ASC-nin əcnəbi baş direktoru xanım işçisinə «göz verib, işıq vermir»
Raul Valdburger Ülviyyə Xeyrullazədəni əsəb xəstəsinə çevirib
“Qaradağ Sement” ASC-nin işçisi Ülviyyə Xeyrullazadə şirkətin rəhbərliyi tərəfindən haqsızlığa məruz qalıb. Bu barədə “Azadlıq”a məlumat Insan Hüquqları üzrə Maarifləndirmə Ictimai Birliyindən daxil olub. Məlumatda bildirilir ki, birliyə müraciət edən Ülviyyə Xeyrullazadə əmək funksiyalarının əlindən alınması və iş yerində rastlaşdığı ayrı-seçkilik hallarından, bir sözlə, hüquqlarının kobud şəkildə pozulmasından şikayətçidir.
Əcnəbi baş direktor hamilə qadını soyuq otaqda oturmağa məcbur edib
Ülviyyə Xeyrullazadə “Qaradağ Sement” ASC-də 2006-cı ildən çalışır. O, müsabiqə yolu ilə təminat şöbəsinə layihələr üzrə kiçik menecer vəzifəsinə seçilib. 2007-ci ildə şirkətin rəhbərliyi onu biznesin inkişafı üzrə şöbə mütəxəssisi vəzifəsinə təyin edib. Işinin öhdəsindən yaxşı gəldiyi üçün 2008-ci ildə “Qaradağ Sement” ASC-nin baş direktoru Horia Adrianın köməkçisi vəzifəsinə təyin edilib. Iki ali – filologiya və iqtisadi təhsili var. Müxtəlif beynəlxalq ixtisas artırma təhsil proqramlarında iştirak edib. Şirkət tərəfindən müxtəlif sertifikatlar alıb.
2010-cu ilin noyabr ayında ASC-nin rəhbərliyi dəyişib və Isveçrə vətəndaşı Raul Valdburger şirkətin baş direktoru olub. Raul Valdburger yeni vəzifədə ilk işə şirkətdə işçilərin ixtisarı ilə başlayıb. Ixtisardan sonra baş direktorun göstərişi ilə Ülviyyə Xeyrullazadəyə inzibati şöbəyə müdirlik tapşırılıb. O, eyni zamanda həm baş direktorun köməkçisi vəzifəsini yerinə yetirib, həm də dörd nəfərdən ibarət inzibati şöbəyə rəhbərlik edib. Ilk zamanlar Raul Valdburger Ülviyyə xanımın məsləhətlərindən çox yararlanıb, onunla hesablaşıb. Lakin 2011-ci ilin sentyabr ayında Ülviyyə Xeyrullazadə şirkətin əməkdaşı ilə ailə həyatı qurduqdan sonra biş direktorun ona qarşı münasibəti dəyişib. O, əcnəbi direktorun müxtəlif formalı təzyiqlərinə məruz qalıb. Direktor kadrlar şöbəsinin müdiri ilə birləşərək onu işçilər arasında gözdən salmağa çalışıb. Qadın hamilə olduğu dövrdə rəhbərliyin kobud münasibətilə qarşılaşıb. Direktor qadını hamilə olduğu dövrdə soyuq dəhlizdə oturmağa məcbur edib. Yalnız Ülviyyə xanımın etirazından sonra ona otaqda oturmağa razılıq verib. Ülviyyə xanım işlərini təhvil verib analıq məzuniyyətinə çıxmaq üçün direktorla görüşmək istəyəndə direktor onu qəbul etməyib. Sonda Ülviyyə Xeyrullazadə işlərini heç kimə təhvil vermədən sentyabr ayına qədər analıq məzuniyyətinə (bu haqda əvvəlcədən məlumat verərək) çıxıb. 2012-ci ilin may ayından sentyabr ayınadək ödənişli sosial məzuniyyətdə olub.
2012-ci ilin oktyabrın 1-də işə qayıdıb işə çıxarkən kadrlar şöbəsinin müdiri ona vəzifə səlahiyyətlərinin ayrı-ayrı şöbələr arasında bölüşdürüldüyünü bildirib. Direktorla görüşdə isə ona analıq məzuniyyətindən tez qayıdacağını bilmədiklərini deyib.
Beləcə, Ülviyyə Xeyrullazadənin əmək haqqı saxlanılsa da, əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyaları (xatırladaq ki, əmək müqaviləsində onun vəzifəsi baş direktorun inzibati köməkçisi olaraq göstərilib) əlindən alınıb.
“Ailə qurandan sonra mənə qarşı münasibəti dəyişdi”
“Azadlıq” məlumatla bağlı Ülviyyə Xeyrullazadənin özü ilə əlaqə saxlayıb. O, bəzi təfərrüatları da diqqətə çatdırıb. Ülviyyə Xeyrullazadə deyib ki, işə çıxdıqdan sonra direktor ona deyib ki, artıq köməkçi vəzifəsi lazım deyil: “Onun mənə qarşı münasibəti niyə dəyişib bilmirəm. Yalnız onu deyə bilərəm ki, ailə qurmamışdan əvvəl mənə xoş münasibət göstərirdi. Ailə qurandan sonra isə mənə qarşı münasibəti dəyişdi. Analıq məzuniyyətindən qayıtdıqdan sonra o, mənə ofis menecerinin köməkçisi vəzifəsini təklif və iş yerimi Qaradağ rayonunun Sahil qəsəbəsinə dəyişdirdi. Analıq məzuniyyətindən öncə iş yerim baş ofisdə, şəhərin mərkəzindəki Çıraq Plaza otelində yerləşib. Hazırda baş ofis Xətai rayonunda yerləşən Babək Plazada fəaliyyət göstərir. Lakin mənə buna etiraz etdim. Etirazımın obyektiv səbəbləri var idi. Mən körpə uşaq anasıyam. Hər gün Qaradağ rayonunun Sahil qəsəbəsinə gedib-gəlməyim mümkünsüzdür. Yeri gəlmişkən, Əmək Məcəlləsinin 244-cü maddəsinə əsasən, yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır. Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.
Amma baş direktoru Azərbaycan qanunvericiliyini nəzərə almaq istəmir. Bu azmış kimi o, mənim analıq məzuniyyətində olduğumu əsas gətirərək məni illik mükafatdan da məhrum edib”.
“Könüllü şəkildə işdən çıxmağım üçün hər cür haqsızlıq edirlər”
Ülviyyə Xerullazadə bildirib ki, rəhbərlik bu yolla onun könüllü şəkildə işdən çıxmasını istəyir: “Hər cür haqsızlıq edir ki, mən ərizə yazıb işdən çıxım. Təsəvvür edin, 2 dəqiqə gecikdiyim üçün mənə qarşı kobudluqla xəbərdarlıq edib. Halbuki özü də yaxşı bilir ki, bu gecikmə mənim təqsirim deyil. Sadəcə sistemin səhvi olub. Bundan sonra isə mənə Qaradağ rayonundakı zavodun ərazisində yeni yaradılmış Sement Muzeyində təmizlik işlərinə baxmaq və dəftərxana ləvazimatları ilə təmin etmək vəzifəsi təklif etdi. Bu məni aşağılamaq demək idi. 8 il çalışdığım şirkətdə hər zaman bacarıqlı işçi kimi tanınmışam və iki ali təhsilim var. Mənə bu cür vəzifənin təklif edilməsi təhqir olunmağımdan başqa bir şey deyil.
Onu mənə qarşı bu münasibəti əsəb sarsıntısı keçirməyimə səbəb olub. Dəfələrlə həkimə müraciət etmişəm. Baş verənlər həyat yoldaşımın da əsəb sarsıntısı keçirməsinə və tibbi müalicə almasına səbəb olub”.
Ülviyyə Xeyrullazadə şikayətinin qanuni yollarla həllinə nail olmaq üçün baş direktorun qanunsuz əməllərindən Qaradağ rayon Məhkəməsinə müraciət edib. May ayında qəul edilmiş məhkəmə qətnaməsi Holcim ASC-yə dərhal təqdim edilib lakin iddiaçı olan Xeyrullazadəyə indiyədək göndərilməyib .
Məhkəmə baxışı zamanı iddiaçının şahidlərin dindirilməsi ilə bağlı vəsatətləri təmin edilməyib və qərəzli məhkəmə prosesi aparılıb.
Şikayətçi bildirib ki, artıq həyat yoldaşına da təzyiqlər başlayıb: “Onu da işdən çıxarmaq istəyirlər. Amma buna baxmayaraq mən hüquqlarım uğrunda sona qədər mübarizə aparacağam”.
Ülviyyə Xeyrullazədənin dedikləri ilə bağlı “Qaradağ Sement”dən mövqe öyrənmək mümkün olmayıb.
Mövzunu diqqətdə saxlayacağıq.
Seyid


