Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və Readmissiya Sazişi layihələri paraflanıb
Azərbaycanla Avropa Birliyi arasında viza rəsmiləşdirilməsinin sadələşdirilməsi və Readmissiya Sazişi layihələri ölkəmizin Avropa Birliyindəki nümayəndəliyinin rəhbəri Fuad Isgəndərov və Avropa Komissiyasının Daxili Siyasət üzrə baş direktoru Stefano Manservisi tərəfindən paraflanıb.
Xarici Işlər Nazirliyinin mətbuat xidmətindənÿAPA-ya verilən məlumata görə, bu paraflanmadan sonra Saziş layihələrinin noyabrda “Şərq Tərəfdaşlığı” ölkələrinin Vilnüs Sammiti çərçivəsində imzalanması nəzərdə tutulur.
Viza rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş Azərbaycan vətəndaşlarının Avropaya asanlaşdırılmış qaydalarla səfərlərinə geniş imkanlar açır. Xüsusilə elm adamları, təhsil məqsədilə səfər edən tələbələrimiz, müalicə məqsədilə Avropa ölkələrinə səfər etmək zərurəti duyan vətəndaşlarımız, dövlət və hökumət əhəmiyyətli səfərlər, eyni zamanda, idman, mədəniyyət və humanitar tədbirlərdə iştirak etmək məqsədilə səfər edən şəxslər bu sazişin müddəalarından irəli gələn sadələşdirilmiş üsulla viza almaq imkanı əldə edəcəklər.
Viza rəsmiləşdirilməsinin sadələşdirilməsi Sazişinin imzalanmasının digər bir üstünlüyü isə vizanın əldə edilməsi üçün tələb olunan sənədlərin sayının əsaslı şəkildə azaldılması, viza rüsumlarının qarşılıqlı şəkildə iki dəfə azaldılması, uzunmüddətli və çoxdəfəli vizaların əldə edilməsi imkanıdır. Eyni zamanda, xaricdə yaşayan ailə üzvlərini ziyarət etmək məqsədilə Avropaya səfər edən vətəndaşlarımız bu Sazişin yaradacağı güzəştlərdən faydalana biləcəklər.


