![]()
Kitabxanamda oxunmamış maraqlı kitab yox idi. Gözümə “Janna Dark” kitabı sataşdı. Zamanın ab-havasındanmı, nədənsə kitabı ikinci dəfə oxumaq qərarına gəldim. Oxuyan oxucu bilir ki, kitab məhkəmə səhnələri ilə bitir. Oxuduqca xəyalımda son illərin şahidi olduğum siyasi məhkəmə prosesləri və ondan sonra baş verənlər canlandı.
Əslində ilk baxışda absurd görünən müqayisə maraqlı idi. Aradan altı yüz ilə yaxın bir zaman keçsə də, elə bil heç nə dəyişməmişdi. Kimin konstitusiyasında, qanunlarında nə yazılmasından asılı olmayaraq hakimiyyətlərin qanunları hər zaman hökmündədi. Bir də ki, adam faktoru. Nə qədər ki, hakimiyyət var, nə qədər ki, insanlar əqidə adlı nemətə şəxsi qazanc, karyera, tapındıqları dəyərlər baxımından yanaşacaqlar, əqidə nemət olaraq qalacaq – nemət isə təkcə mənəvi anlam daşımır…
Qayıdaq məhkəmələrə.
Uzaq, çox uzaq XV əsr. Fransanı işğal etmiş ingilislərə yaltaqlanaraq daha böyük vəzifə – baş keşiş vəzifəsi uman yepiskop Koşon Fransanın azadlığı və istiqlaliyyəti uğrunda təmənnasız çarpışan Janna Darka qarşı cadugərlik ittihamı irəli sürmüşdü. Bir ildən artıq davam edən inkvizisiya “istintaqı”ndan sonra “nümunəvi mühakimə” başlayırdı. Məhkəmə heyətinə 100-ə yaxın ədalət mühakiməsi törədicisi – kardinal, iki gələcək kardinal, bir neçə yepiskop, 10 rahib, 32 ilahiyyat doktoru, 17 bakalavr, 7 hüquq doktoru, bir neçə alim və alim olmayan şəxslər daxil idi. “Nümunəvi mühakimə”də bütövlükdə 300 nəfərə yaxın şəxs iştirak edirdi. Onlardan cəmi 2 nəfərin hakim statusu vardı – Koşon və Fransanın böyük inkvizitoru kimi özəl sanksiya almış Normandiya inkvizitoru Jak Lemetr. Tələb olunan nəticəni əldə etmək üçün Koşon dostu Jan Estiveni ittihamçı, Ruan keşişi Jan de Lafonteni isə müstəntiq təyin etmişdi. Qalan əksəriyyətin iştirakı formal idi; onlar istintaqda passiv iştirak edir, tövsiyələr verirdilər.
Paris Universiteti tribunalın işində yaxından və çox fəal iştirak edirdi.
300 nəfərlik “nümunəvi mühakimə” tribunalının 290 nəfəri fransız idi və işğalçı ingilislər onların canfəşanlığını fransız kəndlilərindən toplanan talançı vergi hesabına ödəyirdilər.
“Nümunəvi mühakimə” qarşısında cəmi iki maneə qalırdı. Kilsə qanunlarına görə, yalnız öz inzibati ərazisi daxilində məhkəmə işi qaldırmaq və ona rəhbərlik etmək səlahiyyəti olan yepiskop Bove Ruanda keçiriləcək məhkəməyə rəhbərlik edə bilməzdi. Ruan ruhaniləri isə onu təyin etməkdən imtina edirdi. Məsələ çox sadə şəkildə həll edildi – Ruan yeparxiya ərazisi müvəqqəti olaraq yepiskopa verildi.
Ikinci maneəni aradan götürmək bir qədər çətin idi. Ittiham üçün heç bir gerçək material yox idi. Doğrudur, “müqəddəs atalar” bundan da az “dəlillərlə” çox-çox “cadugər” və kafiri tonqalda yandırmışdılar, ancaq bu, başqa bir hadisə idi – “nümunəvi mühakimə” qüsursuz ittiham tələb edirdi. Buna baxmayaraq, “müqəddəs atalar” özlərinə o qədər də əziyyət vermədilər: inkvizisiya prosesində müqəssir ehtimal şəklində günahlandırıldığından hakimlər onun təqsirini sübuta yetirməyə borclu deyildilər; qız özü təqsirsizliyini sübut etməli idi. Təcrübəli ekspertlər, güclü hüquqçular, bəlağətli ittihamçılar qarşısında savadsız qızın müdafiə potensialı ancaq dəsmal çıxarıb ağlamağa əsas verirdi.
Dar ağacının altında da davam edən nəfəs kəsən təzyiqlər altında qız dözmədi. O, hiyləgər keşişlərə qarşı onların öz üsulu ilə davranmağı qərara aldı – tövbə etdiyini təsdiqləyən sənədi imzalamaq istədiyini bildirdi. Ittihamın boşa çıxdığını, sifarişin icrasının təhlükə altında olduğunu görən keşişlərin işarəsi ilə katib qıza başqa sənədlər uzatdı. Savadsız qızın sənədi imzalaması isə onu xilas edə bilmədi. Koşon qabaqcadan hazırladığı ikinci sənədi əbasının altından çıxararaq hökmünü oxudu.
Tonqal artıq qalanmışdı…
Illərin və hadisələrin dumanı çəkiləndə tarixin aydınlığı başlanır. Kasıb kəndli qızı Jannanı indi hətta ingilislər də mübarizlik və ləyaqət simvolu sayırlar. Bu haqqı qazanmaq isə hər kişinin işi deyil!
***
XXI əsr təzə başlayırdı. 2007-ci il idi. Hakim ailənin qəzəbinə tuş gəlmiş jurnalist demokratik, dünyəvi, hüquq dövlətinin ədalət mühakiməsi qarşısında dayanmışdı. Yox, onu küfrdə ittiham etmirdilər. Bu, artıq dəb deyildi. Heç buna haqqı olanların özləri də küfrdən uzaq deyildilər, üstəlik, onların gücü indi ancaq beş ildən bir hökmdara and içdirməyə çatırdı. Bu andın isə arxasında heç nə dayanmırdı – onu pozmaq Konstitusiyanı pozmaqdan da asandır, çünki indi ataların müqəddəsliyi cəzaların gerçəkliyi qədərdir. Üstəlik, çoxdan “Ana Yasanın öldürülmüş səhifələrini Prezident Administrasiyasının sanitar qovşağının boruları ilə Xəzər dənizinə axıtmışdılar”. ÿ
Peşəkar müdafiə, cəsarətli və dəmir məntiqli çıxışları və replikaları ilə hamıda rəğbət doğuran “cinayətkar” qarşısında aciz qalmış hakim və prokurora bəzən hətta adamın yazığı gəlirdi. Şahidi, prokuroru, hakimi müstəqil olmamaqda ittiham edən müttəhimə prokurorun və hakimin cavabı hətta ittihamçı-jurnalisti də şaşırdırdı – “Müstəqillik insanın içində olmalıdır”. Bu sözlərin müəlliflərinin içindən dəqiq xəbərdar olan müttəhimin dodaqlarındakı sarkazmın dilə gətirilməsinə ehtiyac yox idi… ÿ
Iyirmi iki antitezis təkcə ittiham tezislərini deyil, həm də miskin məhkəmə sistemini, insan haqlarına nifrət edən hakimiyyəti də darmadağın edirdi. Virtual da olsa…
“Mənə lap yüz il iş verin, ancaq heç olmasa suallarıma cavab verin, mühakimə edin heç olmasa…” Bu, hüquq dövləti adına inkvizisiya qurmuş hakimiyyətin ifşası və hökmü idi.
Və daha bir neçə antitezis.
“Böyük rəğbət bəslədiyim S.Stoyanla sağollaşanda o, mənə sarı çevrilib qəflətən soruşdu: ”Həbsdən çıxsan nə edəcəksən?”. Gülümsəyib əminliklə cavab verdim: “Yeni həbsə hazırlaşacam. Qeyri-azad ölkədə insan azad ola bilərmi?”.
Sonradan puç olacaq əminlik və ritorika. Sən demə, azad olmaq mümkün imiş…
Yenə də antitezis.
“Bir şotland tələbə mənə məktub yazmışdı ki, mən jurnalist olmaq istəyirəm, Sizə görə. Ona yazdım ki, Şotlandiyada bir ağac var. Deməli, bu ağac hansı külək, tufan olsun, əyilmir, sınır. Bu da şotland xalqının xarakterini göstərir. Biz jurnalistlər də gərək sınaq, əyilməyək”.
Sınaq, ancaq əyilməyək. Rəhmətlik Əlağa Kürçaylının “Kür üstündə tək ağac” adlı bir şeiri var: “Tənhalaşan ağacların qəfil sınmaq qorxusu var…”. Sınan, ancaq əyilməyən ağaclar Azərbaycanda da var. Amma onların baxışı bir qədər fərqlidi – “sınaq, əyilməyək” yox, sınsaq (sındırılsaq) belə əyilməyək.
Gertsen yazırdı: “Ziyalılar xalqın ağrısının ifaçısıdır”. Işə yarayan fikirdi. Amma bu, bütün ziyalılara aid deyil. Ifaçı ifa etdiyi əsəri yaşamalıdı. Yaşamırsa, bu artıq ifa deyil, oxudulan mahnıdı. Haqqı ödənilmiş, heç kəsin dinləmədiyi mahnı.
Son, 22-ci antitezis: “Prezidentin köməkçisi var – Əli Əsədov. Müəllimim olub. Xətrini çox istəyirəm insan kimi, müəllim kimi. Mən yüz faiz əminəm ki, mənim həbsim ona çox pis təsir edib. Amma bu o demək deyil ki, biz hökumətə işləmişik”.
Səhv etmirəmsə, söhbət “yaparteid rejimi”nin prezidentinin köməkçisindən gedir. Onda içək neftin sağlığına.
Müqəddəs kitablarda “Bağışlanmazdır” fəlsəfəsi yoxdur. Amma buna iddia edənlər var. Onları inkar edən, onlara hökm oxuyub sonradan bəraət hökmü çıxaranlar da var. Ancaq bəraət verilmir, qazanılır. Özü də pulla, sərvətlə yox, tapdanmış haqqın təmənnasız qaytarılması ilə.
“Strasburq məhkəməsinin çıxardığı bəraət qərarından sonra mənim bağışlanmağa ehtiyacım yoxdur”. Bu fikir də “Bağışlanmazdır” hökmü qədər absurddur – bağışlanmağa ehtiyacı olmayan insan yoxdur.
Varsa, deməli, bağışlanmaz insan da var.
Ənnağı Hacıbəyli


