bildirib.
Saakaşvilinin Ivanaşviliyə bu cür çağırış etməsi, insanı bir anlıq ölkəmizdəki vəziyyətə nəzər salamağa vadar edir.
Azərbaycanda nazirlərin, məmurların milyardlara sahib olması heç kimə sirr deyil. Və bu pulların böyük əksəriyyəti korrupsiya pullarıdır. Ivanişvilidən fərqli olaraq bizim məmurlar bu pulları Azərbaycanda qazanıblar, Azərbaycanın sərvətləri hesabına əldə ediblər.
Bəs, görəsən bizim oliqarxlar bu pulları Azərbaycan iqtisadiyyatına yatırsalar, ölkə iqtisadiyyatında hansı mənzərə yaranar? Azərbaycanın iqtisadi inkişafında müsbət templər hiss edilərmi?

Iqtisadçı ekspert Məhəmməd Talıblı hesab edir ki, oliqarxların yığdıqları milyardların ölkə iqtisadiyyatına cəlb olunması böyük üstünlüklər qazandıra bilər: “Bu zaman Azərbaycan iqtisadiyyatının xarici investisiyalardan asılılığı azalar. Elə ölkələr var ki, xarici investisiyaların cəlb edilməsi bir müddət sonra həmin ölkələr üçün müəyyən iqtisadi asılılıq yaradır. Bu ilk növbədə ölkənin xarici biznes subyektlərindən asılılığını azalda bilər. Kapitalın sərbəst dövriyyəsinin yaranmasına,  beynəlxalq maliyyə qurumlarından yüksək faizlə alınan kreditlərin azalmasına, ölkə iqtisadiyyatında mal və xidmətlərin qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər. Eyni zamanda mal və xidmətlərin dövriyyəsinin, ölkənin ixracat potensialının artmasına gətirib çıxara bilər. Bu zaman biznes qurumlarının imkanları artar və rəqabətə davamlı vəziyyətə gələr. Həm də istehlakçı qruplar, mal və xidmətlərin alınması ilə bağlı daha sərfəli imkan əldə edərlər. Bu prosesdə dövlətin qazancı isə vergi ödəyicilərinin sayının artması ilə müşahidə olunacaq. Bu investisiyalar büdcəyə vergi vasitəsilə daxil olan məğləğin artmasına gətirib çıxara bilər. Bu prosesdə təhlükəli məqam ondan ibarətdir ki, kütləvi olaraq pulun cəlb olunması makro-iqtisadi tarazlığın pozulmasına xidmət edə bilər. Əgər hökumət çevik fəaliyyət göstərməsə, iqtisadi qurumlar arasında koordinasiya baş verməsə, ölkənin Mərkəzi bankı istehlak mallarının indeksində təcili tədbirlər görməsə, məzənnənin dəyişməsi, inflyasiyanın yaranması baş verə bilər”.

Iqtisadçı ekspert Qubad Ibadoğlu hesab edir ki, Azərbaycanda iqtisadi islahatlar həyata keçirmək üçün maliyyə problemi yoxdur, maliyyənin düzgün istiqmətlərə istifadə olunması problemi var: “Iqtisadi sahədə problemlər daha çox  sahibkarlıq, iqtisadiyyatın modernləşdirilməsi, investitsiya  mühiti ilə bağlıdır. Ölkəyə puldan çox texnologiya, təhsil lazımdır ki, ölkə iqtisadiyyatı modernləşsin və dünya bazarına çıxa bilsin. Oliqarxların öz pullarını şadlıq evlərinə, restoran şəbəkələrinə xərcləməsi iqtisadiyyatın yüksəlməsinə xidmət etmir. Yaxşı olardı ki, həmin pullara unuversitetlər açılaydı, xaricdən yüksək səviyyəli professorlar dəvət ediləydi, həmin unversitetdə yüksək əmək haqqı veriləydi. Ancaq Azərbaycanda oliqarxlara belə bir şərait yaradılsa, bu pullar lazımlı sahələrə getməyəcək. Çünki həmin oliqarxların təhsil problemləri yoxdur. Onların övladları xaricdə təhsil alırlar. Onlar daha çox mənfəət əldə edə biləcəkləri sahəyə pul qoyacaqlar. Yəni ölkədə maliyyə qıtlığı problemi yoxdur. Bunlar büdcədən ayırdıqları pulu vaxtında xərcləyə bilmirlər və ilin sonunda həmin pulları silməklə məşğul olurlar. Bizim oliqarxlarımız öz pullarını qonşu ölkələrin iqtisadiyyatına, Mərkəzi-Şərqi Avropa ölkələrinin iqtisadiyyatına qoyurlar. Bu pullar ölkə daxilində təhsil, səhiyyə kimi vacib sahələrə yatırılmayandan sonra, ənənəvi sahələrə qoyulsa, ölkə iqtisadiyyatına xeyir gətirməyəcək”.

İlham Hüseyn