“Əhalinin davranışı seçkidə mühüm faktora çevriləcək”

«Milli Şuranın problemləri həll etmək üçün seçdiyi üsullar uğura gətirib çıxaracaq»

Arif Əliyev: «Mehriban Əliyevanın namizədliyi hakimiyyətin nəzarətindən kənar, təsadüfi addım deyil»

Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm Ibrahimbəyov obrazlı şəkildə “böhtan yazan jurnalistlərin ağzının üstündən vurmaq lazımdır”, yəni onları arqumentlərlə susdurmaq gərəkdir açıqlamasından hakimiyyət əks-təbliğat kimi istifadə etməyə çalışır. Yürütdüyü siyasətlə ölkəni jurnalist, siyasi məhbus həbsxanasına çevirən bu hakimiyyətin dövründə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilib, çox saylı jurnalistlər üzləşdikləri təzyiqlər üzündən ölkəni tərk etmək məcburiyyətində qalıblar. Amma hakimiyyət nədənsə bütün bu məqamların üstündən sükutla keçir. Müsahibimiz “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevə ilk sualımız məhz bu məqamla bağlı oldu:

– Bu çoxdan müzakirə olunmuş və ötmüş məsələdir. Kimin nə ifadə işlətməyini mən kənara qoyuram. Çünki Azərbaycanda öndə olan siyasətçilərin hamısının çıxışlarından jurnalistlər üçün o qədər də xoş olmayan nə qədər istəsən sitatlar tapmaq mümkündür. Bizim taleyimiz belə gətirib. O cümlədən ölkə rəhbərinin çıxışlarından. Amma söhbət ölkədə jurnalistikanın vəziyyətindən gedirsə, bəzən mənə elə gəlir ki, hakimiyyət tərəfdarları ilə müstəqil media mütəxəsislərinin söhbəti iki karın söhbətini xatırladır. Biz bir-birimizi ümumiyyələ anlamır və tamamilə fərqli dillərdə danışırıq. Mən bunu daha çox hökumət təşkilatlarının son illərdə seçdiyi taktika ilə bağlayıram. Hökumət real jurnalist təşkilatları ilə dialoq aparmaqdansa, özünün yaratdığı və ya özünə sərf edən təşkilatlarla dialoq aparmağa başladı. Nəticədə müstəqil jurnalist təşkilatları ilə Azərbaycan hökuməti bir-birini başa düşmür. Hakimiyyətin dilində mediaya qayğı, mediada çalışanların sosial problemlərinin həlli kimi təqdim olunanlar normal jurnalistika dilində mətbuatın problemlərini ört-basdır etmək və ona süni nəfəs verməklə, ələ almaq adlanır. Bizə deyirlər ki, bəs bizim uğurlarımızı görmürsünüzmü? Mətbuata verdiyimiz evləri, vəsaitləri görmürsünüzmü? Əlbətdə görürük. Amma bəs siz görmürsünüzmü, bunun nəticəsində Azərbaycanda nə efirdə plüralizm artıb, nə qəzetlərin tirajı artır, nə reklam bazarı genişlənir. Hakimiyyətin yanaşması mətbuatın problemlərinin həlli yox, konservasiyası yoludur. O da daha ağır və xroniki xəstəliklərə gətirib çıxarır ki, jurnalistikada biz o xəstəliklərin adına böhran və müstəqilliyin itirilməsi deyrik.

– Hazırda belə bəyanatların fonunda “Azadlıq radiosu”nun əməkdaşı Xədicə Ismayıla qarşı hakimiyyət tərəfindən növbəti iyrənc kampaniya başladılıb…
– Düşünürəm ki, belə kampaniyalar birinci dəfə deyil ki, baş verir. Hər dəfə baş verənlərdən hakimiyyət orqanları yaxalarını kənara çəkirlər. Amma hər dəfə aydındır ki, hakimiyyət nəzarətlərində olan belə çirkin kampaniyaları dərhal saxlaya bilərlər. Digər tərəfdən gizlin çəkilişlərin həyata keçirilməsi qeyri-qanuni əməllərdir. Bu əməlləri  hakimiyyət orqanlarının razılığı ilə həyata keçirmək mümkündür. Bu adamların axtarılıb, üzə çıxarılması böyük cəhd tələb etmir. Bu özlüyündə ayrıca bir fakt deyil. Bu səhnəyə Azərbaycanda jurnalistlərin döyülməsi, telefon danışıqlarına qulaq asılması halları, şantajlar və sairlər daxildir. Belə şəraiti dəyişmək üçün ayrı-ayrı faktların qarşısını almaq elə bir nəticə verməyəcək. Biz ümumiyyətlə yanaşma tərzimizi dəyişməliyik. Hakimiyyətlə müstəqil media təşkilatlarının dilini ortaq səviyyəyə gətirib çıxarmalıyıq. Yoxsa hakimiyyət orqanlarının sinəsinə döyərək, mətbuatın uğuru kimi qələmə verdikləri əslində bizə utanc gətirir. Kənardan baxanlar baş verənləri jurnalistika prinsiplərinə uyğun saymırlar. Mətbuat Şurasının qəbul etdiyi peşə etikası kodeksinə baxsanız, görərsiniz ki, bu işlərin çoxunu görmək olmaz. Bu cür hədiyyələrdə, yardımlarda iştirak, dövlət orqanları ilə yaxınlıq yaratmaq etika kodeksinə görə qadağandır.

“Mətbuat Şurasında mətbuatın problemlərinin həllini görmürəm”

– Mətbuat Şurasının yaradılması, jurnalistikanı narahat edən problemlərin həlli təşəbbüsləri ilə ilk olaraq çıxış edənlərdən olmusunuz. Bir müddət əvvəl Mətbuat Şurasının hesabat xarakterli qurultayı keçirildi. Bu toplantını nə dərəcədə uğurlu saymaq olar? Hazırda Mətbuat Şurasından kənarda durmağa çalışırsınız. Bunun səbəbi nədir?
– 2008-ci ildə bizim Mətbuat Şurası ilə yollarımız ayrılıb. Bunun nə üçün baş verdiyi də yaxşı məlumdur. Sadəcə olaraq Mətbuat Şurası uyğun məqamda faktiki olaraq özünü siyasi təşkilat kimi apardı. Bunu da biz jurnalistika prinsiplərinə uyğun hesab etmədik. Ikinci məqam ondan ibarətdir ki, Mətbuat Şurasının məhdud funksiyaları var. Bu təşkilat yalnız məhdud funksiyalar çərçivəsində qərarları müzakirəyə çıxara bilər. Mən Mətbuat Şurasında mətbuatın problemlərinin həllini görmədiyim üçün ona bir o qədər də diqqət yetirmirəm.

– Arif bəy, hakimiyyətin nəzarətində olan KIV-lərdə müxalif düşüncəli şəxslərə qarşı iyrənc kampaniyaya toxundunuz. Əgər bu kampaniya əvvəllər bir telekanallarda aparılırdısa, hazırda bu yolu müxtəlif qəzetlər, yeni yaranan internet saytları davam etdirir. Amma baş verənlərlə bağlı nə Mətbuat Şurası, nə də digər müvafiq qurumlar addımlar atır. Bunun səbəbi nədir?
– KIV-lərə yanaşma tərzində çox zaman siyasi motivlər böyük rol oynayır. Mən hakimiyyətlə media arasında problemlərə daha dözümlü yanaşıram, nəinki KIV-lər arasındakı qarşıdurmalara. Hər hansı KIV və siyasi qüvvəni dəstəkləyən mətbu orqanı oponentlərini tənqid də edə, hətta kəskin ifadələr də işlədə bilər. Bütün bunlar jurnalistika, ədəb prinsipləri çərçivəsində olmalıdır. Tutalım hər hansı bir jurnalistə qarşı tənqidin getməsi o qədər təhlükəli deyil. Amma hansı tərəfdə olmasından asılı olmayaraq, qanundan, etik normalardan kənar üsullardan istifadə edilməsi çox acınacaqlı bir şeydir. Öz ipi əlində olan jurnalist və onun çalışdığı KIV hes zaman bu addımı atmaz. Bunlar hamısı siyasi sifarişlərdir və o KIV-lərdə işləyən jurnalistlərin ixtiyarlarının öz əllərində olmamasının nəticəsidir.

“Milli Şuranın seçdiyi yol uğura gətirəcək”

– Milli Şura ilə bağlı son zamanlar iki maraqlı yazı ilə çıxış etmisiniz və baş verənlərə münasibətinizi  bildirmisiniz. Milli Şuranın Tiflisdə keçirilən müşavirəsini, orada verilən qərarları necə dəyərləndirərdiniz?
– Sizin dediyiniz yazılarda mən proseslər haqqında danışmışam. Konkret qərarlar hər bir qurumun daxilində gəldiyi nəticələrdir. Mən Milli Şurada gedən proseslərə ictimai maraqlar çərçivəsində yanaşmışam və onların cəmiyyət üçün xeyirli olmasını istəyirəm. Mən hakimiyyətdə gedən proseslərə də eyni istək, arzu ilə yanaşıram. Amma çox zaman görürəm ki, orada bizim sözümüzü dinləmək istəyənlər yoxdur. Orada hər bir tənqidi, təklifi düşmənçilik kimi qarşılayırlar. Amma demokratik düşərgə dialoqa, müzakirələrə qat-qat açıqdır. Ona görə prosesələrə ictimai baxımdan təsir etmək şansı var. Bütövlükdə indi Milli Şura ilə bağlı gedən prosesi müsbət tendensiya kimi qəbul edirəm. Düşünürəm ki, onların problemlərini həll etmək üçün seçdiyi üsullar uğura gətirib çıxaracaq.

– Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm Ibrahimbəyov iyulun 31-də vətənə dönəcəyini açıqlasa da, Rusiya vətəndaşlığı ilə bağlı məsələyə görə bu gəliş ertələndi. Rüstəm Ibrahimbəyovun qəbul etdiyi qərarı nə dərəcədə əsaslı sayırsınız?
– Bu mövqeyi tam əsaslı sayıram. Ola bilsin ki, həmin arqumentlərin cəmiyyətə çatdırılmasıyla bağlı fərqli fikirlərim ola bilərdi. Amma mən tamamilə bu fikirləri və gətirilən arqumentləri başa düşürəm. Təhlükənin real qiymətləndirildiyini və çıxarılan qərarın da bu təhlükəyə adevat olduğunu düşünürəm.

Hakimiyyət niyə təşviş içərisindədir?

– İlk dəfədir ki, Azərbaycanın demokratik qüvvələri bu cür geniş formatda bir araya gəliblər. 2013-cü il seçkiləri ərəfəsində hakimiyyətin əleyhinə işləyən daha bir faktor əhalidə ötən müddət ərzində narazılığın artmasıdır. Seçkiləri fərqli edən məqamlar sırasında sosial şəbəkələrin ictimai-siyasi proseslərə təsirini və hakimiyyətin beynəlxalq dəstəyini itirməsini də göstərmək olar. Bütün bu məqamlar nəzərə alınarsa qarşıdan gələn seçkilərə hansı qiyməti vermək olar?
– İndidən bir şey söyləmək çətindir. Çünki qanunvericilikdə və praktikada seçkilərin şəffaf keçirilməsi üçün lazım olan addımlar onsuz da atılmayıb. Bizim dediklərimizin hamısı hələlik keyfiyyət mərhələsindən keçməmiş kəmiyyət göstəriciləridir. Çox şey seçkilərin nə dərəcədə qanunlara və ədalət prinsiplərinə uyğun keçiriləcəyindən asılı olacaq. Eyni zamanda əhalinin davranışları seçkilərin nəticələri üçün başlıca faktor olacaq. Biz nə qədər desək də təbliğat üçün vaxt azdır. Bu belə deyil. Qarşıda hələ kifayət qədər vaxt var. Bu gün hələ seçkilərin necə keçəcəyi və faktiki olaraq hansı nəticənin real olacağını demək hələ tezdir. Ortada böyük iş, əmək sərf etmək üçün lazım olan mərhələ var.

– Hakimiyyət düşərgəsində baş verənlər də maraq doğurur. Hakimiyyətin rəsmi namizədi Ilham Əliyev olsa da, YAP sədrinin müavini Mehriban Əliyevanın da namizədliyi ilə bağlı fikirlər səsləndirilir. Azərbaycan kimi ölkələrdə bu cür hadisələrin təsadüfi olmadığı aydın məsələdir. Sizcə, müşahidə olunan tendensiyalar nəyin görsənişidir?
– İstənilən halda baş verənləri bir təsadüf və hakimiyyətin qarşısını almaq gücündə olmadığı proses saymaq olmaz. Bu  taktiki gedişlərdir. Bu gedişlərin hansı məqsədlə edildiyi isə başqa məsələdir. Ola bilsin ki, ikinci namizədin irəli sürülməsi şansı hələlik saxlanılır. Ola bilsin ki, bu taktiki gedişin məqsədi birinci namizədə seçici auditoriyasının bəzi əlavə qruplarını cəlb etmək cəhdidir. Bu hakimiyyətin nəzarətindən kənar, təsadüfi addım deyil.

– Hakimiyyət təmsilçiləri bildirirlər ki, seçkidə Ilham Əliyevin heç bir təbliğata ehtiyacı yoxdur. Amma bununla belə təbliğat aparırlar. Eyni zamanda aparılan təbliğatda bir təşviş də hiss olunur. Bu nədən xəbər verir?
– “Kampaniyaya ehtiyac yoxdur” ifadəsi düzgün deyil. Kampaniya aparılacaq. Bu sinəyə qürurla döyməyə bənzəyir. Hətta böyük üstünlüyə malik olan namizədlərin belə kampaniyası aparılmalıdır. Bunun müqabilində nə baş verə biləcəyini bir dəfə Etibar Məmmədov sübut edib.

Xəyal