Ölkə o qədər qəliz durumdadır ki, müxalifətin hətta Tiflisdəki toplantısına da bir maneə yaradılacağı güman edilirdi. Bu xüsusda Rusiya qəzetlərindən biri daha irəli getmişdi. M.Saakaşvilinin və B.Ivanişvilinin Azərbaycan hökuməti qarşısında özünə necə bəraət qazandıracağını şərh edən qəzet yazmışdı ki, yəqin Tiflisdəki azərbaycanlı diasporu müxalifətin toplandığı yerin qarşısında “etiraz” aksiyası keçirəcək. Qəribədir, deyilmi? Sən demə, hətta uzaq Moskvada da Azərbaycanda müxalifətə qarşı hansı primitiv siyasi üsullardan istifadə edilməsindən xəbərdardırlar.
Amma tədbir heç bir insident olmadan sovuşdu. Bundan vəcdə gələn bəzi müxalifətçilər hətta Tiflisi Qafqazın siyasi mərkəzi adlandırmaqdan da çəkinmədilər. Nə demək olar? Müəyyən qədər həqiqət var burada. Əgər partiya və təşkilatlar, özü də rəsmi dövlət qeydiyyatından keçənlər, Bakı istisna olmaqla ölkənin heç bir yerində öz toplantılarını keçirə bilmirsə, onda qonşu Tiflisin siyasi cənnət kimi görünməsi təəccüblü deyil.
Azərbaycan normal ölkə olsaydı müxalifət şəhərin tünlüyündən, istisindən bir qədər uzaqda, məsələn, Qəbələdə də öz toplantısını keçirə bilərdi. Amma indi bu, mümkün deyil – R.Ibrahimbəyovun ölkəyə gəlişinin problemli olması bir tərəfə, heç digər müxalifətçiləri də Bakıdan kənara buraxmırlar, yerli əhali onların gəlişinə “etiraz” edir…
Amma bütün bunlar bu gün əsas deyil, çünki insan hər şeyə alışır. Əsas olanı budur ki, görək, müxalifət düşrgəsində nələr dəyişdi? Hansı suallar özünün cavabını tapdı?
Suallardan yayınmağı öyrəniblər?
Bir məsələ aydındır və onunla razılaşmaq olar. O da budur ki, bu illər ərzində siyasi müxalifət də nəsə öyrənib, ən azı suallardan diplomatik şəkildə yayınmağı bacarırlar.
Iyulun 31-i ərəfəsində bir neçə izah verildi. Birincisi, deyildi ki, R.Ibrahimbəyovun vətəndaşlıq məsələsi həll olunana qədər o, Azərbaycana dönməyəcək. Daha sonra R.Ibrahimbəyov özü dedi ki, müxalifət tələb etsə o, onlarla birlikdə Bakıya gələcək. Nəhayət, axırda bildirdilər ki, Milli Şuranın sədrinin Bakıya dönməsi, ümumiyyətlə, Milli Şuranın qərarından asılı olacaq!
Hələ də başa düşmək olmur ki, R.Ibrahimbəyov Moskvada nə gəözləyir? Öz vətəndaşlıq məsələsinin həllini, yoxsa Milli Şuranın qərarını?
Yeri gəlmişkən, Rusiya vətəndaşlığından imtina məsələsində bir nüans da istisna olunmur. Məsələ bundadır ki, Milli Şuranın sədri Rusiya vətəndaşlığını qəbul edərkən avtomatik olaraq Azərbaycan vətəndaşlığını itirib, çünki Azərbaycanda ikili vətəndaşlıq institutu yoxdur. Ona görə də o, hələ öz Azərbaycan vətəndaşlığının bərpası ilə də məşğul olmalıdır.
Düzdür, bilmirik, o bunu necə edib? Nəyi birinci qəbul edib? Azərbaycanın, yoxsa Rusiyanın vətəndaşlığını? Hər halda, çox dolaşıq məsələdir və hətta bəzi təhlilçilər burada hüquq pozuntusu elementlərini də görürlər.
Yada salaq ki, vaxtilə B.Ivanişvili də həmin problemlə üzləşmişdi. Vətəndaşlıq məsələsinin qaydaya salınması üçün o, bir neçə ay sərf etdi. Nəzərə alaq ki, o, nə az, nə çox, Rusiyanın düşməni M.Saakaşvilinin rəqibi idi!
Azərbaycan və Rusiya hakimiyyətlərinin münasibətlərinin dürüst mənzərəsi tam aydın olmasa da, onu deyə bilərik ki, onlar heç də düşmən deyillər. Üstəlik, istisna deyil ki, rəsmi Bakı bu məsələ ilə bağlı öz “xahiş”ini də artıq Moskvaya çatdırıb…
Ehtiyat namizəd məsələsi bitdimi?
Görüşdən ehtiyat namizəd məsələsilə da bağlı bir yəqinlik əldə olunmadı. Çox çalışdıq verilən bəyanatlardan, müsahibələrdən nəsə başa düşək. Amma iki saatlıq söhbət barədə I.Qəmbərin verdiyi müsahibə haqqında bircə söz demək olar: o, çox diplomatik şəkildə suallardan yayınmışdı…
Müsavat başqanı hər şey haqqında “zamanı gələndə…” deyir. Belə düşünmək olar ki, sanki müxalifətin sərəncamında çox böyük zaman ehtiyatı var…
Halbuki zaman sonsuz deyil. Üstəlik, Qurban bayramı ilə bağlı seçkinin bir neçə gün irəli çəkiləcəyi də istisna olunmur. Düzdür, burada söhbət cəmi bir neçə gündən gedir, amma hər halda, azalan, o cümlədən də müxalifətin hesabında olan zamandır…



