Gənclər nə etməlidir?

Bizim enerjimiz, rejim qocaları üçün «dopinq» olmamalıdır

İlham Hüseyn

Hər gün onlarla insandan eşidirik ki, “ümidimiz gəncliyədir”. Düzdür bu fikirdə, mübarizədən yayınmaq, öz çiyinlərindən yükü atmaq, özünü sığortalamaq meylləri də hiss olunur. Ancaq, fakt budur ki, ölkənin gələcəyi istənilən halda gəncliyin üzərindədir. Və bu ölkədə 2 milyondan çox gənc var. Gənc olmaq, əbədi gənc qalmaq deyil. Ona görə də görüləsi işlər çox, sabaha “azuqə” toplamaq üçün vaxt azdır.

Xəstə təfəkkürü rədd etmək

20 ildir ölkədə kök salmış birtərəfli təbliğatın əsirinə çevrilmiş toplumun düşüncəsinin əhatə dairəsi təbiidir ki, dar olmalıdır. Çünki, yaşlı nəslin əksər hissəsi alternativ informasiyadan uzaqdır. Yalnız AzTV-nin “məhsulu” ilə “qidalanırlar”. Bu təhlükəli “qidalanma” düşüncəni iflic edir.  Gənclik isə, yeni informasiya texnologiyalarından istifadə edərək, sistemin informasiya blokadasını dağıdır. Ancaq, bəzən həqiqətləri görmək və eşitmək, həmin həqiqətləri dərk etməyə kifayət etmir. Çünki, “onsuz da düzələn deyil”, “bundan sonra gələn bundan da pis olacaq”, “ədalətsizlik bütün dünyada var” kimi xəstə fikirlər beynimizin bir hissəsində hələ də qalır. Və bu düşüncə bizi tərəddüd etməyə səsləyir. Fakt isə budur ki, taleyimiz ölkənin gələcəyindən asılıdır. Bəzən valideyinlərimiz bizə xeyir vermək istədiklərini düşünərkən, böyük ziyan vururlar. “Başını aşağı sal işini gör”  deyib övladını təhlükədən xilas etdiyini düşünən valideyn, övladına nə qədər pislik etdiyini anlamır. Hətta valideyinlər var ki, övladına yaltaqlanmağı tövsiyə edir. Çünki, yaşadığı ölkədə yaltaqlıq, təhlükəsizliyin təminatçısı kimi görünür. Bu məsələlərdə valideyinləri, övladlar yönləndirməlidir. Bu fikir ziddiyyət təşkil etsə də, reallıq bunu sübut edir. Necə ki, valideyn övladını siqaret, içki kimi zərərli vərdişlərdən çəkindirir, övladlar da valideyinləri zərərli fikirlərdən daşındırmalıdır. Xəstə təfəkkür, sağlam həyat tərzinə əngəldir. 

Optimizm- köləliyin qatili kimi 

Bizim kimi ölkələrdə pessimist düşüncə tərzi bütün bəlalar üçün katalizator rolu oynayır. Çünki, insan bir fəaliyyətə başlamadan, həmin fəaliyyətin nəticəsiz qalacağına inanır. Və nəticə etibarilə haqlı mövqeyindən çəkinməyə başlayır. Bu ölkədə pessimist olmağa heç bir vətəndaşın mənəvi haqqı yoxdur. Biz nə vaxt elliklə hüquqlarımız uğrunda döyüşüb məğlub olduq ki, sonra da bu məğlubiyyət bizi pessimist etməyə başladı. Gənclərin isə, pessimist olması növbəti mərhələdə köləliyi qəbul etməyə xidmət edəcək. Bir ölkənin altı-üstü sərvətdirsə və bu ölkədə 2 milyondan çox gənc yaşayırsa, bu ölkədə gəncliyin ruhu hiss olunmalıdır. Gənclik anlamalıdır ki, işıqlı sabah naminə, zülmətə qarşı döyüşməyə məhkumdur. Kölə ruhlu gəncdən isə, nə ailə başçısı, nə də əsl vətəndaş ola bilər. Köləliyə qalib gəlməyin yolu isə, qorxunu dəf etməkdən keçir. Qorxunun dəf edilməsi, köləliyin qətlə yetirilməsi deməkdir. Ədalətsizliyin qatili olmaq isə, cinayət sayılmır. Bir düşüncəni özümüzə hakim etməliyik:  Pessimist olmaq üçün səbəb və əsas yoxdur.

Gənclik yalnız əyləncədirmi?

Adını unutduğum bir mütəfəkkir “gəncliyin əyləncə zamanı olduğunu zənn etmək axmaqlıqdır” deyirdi. Kamyu isə, “gənclik asan xoşbəxtliklər üçün parlaq bir çağdır” deyirdi.

Bizim kimi, təhsilin, səhiyyənin, məhkəmə sisteminin bərbad olduğu, əmək haqqının inkişaf üçün heç nə vəd etmədiyi, gəncliyin böyük əksəriyyətinin öz enerjisini fəhləliyə xərclədiyi bir ölkədə əyləncə yalnız özünübitirmə prosedurudur. Çünki, məhdud imkanlarla əldə olunan əyləncə, çayxanada domino, internetdə futbol oynamaqdan kənara çıxa bilməz. Mövcud durum bizi əyləncənin də zövqünü yaşamaqdan məhrum edir. Necə ki, inkişaf haqqındakı təsəvvürlərimiz alov qüllələri, musiqili fontan, lenti kəsilmiş körpü ilə məhdudlaşır, eləcə də əyləncə haqqındakı təsəvvürlərimiz “qısır” olur.  

Gənclik yalnız əyləncə deyildir. Həm də perspektivli əylnəcə mühitinin yaranması üçün mübarizə aparmaqdır

Biz bu ölkəni özümüzünkü hesab etməyənə qədər, özgələrinin bahalı əyləncə məkanlarına yalnız kənardan baxacağıq. Fərasətsiz, qorxaq, savadsız gənclik isə, ölkənin zülmətə yuvarlanması deməkdir. Biz hüquqlarımız uğrunda döyüşməyə qərar verərkən itirməkdən qorxuruq. Ancaq, düşünmürük ki, itirdiklərimiz itirməyə qorxduqlarımızdan çoxdur. Xoşbəxt olmaq üçün gəncliyimz ən yaxşı köməkçidir.

Gənclər və gənclik

Ispan yazıçısı və filosofu Unamuno Migel deyirdi ki, “bizim ölkədə xeyli gənc var, ancaq gənclik yoxdur”.

Bir ölkədə gənclərin olub, gəncliyin olmaması, o ölkədə ölü gəncliyin olması anlamına gəlir. Çünki, gənclər gənclik dövrünü, böyük mənada ifadə etməlidilər. Gənclər, gəncliyə qarşı haqsızlıqlar, gəncliyin problemləri, ölkədə gənclik hərəkatının yaranması kimi məsələlərdə birləşməyi bacarmalıdılar. Bəli, gənclik göstərməlidir ki, bu ölkədə biz də varıq və biz bu ölkəni gələcəyə aparan insan resursuyuq. Hətta, həlledici resurs. Bizsiz olan bu gün, bizim olacağımız gələcəyə xidmət edirmi?

Bir ölkənin vətəndaşı olmaq üçün həmin ölkənin şəxsiyyət vəsiqəsini daşımaq yetərli deyil, həm də o vəsiqədəki insanın şəxsiyyətə çevrilməsi önəmlidir. Biz, gəncliyimizi yaşamadan qocalığa keçid etmək kimi faciəli “transfer”ə imza atmamalıyıq. Biz qocalığa can atmayaq, qocalıq özü bizi tapsın. Bir də ki, qocalığa əliboş getmək olmaz. Qocalığımız üçün, bu günümüzdən şərəfli keçmiş aparmalıyıq. Axı cavanlığımızdan danışmaq üçün, həm də qürur duyacağımız bioqrafiyamız olmalıdır. 

Biz bu ölkənin gəncləri olaraq, əsl gəncliyin nümunəsini yaratmalıyıq. Bu ölkəni öz şəxsi mülkünə çevirənlərə, bu mülkün “sənədlərinin” bizə məxsus olduğunu sübut etməliyik.  Taleyimizə müqəddəs bir missiyanı yazaq.

Yoxsa, öz ölkəmizdə qərib kimi yaşayıb, çin olmayan arzularımızın həsrəti ilə öləcəyik. Biz hələ qocalmamışıq. Nə qədər gec deyil, düşünək.