Quruma məxsus Yaradıcılıq Evinin əsas korpusu qanunsuz olaraq sökülüb
Rüstəm Ibrahimbəyovun sədri olduğu Kinematoqrafçılar Ittifaqının Mingəçevirdə yerləşən Yaradıcılıq Evinin əsas ikimərtəbəli korpusu sökülüb. Yaradıcılıq Evi 1989-cu ilin avqust ayından Ittifaqın balansındadır. 1993-cü ildən Yaradıcılıq Evində qaçqınlar məskunlaşıb.
Bu ilin yayında qaçqınların bir hissəsi yeni mənzillərlə təmin edildikdən sonra “AZENCO” şirkəti binanı söküb. Ittifaqa cavab verən “AZENCO” evin əsas iki mərtəbəli korpusunu sökdüyünü etiraf edib. Amma bu qanunsuz əmələ absurd izah verilib. “AZENCO” ASC dövlət sifarişi əsasında Mingəçevirdə tikinti, abadlıq-quraşdrıma işləri apararkən Yaradıcılıq Evinin binasının uçduğu, bərpanın mümkünsüzlüyünü bildirir.
Ittifaq binanın qəza vəziyyətində olmasını yalan sayır, bunun heç bir sənədlə təsdiq olunmadığını bildirir. Binanın “AZENCO”nun əməkdaşları tərəfindən buldozer və ekskavatorlarla sökülməsi sakinlərin gözü qarşısında baş verib. Yaradıcılıq Evinin qəzalı olmadığını o da təsdiq edir ki, “qəzalı bina”nın belə sökülməsi üçün sənəd olmalı, söküntü işləri mülkiyyətçilə razılaşdırılmalıdır.
Kinematoqrafçılar Ittifaqı Yaradıcılıq Evinin sökülməsini qanunsuz, son illər quruma qarşı aparılan siyasətin davamı sayır. Ittifaq pozulmuş hüquqlarının bərpası, dəymiş real və mənəvi zərərin kompensasiyası üçün məhkəməyə müraciət edib.


