Moskva bazarlarına basqın rusları da narazı salıb

Moskvanın «Matveevski» bazarının yaxınlığında polislərin dağıstanlı satıcılar tərəfindən döyülməsindən sonra paytaxt bazarlarında başlayan kütləvi basqın yerli mətbuatda da şübhələr yaradıb. Xarici görünüşünə görə qafqazlıya oxşayan hər kəs saxlanılır və araşdırma üçün müvafiq orqanlara aparılır. 

«Əvvəl yerə uzadırlar, sonra araşdırma başlayır»

Polis basqınlarına ticarət sahəsində çalışanların da münasibəti mənfidir. Özü də bu narazılıq təkcə həmin sahəyə müdaxilə ilə bağlı deyil. Matveevski bazarının müdiri Aleksand Remennik onun bazarında çalışan miqrantların 80 faizinin Moskva qeydiyyatında olduğunu deyir. Bəziləri 20-30 ildir Rusiyada yaşayır: «Bizim bazarda hər şey qaydasındadır. Baytar xidməti var, bütün ərzaqlar yoxlanılır. Sadəcə kiməsə baş verənləri bu formada təqdim etmək sərf edir». Bazarın mühafizəçisi isə şənbə günündən başlayaraq milliyyətindən və vətəndaşlığından asılı olmayaraq hamının polis tərəfindən aparıldığını deyir. 

Satıcılar da əsassız olaraq hamının döyülməsindən narazıdır: «Sadəcə rus olmadıqlarına görə şaurma alan üç oğlanı yerə yıxıb döydülər. Əgər bir nəfər qanunu pozubsa, bu o demək deyil ki, hamı cəzalanmalıdır. Pasportlarını yoxlayın, döymək nəyə gərəkdir?»

Bu arada istintaq Moskva bazarlarında satıcılarla hüquq-mühafizə orqanları arasında korrupsiya əlaqələrini də araşdırmağa başlayıb. 

Bu qərar Putinin işarəsindən sonra verilib. Bir müddət əvvəl Rusiya prezidenti hakimiyyət orqanlarının bazarlarla əlaqəsini ciddi problem adlandırıb. 

azadlıq.info