İbrahimbəyovun gözləmək qərarı doğrudur

Vidadi Mirkamal: «Hüquqa hörmət edilməyən ölkədə hüquqi müstəvidə mübarizə aparmaq çətindir»

Rəşid Hacılı: «Bakıya gəlsə, onu xeyli maneələr gözləyə bilər. Ancaq yaxın günlərdə Bakıya gəlməlidir»

 Demokratik Qüvvələrin Milli Şurasının sədri, prezidentliyə namizəd Rüstəm Ibrahimbəyovun Bakıya iyulun 31-nə planlaşdırılan gəlişinin təxirə salınması şübhəsiz ki, rəsmi mətbuat və hakimiyyət təmsilçiləri tərəfindən müxalifətə qarşı istifadə olunacaq.

Baxmayaraq ki, R.Ibrahimbəyovun gəlişinin təxirə salınmasının səbəbkarı də məhz hakimiyyətdir. Daha doğrusu, hakimiyyətin Milli Şuranın vahdi namizədinin qarşısında yaratmaq istədiyi əngəllər. Rusiya vətəndaşlığından imtina prosesində Ibrahimbəyovun özünün də iştirakının vacib olmasını bilən hakimiyyət onu ölkəyə buraxıb daha sonra Azərbaycandan çıxmasına problem yarada bilər. Bu da Ibrahimbəyovun namizəd kimi qeydə alınmasına problem yarada bilər. Hakimiyyətin bu tip addımları artıq heç kimi təəccübləndirməz. AXCP sədri Əli Kərimlinin pasport almasına yaranan əngəllər də bu qəbildən olan addımdır. 

Milli Şura üzvləri də hakimiyyətin R.Ibrahimbəyov üçün süni maneələr yarada biləcəyini istisna etmir.

Qurumun üzvü Vidadi Mirkamal hüquqa hörmət edilməyən ölkə olan Azərbaycanda hüquqi müstəvidə mübarizə aparmağın çətin olduğunu deyir. Uzun illərdir müxalifətə münasibətdə hüquqa zidd olan hərəkətlər davam edir. Bu mənada Ibrahimbəyovun gətirdiyi arqumentlər tamamilə doğrudur. Amma bununla belə Tbilisi səfəri zamanı bu məsələlər müzakirə ediləcək.

Qurumun digər üzvü Rəşid Hacılı hakimiyyətin istənilən maneə yarada biləcəyini istisna etmir. Ibrahimbəyov həbs oluna, onun ölkədən kənara çıxması ilə bağlı ciddi problemlər yaradıla bilər: “Müəyyən bəhanələrlə xarici pasportu əlindən alına bilər. Necə ki, Əli Kərimli uzun illərdir xarici pasportdan məhrum edilib. Rüstəm Ibrahimbəyov bildirib ki, Rusiyada vətəndaşlığından imtina prosesində özü də iştirak etməlidir. Bakıya gəlsə, onu xeyli maneələr gözləyə bilər. Ancaq yaxın günlərdə Bakıya gəlməlidir”.

Fizzə