Vəkillər Rüstəm Usubovu təkzib edir

Müzəffər Baxışov: «Ölkədə kifayət qədər cinayət hadisəsi baş verir ki, bu hallar qeydə alınmır»

Aslan Ismayılov : «Bu ölkədə nəyin cinayət olub, nəyin cinayət olmadığı məlum deyil»

“Azərbaycanda cinayətlərin sayı 2011-ci ildə 11953-dən 2012-ci ilə 10959-dək azalıb. Əvvəlki illərlə müqayisədə bu ilin birinci yarısında soyğunçuluq hadisələri 24 faiz, oğurluq 46 faiz, dövlət əmlakının talanması ilə bağlı cinayətlər 17,3 faiz azalıb. Əvvəlki illərdə ən azı 500-600 qəsdən adamöldürmə cinayətləri qeydə alınırdı.

Son illər 180-190 qəsdən adamöldürmə hadisəsi baş verib. Əvvəlki illərdə bu cinayətlərin 200-250-si açılmırdısa, son illər bu rəqəm 15-16-ya enib. Bu ilin 6 ayı ərzində isə bu xarakterli cinayətlərdən cəmi 5 iş açılmayıb”. Trend xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov bildirib.

Hər gün telekanallarda, qəzet və saytlarda kriminal xəbərlər üstünlük təşkil edir. Demək olar ki, hər gün soyğunçuluq, qətl, dələduzluqla bağlı xəbərlər yayılır. Artan xətt üzrə gedən cinayət xəbərlərinin fonunda, Rüstəm Usubovun açıqladığı nəticələr nə qədər reallığı əks etdirir?

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, bu tipli hesabatlar reallığı əks etdirmir. Çünki, qeydə alınmamış xeyli sayda cinayət hadisələri olur: “Qətl hadisələri əsasən qeydə alınır. Il ərzində bir neçə qətl hadisəsi ola bilər ki, qeydə alınmasın. Ancaq oğurluq, dələduzluq, mənimsəmə, rüşəvət alma kimi hallar üzrə qeydə alınmayan həddindən artıq cinayət var. Məsələn, siz hansısa polis idarəsinə gedib telefonunuzun, mal-qaranızın oğurlanmasını bildirsəniz bunu cinayət işi kimi qeydə almayacaqlar. Belə hallar həddindən çox olur. Mən rayon tanıyıram ki, orda hər gün mal-qara oğurluğu baş verir. Ancaq bu cinayətlər qeydə alınmır. Qeydə alınmış cinayətlər üzrə statistika açıqlana bilər. Hansı cinayətlər özlərinə sərf edirsə, onu qeydə alırlar. Və qeydə alınmış cinayətlər üzrə cinayət hadisələrinin sayı azala bilər. Ancaq bu formal statistik rəqəmlərdi. Yəni, reallığı əks etdirmir. Cinayətlərin artıb, azalmasını dəqiq hesablamaq üçün, bütün cinayət hadisələri qeydə alınmalıdır”

Vəkil Aslan Ismayılov hesab edir ki, bu ölkədə nəyin cinayət olub, nəyin cinayət olmadığı məlum deyil. Ona görə də bu açıqlamaları mötəbər saymaq olmaz: “Bu gün insanları qanunsuz həbsə atırlar, qondarma cinayət işi qaldırırlar. Və bunu cinayətin açılması kimi qələmə verirlər. Məsələn, Hüseyn Abdullayev haqqında cinayət işi açıblar, ancaq bunu təsdiq edən heç bir sənəd yoxdur. Ona görə də bu ölkədə cinayətin nə olduğu aydın bilinmir. Məişət cinayətlərinin azalmasına gəlincə, mən buna inanmıram. Əksinə, bu gün sosial şəbəkələr özündə bir statistika yaradır. Və bu statistikadan görünür ki, cinayət artıb və əsasən ağır cinayətlər artıb. Ümumiyyətlə mən bu hakimiyyətin heç bir statistikasına inanmıram. Bu ölkədə cinayət işləri qeydə alınmır. Mənim dayımın Sulutəpədəki evində 3 dəfə oğurluq hadisəsi baş verib. Ancaq mən hüququ bilən bir insan kimi bu işdə heç nəyə nail olmamışam. Bu hadisəni cinayət işi kimi qeydə almırlar. Ona görə də bu tipli açıqlamaları real qəbul etmirəm”

Ilham