9 martda 8 mart

Çoxları qansız bolşeviklərin bayramı kimi yanaşsa da, əslində bu günün – “8 mart Beynəlxalq Qadınlar Günü”nün çox ciddi, ictimai-siyasi əhəmiyyət daşıyan anlamı və tarixi var.

1908-ci il martın 8-də Nyu Yorkda 15 minə yaxın işçi qadın aşağı maaş və dözülməz iş şəraitinə etiraz olaraq tətil keçirməyə başlayıb. Və elə ilk dəfə əsl Beynəlxalq qadınlar gününün keçirilməsi təşəbbüsü 1908-ci ildə Amerikada irəli sürülüb, 1909-cu ildə isə Amerika Sosialist Partiyasının təşəbbüsü ilə qadınlar günü keçirilib.
Tarixdə isə ilk təşəbbüskar kimi Alman kommunisti və qadın hərəkatının fəalı Klara Setkinin adı qalıb və elə bu da “Gün”ün sonradan Beynəlxalq günə çevrilməsində başlıca əngəl olub. Lakin əsas olan “Gün”ün təşəbbüskarının kimliyi deyil, bu günün indiki məzmun və formasında və ümumiyyətlə, hansı qadınlara aid olmasındadı.
Totalitar kommunist rejimlərində, xüsusilə SSRI-də bu gün çox təmtəraqla qeyd olunsa da, öz mahiyyətindən tam uzaqlaşdırılmışdı və bu da məqsədli şəkildə edilmişdi. Bu gün, əslində qadınların ictimai dirəniş günüdü və hər il bir dəfə buna bənzər göstərilər olmalı, fəal qadınlar yenə də hansısa, ya konkret olaraq qadın hüquqlarının pozulmasına qarşı nümayişlər keçirməli, toplantılar təşkil etməli və öz etirazçı ruhlarını ildə heç olmasa bu gün oyandırmalıdırlar.

Kommunist rejimlərində isə hər hansı etiraz bidət, küfr sayıldığına görə, bu “Gün”ün məzmunu ölümünə dəyişdirilərək, əslində, meşşan qadınlar masqaradına və kişilərin (qadınların hüquqlarını pozan çoxluğun) onlara müxtəlif hədiyyələr alıb bağışladığı bir ritual törəninə çevrildi. Beləliklə, “Gün” öz təbii mənasından büsbütün uzaqlaşdırıldı.
Mənim nəzərimdə bu gün ildə bir dəfə qadınların başının piyləndiyi gün kimi assosiasiya olunur. Istər evdə, istər hansısa müəssisədə, istərsə də dövlətdə.

Qadın işçilərinin əməyini mənimsəyən hansısa müəssisə rəhbəri 8 martda 10 manatlıq gül dəməti və ya başqa hansısa hədiyyə ilə işçilərini təbrik eləyir, onlarda özünə hörmət və itaət hissi yaradır, il boyu onların əməyindən mənimsədiyi izafi gəlirlə isə öz qadınına, məşuqəsinə şahanə hədiyyə alır. Qadınlar öz hüquqları uğrunda ildə bir dəfə barı dirəniş göstərəcəyi gündə əksinə, daha həlimləşdirilərək aldadılır və daha təhlükəsizləşdirilir. Qadınlar aldadılmasını hayıl-mayıl formada bayram eləyir.

Evdə də eyni mənzərə. Hətta qadının bir hədiyyə müqabilində daha artıq istismar olunması baş verir. Kişilər yeyir-içir, yenə də bulaşıqları yığışdırmaq qadınların öhdəsinə düşür.

Dövlət isə daha fundamental şəkildə ələ salır qadınları. Bəzən hətta hansısa idarənin, nazirliyin rəhbərliyi bir günlük qadınlara verilir. Buna uşaq başı aldatmaq deyilir. Ağlayan çocuğu qucağında oturdub avtomobilin sükanını ona vermək kimi.

Bu günün ucdantutma bütün qadınlara aid edilməsi də “Gün”ü öz ilkin mahiyyətindən tamamilə uzaqlaşdırır. Kef-damaq içində yaşayan, əri başqa qadınların dərisini soyaraq evə gətirən qadınlara, heç bir ictimai fəallığı, heç olmasa ayıqlığı olmayan, övladlarını kölə ruhunda böyüdən, kişi-qadın demədən bütün insanların haqqını tapdayan, yeyən rejimlərin tərəfində duran, şərin-zülmün ağuşunda xumarlanan, ona qahmar çıxan, nəvaziş göstərən qadınlara bu “Gün”ün nə aidiyyəti? 15 min Amerika işçi qadını onların hədiyyə alması üçünmü tətilə başlamışdı? Sanki bu günü totallaşdırmaqla bir məqsəd güdülüb – onların ruhunu sızlatmaq, kədərli xatirəsini alçaltmaq, təhqir eləmək.
Bu gün kölələrin günü deyil. Yaşasın azad qadınlar! Və aldanmayan azad qadınlar…