Tərtərin sabiq icra başçısı Vidadi İsayev indi də bu rayonu məhv edəcək
İlham Əliyev məmurların yerini dəyişməklə islahat görüntüsü yaratmağa çalışsa da, alınmır. Və dövlət başçısının “antikorrupsiya şousu”nun effekti günü-gündən azalır.
Açıq-aydın görünür ki, Ilham Əliyevin məqsədi heç də korrupsiyanın kökünü kəsmək, məmur özbaşınalığına son qoymaq və s. bu kimi ciddi problemləri aradan qaldırmaq deyil. Məsələn, Ilham Əliyev Tərtərin icra başçısı Vidadi Isayevi vəzifəsindən azad edib Bərdənin rəhbərliyinə gətirdi. Halbuki Vidadi Isayev Tərtərdəki qanunsuzluqlara görə həbs olunmalıydı. Təkcə “Şotlanlı işi” yetir ki, onun Tərtərdə hansı mühit yaratması barədə təsəvvür olsun. Bundan başqa, Vidadi Isayev Qarabağ əlilləri üçün rayonda tikilən mənzilləri pulla satıb. Məlumatlara görə, o, 2 otaqlı mənzilə görə Qarabağ əlillərindən 15 min manat alıb. Hətta elə Qarabağ əlili var ki, ondan bu məbləği alıb, amma 2 otaq deyil, 1 otaqlı mənzil verib. Bu, Vidadi Isayevin qanunsuzluqlarının kiçik bir hissəsidir. Amma kifayət qədər ciddidir. Lakin bütün bunlara baxmayaraq, Ilham Əliyev bu dəfə Bərdənin icra başçısı postunu ona həvalə edib. Beləliklə, Vidadi Isayevə Tərtərdəki qanunsuzluqları Bərdədə davam etdirmək üçün yaşıl işıq yandırıb.
İnformasiya şöbəsi